Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1771/2021 08.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(077)-43/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddianın qismən təmin edilməsi, “xxxx” MMC-nin xeyrinə Cavabdeh 05.11.2017-ci il tarixli müqavilə üzrə 79 (yetmiş doqquz) manat əsas borc, 20 (iyirmi) manat dəbbə borcu, 26.12.2017-ci il tarixli müqavilə üzrə 378 (üç yüz yetmiş səkkiz) manat əsas borc, 50 (əlli) manat dəbbə borcu, 04.01.2018-ci il tarixli müqavilə üzrə 156 (yüz əlli) manat əsas borc, 40 (qırx) manat dəbbə borcu, 01.05.2018-ci il tarixli müqavilə üzrə 593 (beş yüz doxsan üç) manat əsas borc, 58 (əlli səkkiz) manat dəbbə borcu, 03.05.2018-ci il tarixli müqavilə üzrə 624 (altı yüz iyirmi dörd) əsas borc olmaqla ümumilikdə 1998 (min doqquz yüz doxsan səkkiz) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şuşa rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) Şuşa rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(077)-43/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsinə dair vəsatətinin təmin edilməməsi və verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Şuşa rayon məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.11.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41803 Samsung J 320 markalı telefon üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə və cəmi 103 (yüz üç) manat borcun, 26.12.2017-ci il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə və cəmi 491 (dörd yüz doxsan bir) manat borcun, 04.01.2018-ci il tarixli müqaviləyə əsasən Hansa markalı paltaryuyan üçün 156 (yüz əlli) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat dəbbə və cəmi 203 (iki yüz üç) manat borcun, 01.05.2018-ci il tarixli müqaviləyə əsasən Asus markalı komputer üçün 593 (beş yüz doxsan üç) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə və 701 (yeddi yüz bir) manat borcun, 03.05.2018-ci il tarixli müqaviləyə əsasən kreslo İnter Casablanca, divan İnter Casablanca, Flora jurnal masa mebel dəsti üçün 624 (altı yüz iyirmi dörd) ödənilməmiş borcun, ümumilikdə 2122 (iki min yüz iyirmi iki) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Şuşa rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Qətnamə çıxarılarkən xəbəri olmamış, müddətin bərpası barədə vəsatət versə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin edilməmiş, şikayəti geri qaytarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şuşa rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli və onunla bağlı 09 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Şuşa rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair dəlilini əsaslı hesab etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, məhkəmə aktı 21 fevral 2020-ci il tarixdə tərəflərə, 07 aprel 2020-ci il tarixdə isə icra olunması üçün Şuşa rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh 02 fevral 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd etmək lazımdır ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Göründüyü kimi qətnamənin surəti tərəflərə 21.02.2020-ci il tarixdə göndərilsə də, qətnamənin Cavabdeh tərəfindən deyil, Sadıxov Hümbət adlı şəxs tərəfindən alınmasına birinci instansiya məhkəməsi əhəmiyyət verməmiş, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qənaətinə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə aktının Cavabdeh tərəfindən hansı vaxtdan alınmasını dəqiqləşdirmək üçün göndərilmiş qətnamənin sonuncunun alıb-almaması Hümbət adlı şəxsin ünvan sahibi Cavabdeh münasibətini və qətnamənin sonuncuya çatdırılmamasının səbəbləri aydınlaşdırılmalıdır. Bununla yanaşı cavabdehin 22.04.2020-ci il tarixdə tanış olub, lakin icradan boyun qaçıraraq əsassız vaxt əldə etmək üçün qətnamədən şikayət verməsi barədə məhkəmənin qənaətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin 74-cü səhifəsindəki bildirişdən görünür ki, cavabdehə qətnamə deyil, qərar və bildiriş təqdim edilmişdir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar aydınlaşdırılmadan Cavabdeh tərəfindən Şuşa rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı müddətin bərpa edilməməsi qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Şuşa rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli və onunla bağlı 09 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şuşa rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Şuşa rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli və onunla bağlı 09 aprel 2021-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Şuşa rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1771/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1771/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver