Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-178/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı Ləğv prosesində olan “DəmirBankASC-nin nümayəndəsi Əliyeva Səadət Yusif qızı, Cavabdeh1 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(029)-464/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(029)-464/2021 saylı qətnaməsi ilə (hakim A.Y.Vəliyev) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu olmaqla, ümumilikdə 1900.84 (bir min doqquz yüz ABŞ dolları səksən dörd sent) ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(029)-464/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu, 3386.35 ( üç min üç yüz səksən altı ABŞ dolları otuz beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Qusar filialı və Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. 31.03.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 5792.16 (beş min yeddi yüz doxsan iki ABŞ dolları on altı sent) ABŞ dolları təşkil edir və müddəti 29.12.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 08 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********417 saylı, 27.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 02 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli qətnamədən müəyyən olunur ki, ona məhkəmə iclasının yeri va vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi 368.58 ABŞ dolları əsas borc və 1379.56 ABŞ dolları faiz borcunun qaytarılmasına razı olduğunu, lakin 3386.35 ABŞ dolları cərimə borcunun qaytarılmasına razı olmadığını göstərmiş və ona görə də, ondan borclu olduğu əsas və faiz borcunun tutulması, cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxıb iddianı qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin belə bir qənaətə gəlməsi absurddur. Onun tərəfindən məhkəməyə belə bir ərizə göndərilmərnişdir, tərəfindən belə bir sözlər yazılmamışdır. Onun heç bir məhkəmə iclası barədə məlumatı olmamışdır. Məhkəməyə təqdim olunmuş ərizə onun tərəfindən verilməmişdir, belə bir etiraf olmamışdır. O, iddianı ümumiyyətlə qəbul etmir. Məhkəməyə onun adınıdan təqdim olunmuş ərizənin kim tərəfindən təqdim edilməsini, həmin ərizədə olan imzanın kimə məxsus olması məsələsi araşdırılmalıdır, çünki ərizədə müəyyən olunmuş xüsusuatlar ona aid deyildir. Kredit müqaviləsinin müddəti 2017-ci ildə bitmişdir. İddiaçı tərəf də 3 illik müddət bitəndən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə bu məsələyə öz mövqeyini bildirməli idi. İddia müddətinin keçməsi məhz bu iddianın mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas olur. O, məhkəmədə iştirak etsəydi və ya məhkəmə iclasları barədə məlumatı olsaydı müddətlə bağlı məhkəməyə ərizə ilə müraciət edərdİ. Göründüyü kimi öz hüququndan istifadə edə bilməmiş, çünki məhkəmə tərəfindən ona lazım olan qaydada şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hesab edir ki, hazırkı mübahisə ilə bağlı iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan “DəmirBank ASC-nin nümayəndəsi Əliyeva Səadət Yusif qızı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 30 (otuz) faiz olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 08 yanvar 2015-ci il tarixli 240007900/ZM saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 08 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. 31 mart 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 5792,16 ABŞ dolları təşkil edir və müddəti 29 dekabr 2017-ci il tarixədək uzadılmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 04.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 19.11.2020-ci il tarixinə banka 368.58 (üç yüz altmış səkkiz ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 1379.56 (bir min üç yüz yetmiş doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində faiz borcu, 3386.35 ( üç min üç yüz səksən altı ABŞ dolları otuz beş sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.70 (əlli iki ABŞ dolları yetmiş sent) ABŞ dollar faiz borcu olmaqla, ümumilikdə 5187.19 (beş min yüz səksən yeddi ABŞ dolları on doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun olduğu göstərilmişdir. Cavabdeh1 verdiyi apellyasiya şikayətində iş materiallarının 49-cu səhifəsində olan onun tərəfindən yazılması kimi göstərilmiş 02 iyun 2021-ci il tarixli ərizənin başqa şəxs tərəfindən tərtib olunduğunu və həmin ərizədəki imzanın onun tərəfindən icra olunmadığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 4/1615 saylı rəyi müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 2(105)- 2741/2021 saylı mülki işin 49-cu vərəqində Cavabdeh1 adından olan ərizədə “imza:” qrafasında “Cavabdeh1” yazılarının qarşısındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh1 iş materiallarının 49-cu səhifəsində iddianın qismən etiraf etməsi barədə ərizədəki imzanın ona məxsus olmadığı təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi kreditor olaraq iddiaçının borclu kimi cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin bu hüquq müəyyən zaman çərçivəsində gercəkləşdirilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə kreditin ödəmə müddəti 29 dekabr 2017-ci il tarixə qədər müəyyənləşdirilmişdir. Həmin müqavilədən irəli gələn mübahisələr isə 3 il ərzində, yəni 29 dekabr 2020-ci il tarixədək qaldırıla bilərdi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 28 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki halları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi işə baxarkən Cavabdeh1 məhkəmə iclasında iştirakının təmin edilməsi üçün müvafiq tədbirlər görməmiş və çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, iş materialının 32-ci səhifəsində olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 26 noyabr 2020-ci il tarixdə verilmiş arayışında görünür ki, Cavabdeh1 Quar rayonu, Bədişala kəndində qeydiyyatdadır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 məhkəmə bildirişlərinin lazımi qaydada qeydiyyatda olduğu və göndərilməsini və onun tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişlərini rəsmi qaydada verməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPMnin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Belə olan halda Cavabdeh1 kredit müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmuşdur ki, sonuncunun apellyasiya şikayəti verdikdə bu barədə ərizəsi qəbul edilib, iş materialları ilə birgə tədqiq edilməlidir. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, bank qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətlən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 4/1615 saylı rəyi ilə müəyyən olunur ki, ekspertiza tədqiqatının dəyiri 127 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 127 manat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunundan alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. İş materialları ilə müəyyən olur ki, hazırkı qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti ümumilikdə 1900,84 ABŞ dolları ( 1 ABŞ dolları= 1,70 AZN olmaqla 1900,84 ABŞ dolları = 3231 manat 42 qəpik) məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(029)-464/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 127 manat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunundan alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-178/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-178/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver