Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1772/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(077)-17/2021 saylı qətnaməsindən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən «İddiaçı» İB-yə vurulmuş 5561,50 manat məbləğində zərər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5591,50 pulun cavabdehdən tutuaraq «İddiaçı» İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(077)-17/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim A.Həsənov) İddiaçı “İddiaçı” İB qətnamədən apelyasiya şikayəti vermişdir. Onun apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları baş vermiş və bu hallar aktlaşdırılmışdır. Qanunsuz əsaslarla istehlak edilmiş qazın dəyəri 5561,50 manat təşkil edir və həmin məbləğ ödənilməlidir. Bu xüsusda məhkəmə heç bir araşdırma aparmamış, borc barədə ekspertiza təyin etməmiş, abonent bazasında borcu yazan texnik və operatorları şahid kimi məhkəmə iclasına çağırmamış, yerində baxış keçirməmiş və qeyriobyektiv qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə etiraz edib, onun qeyri-mümkün hesab edilməsini xahiş etdi. İş üzrə iddiaçı “İddiaçı” İB məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda üzrə iddia ərizələri üzrə 30 manat dövlət rüsumu tutulur. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı “İddiaçı” İB hazırkı iddia ərizəsini verərkən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, həmin qurum apelyasiya şikayəti verdikdə 15 manat dövlət rüsumunu ödəsə də, bu ödənişin təyinatı üzrə ödənildiyi iş materiallarından görünmür. Belə ki, ********* saylı mədaxil qəbzindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hesabına “İddiaçı” İB tərəfindən 13 yanvar 2021-ci il tarixdə 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir, halbuki həmin tarixdə birinci instansiya məhkəməsinin qətnaməsi heç mövcud deyildi. Başqa sözlə, qeyd olunan ödənişin hazırki iş üzrə apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul etmək olmaz. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şuşa Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(077)-17/2021 saylı qətnaməsindən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi “İddiaçı” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilib-edilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apelyasiyanın qeyrimümkün hesab edilməsindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(077)-17/2021 saylı qətnaməsindən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1772/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1772/2021
07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver