Məhkəmə qərarları › İş №2(105)-1778/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1778/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1778/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), İlqar Kamal oğlu Dəmirov və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(060)- 1268/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2014-cü il tarixli, 2(060)-5316/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 103 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından doğulmuş 21 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 iyul 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından 21 sentyabr 2012-ci il tarixdə Nurlan adlı bir nəfər uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X1 onun himayəsində saxlanmaqla onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 50 manat maddi yardımın onun xeyrinə tutulmsı qət edilmişdir. Hazırda o, 103 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir, cavabdeh isə ona əlavə olaraq heç bir maddi köməklik etmir. Oğlunun tələbatı günü-gündən artır, maddi imkanı çətinləşmişdir. Cavabdehin gəliri yüksəkdir, övladı artıq böyümüş və onun xərcləri artmışdır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən 23 noyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 443221 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli, 2(060)-5316/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilib, Cavabdeh və X6 arasında 08 iyul 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, X5 və X2 birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 anası X2 himayəsində saxlanması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 (bir yüz üç) manat sabit pul məbləğində alimentin və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat məbləğində maddi yardımın tutularaq X3 ödənilməsi qət olunmuşdur. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 23 oktyabr 2014-cü il tarixdə verilmiş AZ-İ 203344 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X6 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 432 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(060)-1268/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli, 2(060)-5316/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 103 manat sabit pul məbləğində alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(060)-1268/2022 nömrəli qətnaməsinin dəyişdirilib, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 110 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Aylıq gəliri çox azdır, təsadüfi qazancla dolanır. Hər ay iddiaçıya 110 manat aliment ödəyə bilər, ondan artığını ödəyə bilməyəcəkdir. İkinci dəfə ailə qurmuş və həmin nikahdan 2015-ci ildə Elmir və 2017-cin ildə Zəhra adlı iki nəfər uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsi sadalanan halları nəzərə almamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1 və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1ci maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları və uşaq böyüdükcə saxlanması üçün çəkilməli olan xərclərin həcmi artmışdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (103 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iştirakının təmin edilmədiyi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası nəzərə alır ki, iş materiallarında cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olması barədə poçt bildirişini şəxsən alması barədə qəbz mövcuddur. Bu hal da formal xarakter daşımaqla qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tələb 21 sentyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş 103 manat sabit pul məbləğində alimentin artırılıb 193 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq – 90 manat, həmin məbləğin bir il ərzində məcmusu isə (90 X 12 ay) 1080 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Ona görə də hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(060)-1268/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar