Məhkəmə qərarları › İş №2(105)-1772/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1772/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1772/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə haqlarının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(060)-5088/2022 saylı qərardadından cavabdeh Hüseynova (Ergül) Aygül Nazim qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 may 2016-cı il tarixli icarə müqaviləsinə əsasən 01 iyun 2018-ci il tarixdən 10 may 2020-ci tarixədək dövr üzrə icarə haqları borcu olan 3500 manat məbləğ, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 55 manat olmaqla, cəmi 3555 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5088/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən 3500 manat məbləğində borc və ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun cavabdeh Hüseynova (Ergül) Aygül Nazim qızından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). xx.xx.2023-cü il tarixində cavabdeh X2 qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddəti ötürmüşdür. Belə ki, həmin vaxt o hamilə idi və hamiləliyi ağır keçirdi. Cavabdehin Sahra adlı uşağı 02 fevral 2023-cü il tarixində doğulmuşdur. Uşaq indi 5 aylıqdır. Cavabdeh məhkəmə prosesinin yekunlaşdığını bilməmiş, məhkəmə qətnaməsini almamışdır. O bu barədə öyrənəndə Sumqayıt Şəhər Məhkəməsinə getmiş, ərizə yazaraq qətnaməni 15 iyun 2023-cü il tarixində əldə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(060)-5088/2022 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5088/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında cavabdeh X2 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X4 şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(060)-5088/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad çıxararkən hüquq normalarını qeyri humanist və ədalətsiz formada tətbiq edib. Belə ki mübahisəli işə baxılarkən hamilə idi və hamiləliyi ağır keçirdi. Sahra adlı uşağı 2 fevral 2023-cü il tarixində doğuldu, indi 5 aylıqdı. Məhkəmə isə bunu üzürlü hal kimi nəzərə almır k, o vəziyyətdə necə məhkəmədə iştirak edə bilərdi. Həm də ki, məhkəmə prosesinin yekunlaşdığını bilmirdi, məhkəmə qətnaməsini almamışdı, qətnamə ona göndərilməyib. Bu barədə öyrənəndə Sumqayıt Şəhər Məhkəməsinə getmiş və qətnaməni almaq üçün ərizə vermişdir. Məhkəmə bunları nəzərə almayıb. Üzürlü səbəbdən şikayət verilməsi gecikdirmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli qərardadı ləğv olunasını, apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2448/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5088/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixində cavabdehin qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmiş, lakin cavabdehə çatdırılmayaraq geri qaytarılmışdır. Qətnamə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində məhkəmədən rəsmi qaydada alınmış və qətnamədən apellyasiya şikayəti verilməsi müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. Apellyasiya şikayəti və prosessual müddətin bərpası haqqında ərizə isə məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Ərizəyə prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh bunu fevral ayında uşaq dünyaya gətirməsi və uşağın xəstəliyi ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, həmin halları təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin fevral ayında uşaq dünyaya gətirməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzrlü səbəbdən buraxıldığını təsdiq edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5088/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixində cavabdehin qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmiş, lakin cavabdehə çatdırılmayaraq geri qaytarılmış, cavabdeh qətnaməni xx.xx.2023-cü il tarixində məhkəmədən rəsmi qaydada alınmışdır. Bununla da qətnamədən apellyasiya şikayəti vermə müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayəti və prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək fevral ayında uşaq dünyaya gətirməsi və uşağın xəstəliyi ilə əlaqədar apellyasiya şikayəti vermə müddətini ötürməsini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini bildirilsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmiş, müddətin üzürlü səbəbdən ötürülməsi əsaslandırılmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, qətnamə üzrə xx.xx.2022-ci il tarixldə icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 289007/22/14 nömrəli bildirişdən (i.v. 94) görünür ki, X1 icraata başlamaq haqqında qərar və bildirişlə tanış olması barədə xx.xx.2022-ci il tarixdə qeyd imzalamışdı. Bununla da müəyyən edilir ki, qətnamə üzrə icra vərəqəsinin verilməsi, eləcə də icraata başlamaq haqqında qərar və bildiriş barədə cavabdehin məlumatı xx.xx.2022-ci il tarixdən olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsini xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə alsa da, bir daha qətnamədən 1 aylıq müddəti də ötürməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamədən xx.xx.2022-ci il tarixdə məlumatlı olmasına baxmayaraq fevral ayında uşaq dünyaya gətirməsi və uşağın xəstəliyi ilə əlaqədar müddəti ötürməsi ağlabatan hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəni təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(060)-5088/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Hüseynova (Ergül) Aygül Nazim qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar