Məhkəmə qərarları › İş №2(105)-1783/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1783/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1783/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, onun vəkilləri Vəkil3 və Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(031)-37/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(031)-37/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi zərərə görə 2.578.220 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 16.10.2006-cı il tarixdə Cavabdeh X1 adına təsis etmişdir. Cəmiyyətin nizamnamı kapitalı 4 AZN həcmində olmuş və nizamnamə kapitalı hər birinin dəyəri 1 AZN olmaqla 4 paydan ibarət olmuşdur. X4 yeganə təsisçi olduğundan cəmiyyətdə payı 100% olmuşdur. 30.10.2006-cı il tarixdə Cavabdeh dövlət qeydiyyatına alınmış və o, Cavabdehnə direktor seçilmişdir. Həmin tarixdən X1 adına torpaq sahələri alıb üzüm və meyvə bağları salmışdır. Ciddi hesabat blanklarından, yəni kassa mədaxil orderlərindən göründüyü kimi Cavabdehnə 2007-2011-ci illərdə 2.578.220 manat sərmayə qoymuşdur. Sərmayə əldə etmək üçün Sahibkarlıq fonduna və banklara müraciət etmişdir. Bir neçə ay olar xəbər tutmuşdur ki, 13 oktyabr 2008-ci il tarixli müqaviləyə əsasında X4 Cavabdeh nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) Hökümə Qarayevaya, Minavər Əsədovaya, Sədaqət Abbasovaya, Zahidə Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmışdır. Hökümə Qarayeva, Minavər Əsədova, Sədaqət Abbasova və Zahidə Məmmədova 17 avqust 2011-ci il tarixdə X6 ilə müqavilə bağlayaraq Cavabdeh nizamnamə kapitalında maya miqdarının 50%-ni ona satmışlar. Hazırda Cavabdeh məhdud məsuliyyətli cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırılmışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Ona görə də vurduğu maddi zərərə görə cavabdehdən 2.578.220 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qeyri obyektiv hesab edir. Belə ki, Cavabdehnə ödədiyi həmin sərmayələrin mənbəyi olaraq özünün şəxsi vəsaitini, başqa torpaq sahələrində əkib-becərdiyi arpa, buğda sahələrindən əldə etdiyi pulları, qohum-əqrəbalarından aldığı şəxsi borcları, sahibkarlıq fondundan və banklardan öz adına götürdüyü kredit pullarını, digər torpaq sahələrinə görə dövlət tərəfindən şəxsən öz adına köçürülmüş subsidiyaları və s. göstərə bilər. Həmin faktların bəziləri qətnamədə öz əksini tapmışdır. Qətnamədə onun müəssisəyə ödədiyi pulların nəyə xərclənməsini təsdiq edən mötəbər sübutların tərəfindən təqdim edilmədiyi qeyd olunsa da, Cavabdeh onun sərmayəsi hesabına formalaşmışdır. Çünki Cavabdehnə məxsus bağlar təxminən 2011-ci ildən bar verməyə başladığından cəmiyyətin formalaşması üçün öz vəsaiti olmamışdır. Ondan başqa heç bir şəxs Cavabdeh MMC-yə sərmayə qoymamışdır. Onun sərmayəsi olmasaydı, X1 adına formal olaraq təsis edilmiş Cavabdeh 4 AZN pulla formalaşaraq hazırda dəyəri milyonlarla ölçülən şirkətə çevrilə bilməzdi. Cavabdehnə qoyduğu sərmayələr hesabına MMC üçün texnikalar, avadanlıqlar alınmış, bağlar salınmış, işçilərin əmək haqqları ödənilmiş və s. işlər görülmüşdür. O, öz şəxsi vəsaitini Cavabdehnə yatırmasaydı, öz adından MMC üçün həmin əməliyyatları apara bilməzdi. Həmin faktların bəziləri qətnamədə öz əksini tapmışdır. Qətnamədə müəssisəyə ödədiyi pulların kassa mədaxil orderi qəbzlərinin ciddi mühasibat sənədləri kimi qəbul edilməsini təsdiq edən mötəbər sübutları təqdim etmədiyi qeyd olunsa da, 2.578.220 manat sərmayə tərəfindən Cavabdehnə rəsmi qaydada (ciddi hesabat blankları əsasında) qoyulmuş, Cavabdeh baş mühasibi tərəfindən şəxsən ondan qəbul edilmişdir. Həmin qəbzlərin bir nüsxəsi ona verilmiş, bir nüsxəsi isə Cavabdehndə saxlanılmışdır. İş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 25.09.2020-ci il tarixli, 9/3197 saylı rəyində qeyd edilir ki, iş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda, İddiaçı tərəfindən Cavabdehnə 2.578.220 manat ödəniş edilməsi müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid 2006-cı ildən 2011-ci ilin axırına kimi Cavabdehndə baş mühasib vəzifəsində işlədiyini, məhkəməyə təqdim olunan qəbzlərdə qeyd olunan imzaların ona məxsus olduğunu, qəbzlərdə göstərilən pulların onun şəxsən özünün ödədiyini, yəni real ödəniş olduğunu, ödənilən pulların onun şəxsi vəsaiti olduğunu, həmin pulların təsərrüfatı inkişaf etdirmək üçün ödənildiyini, sonradan həmin pulların ona qaytarılmadığını, bağlar təzə salındığı üçün mədaxil edilən pulların hamısının şirkət üçün xərcləndiyini, Kərimxan adlı şəxsin Cavabdehnə sərmayə yatırmadığını göstərmişdir. Məhkəmə iclasında şirkətə vəsait yatırıb-yatırmamağı ilə bağlı Şahid məhkəmədə şahid qismində dindirilərkən həqiqi, real formada ifadə verdiyi üçün məhkəmədə məsələnin mahiyyətindən kənara çıxılmış, onun əmək fəaliyyəti araşdırılmağa başlanılmışdır. Baş mühasibin əmək fəaliyyətinin araşdırılmasının iddiaya heç bir aidiyyəti yoxdur. Halbuki o, real olaraq Cavabdehnə vəsaitlər yatırmışdır. O, pullarını tələb edir və məhkəməyə zəruri olan sübutları təqdim etmişdir. Cavabdeh tərəf isə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf süni şəkildə məhkəmə proseslərini uzatmağa çalışsa da, heç bir sübut toplayıb məhkəməyə təqdim edə bilməmişdir. Onun sübutlarına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəməyə təqdim etdiyi sübutlar və məhkəmə-mühasibatlıq ekspertizasının 25.09.2020-ci il tarixli, 9/3197 saylı rəyi məhkəmənin diqqətindən kənarda qalmışdır. Cavabdeh ciddi hesabat blanklarını, MMC-nin məxaric sənədlərini, mühasibatlıqla bağlı sənədləri və digər sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf bildirmişdir ki, guya o, Cavabdehndən ayrılarkən həmin sənədləri özü ilə aparmışdır. Cavabdeh icraçı direktorunun 28 yanvar 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh 2006-2011-ci illər üzrə mühasibat uçotu hesabatları, o cümlədən ciddi hesabat blankı hesab edilən kassa mədaxil orderləri və onların qeydiyyat kitabları Cavabdeh sabiq icraçı direktoru İddiaçı tərəfindən təhvil verilmədiyindən Cavabdehndə mövcud deyildir, ona görə də, adı çəkilən sənədlərin təqdim olunması mümkün deyildir. Halbuki həmin sənədlər və kitablar onda olsa idi, məhkəməyə təqdim edərdi. Belə ki, həmin sənədlərin və kitabların məhkəməyə təqdim edilməsi haqlı olduğunu təsdiq edən sübutlardan biri olacaqdı. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı apellyasiya şikayətinə əlavə vermiş və əlavə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh X2 adına təsis etmişdir. X15 tam etiraf etmişdir. Həmin müəssisənin nizamnamə kapitalı 4 manat təşkil edir. Müəssisənin faktiki sahibi olduğundan müəssisəni inkişaf etdirmək üçün tələb olunan sərmayəni özü borc formasında 2007-2011ci illərdə 2.578.220 manatı müəssisənin kassasına mədaxil etmişdir. Bu fakt kassa mədaxil orderləri ilə təsdiq edilmişdir. Kassa mədaxil orderləri məhkəməyə təqdim edilmişdir. Ekspert rəyi ilə də bu fakt öz təsdiqini tapmışdır. 2007-2011-ci illərdə Cavabdeh təsisçiləri tərəfindən cəmiyyətinə hər hansı bir vəsait mədaxil olmamışdır. MMC banklardan və kredit təşkilatlarından kredit götürməmişdir. 2007-2011-ci illərdə tərəfindən qoyulan vəsaitlərlə Şabran rayonu Mollakamallı bələdiyyəsinin torpaqlarından 4000 kv.m torpaq icarəyə götürülərək və müxtəlif şəxslərdən torpaqlar alınaraq üzüm, alma, heyva, gilas, gavalı, nar və armud bağları salınmışdır. 2008-ci ildə 29,28 ha, 2009-cu ildə artırılaraq 128 ha, 2011-ci ildə artırılaraq yeni bağlar salınmaqla 196,5 ha, yüz hektarlarla digər əkinçilik sahələri yararlı vəziyyətə gətirilərək dənli bitkilər əkilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan vəsait qəbzlərlə təsdiq edilsə də, vəsait müəssisənin bank hesabında olmamışdır. Göründüyü kimi, məhkəmə mühasibat və vergi sahəsini tənzimləyən qanunvericilik aktlarına nəzər yetirmədiyindən müəssisənin bank hesabları ilə yanaşı, kassasının da olduğunu və kassaya vəsaitlərin mədaxil və məxaric edilə biləcəyini nəzərə almamış, mədaxil orderlərinin məhz kassaya mədaxili təsdiq etdiyini unutmuşdur. Məhkəmənin yanlış mövqeyindən fərqli olaraq Cavabdeh 2006-cı ildə “Azərbaycan Beynəlxalq Bank”ında açılmış hesabına kifayət qədər vəsait daxil edilmiş və həmin hesabdan Türkiyə, İran, Rusiya, Qazaxıstan Respublikalarına, Çin Xalq Respublikasına köçürmələr edilərək Türkiyədən meyvə tingləri, suvarma avadanlıqları, Rusiyadan azot, gübrə, İrandan plastik yeşiklərin düzəldilməsi üçün polupropilin, Qazaxıstandan 76-89 diametrində meyvə bağlarında dirəklərinin basdırılması üçün borular, Çindən gübrə və dərman alınmışdır. Lakin bu mübahisə başlayarkən tutduğu vəzifədən azad edildiyi üçün bank məlumatlarını əldə edə bilməmiş, bu məlumatları bankdan tələb etsə də, məsul şəxs olmadığından bundan imtina edilmişdir. Bundan başqa, məhkəmə iddianın təmin edilməməsinə digər əsas kimi mədaxil, məxaric vəsaitlərinin hesabatının aparılmadığını, uçot qaydalarına əməl edilmədiyini qeyd edir. Uçot qaydalarına əməl edilməməsi vəsaitin mədaxil və ya məxaric edilməsini inkar etmir. Bu hal digər məsuliyyət yarada bilər. Göründüyü kimi, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə ondan başqa digər şəxslərin şirkətə sərmayə qoymamasına və ya borc verməsi hallarının olmamasına, şirkət tərəfindən küllü miqdarda vəsait hesabına torpaqların alınması, icarəyə götürülməsi, bağların salınması, təmir-tikinti işlərinin aparılmasının hansı vəsait hesabına həyata keçirilməsinə qiymət vermədən, eləcə də cavabdehin qeyd olunan xərclərlə bağlı əks sübutlarının olmamasına baxmayaraq, torpaqların alınması, icarəyə götürülməsi, torpaqların yararlı vəziyyətə gətirilməsi, bağların salınması, su sisteminin qurulması, işçilərin sahəyə aparılıb-gətirilməsi, işçilərə əmək haqlarının verilməsi kimi xərclərin onun vəsaiti hesabına həyata keçirildiyini qəbul etməməsi, qərəzli və yanlış qərar qəbul etməsinə səbəb olmuşdur. Tələb etdiyi pulların mənbəyi onun şəxsi vəsaitidir. Şəxsi vəsaitinin formalaşmasının mülki işdə araşdırılması qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, gəlirlər barəsində deklarasiyanın verilməsi məcburi norma olaraq tələb edilmir. Pulların hara xərclənməsini təsdiq edən sübutlara gəldikdə isə bağların, torpaq sahələrinin əldə edilməsinə, tinglərin alınmasına və salınmasına, aqrotexniki işlərin görülməsinə, suvarma sisteminin çəkilməsinə, işçilərin əmək haqlarının ödənməsinə, təmir- tikinti işlərin görülməsinə və sair çəkilən xərclərdən ibarətdir. Lakin mühasibat sənədləri cavabdehdə olduğundan həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, şirkətə digər şəxslər tərəfindən hər hansı bir vəsait daxil olmadığı, şirkət tərəfindən hər hansı bir bankdan kredit götürülmədiyi məlum olduğundan çəkilmiş xərclərin onun vəsaiti hesabına aparıldığı öz təsdiqini tapır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 30 oktyabr 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır, cəmiyyətin təsisçisi X3r. İş materiallarında olan Cavabdeh təsisçisi C.A.Quliyevin 30 oktyabr 2006-cı il tarixli, 01 saylı əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 13 oktyabr 2008-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 Cavabdeh, nizamnaməsi, şəhadətnaməsi, möhür, ştampı və müəssisəyə aid hüquqlarını (daşınar və daşınmaz əmlak istisna olmaqla) M.Q.Əsədova, H.Q.Qarayeva, S.Q.Abbasova və Z.Q.Məmmədovaya bərabər, hər birinə ¼ hissələrlə satmış, Cavabdehnə görə alıcıların hər birindən 100 manat almaq şərtilə, cəmi 400 manat almışdır. İş materiallarında olan Cavabdeh təsisçilərinin 17 oktyabr 2008-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh yeni təsisçiləri Xaçmaz rayon 1 saylı DNK-da 13.10.2008-ci il tarixdə təsdiq olunmuş 3m-3/655 saylı müqaviləyə əsasən X11, X12, X9 və X10 müəyyən edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı dəyişdirilmədən 4 manat saxlanılmış, hər birinin dəyəri 1 manat olmaqla 4 paydan ibarət olmuş və təsisçilərin payları X13-1 pay, 1 manat, 25%, X12, 1 pay, 1 manat, 25%, X9-1 pay, 1 manat, 25%, X10-1 pay, 1 manat, 25% müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh təsisçisinin 16 oktyabr 2006-cı il tarixli qərarının surətindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin, işçilərin və təsisçilərin iqtisadi maraqlarının təmin edilməsi məqsədi ilə Cavabdeh təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, cəmiyyətin nizamnamə kapitalı 4 AZN həcmində müəyyən edilmiş, cəmiyyətin qanuni təmsilçisi İddiaçı təqdim edilmişdir. İş materiallarında olan kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif məqsədlər üçün 2007-2008-2009-2010-2011-ci illərdə Cavabdehnə 25782,20 manat ödənilmiş, həmin kassa mədaxil orderinin qəbzlər Cavabdeh möhürü ilə təsdiq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2020-ci il tarixli, 9/3197 saylı rəyindən görünür ki, iş materiallarında olan notarius tərəfindən kserosurətləri təsdiq edilmiş kassa mədaxil orderi qəbzləri ciddi mühasibat sənədləri kimi qəbul edildiyi halda İddiaçı Nemətulla oğlu tərəfindən Cavabdehnə ******* manat ödəniş edilməsi müəyyən edilir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 08 oktyabr 2007-ci il tarixdə 14947 manat, 09 oktyabr 2007-ci ildə 470 manat, 26 dekabr 2007-ci ildə 2153.23 manat, 04 aprel 2008-ci il tarixdə 2954.43 manat, 08 iyul 2008-ci il tarixdə 5508.25 manat, 13 may 2008-ci il tarixdə 13120 manat və 200 manat, 09 iyun 2008-ci il tarixdə 2900 manat və 50 manat, 25 sentyabr 2008-ci il tarixdə 5608.40 manat, 19 mart 2009-cu il tarixdə 4000 manat, 22 iyun 2009-cu il tarixdə 2202.20 manat, 09 iyun 2009-cu il tarixdə 4008.00 manat ödəniş olunmuşdur. İş materiallarında olan rəsmi statistik hesabatlardan görünür ki, Cavabdeh tərəfindən 2008-ci ildə 238 ha dənli bitkilər əkilmiş, 29.28 ha bağ salınmışdır, dənli bitkilərə görə həmin ildə 3450 kq məhsul əldə etmişdir. 2009-cu ildə 128 ha dənli bitkilər əkilmiş, 84 ha bağ sahəsi əkilmişdir, dənli bitkilərə görə həmin ildə 2420 kq məhsul əldə edilmişdir, 2011-ci ildə 182 ha dənli bitkilər əkilmiş, 196.5 ha yeni bağlar salınmışdır, dənli bitkilərə görə 5100 kq məhsul əldə edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bank” açıq səhmdar cəmiyyətinin 06.10.2021-ci il tarixli, 0231 saylı məktubuna əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışların təsdiq olunmuş surətlərindən görünür ki, 01.01.2007-ci il tarixdən 31.12.2011-ci il tarixə kimi Cavabdeh hesabına pul ödənilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh fəaliyyətinin genişləndirilməsi, o cümlədən əkin üçün torpaqların alınması, əkin üçün yararlı vəziyyətə gətirilməsi və sair tələb olunan digər xərclər üçün ona sərmayə şəkilində borc pul vermiş, “Borc alan” isə həmin məbləğdə borcu 01 yanvar 2020-ci il tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür, “Borc verən” borc vəsaitini müxtəlif hissələrdə və vaxtlarda verəcəkdir, borcun ümumi məbləği 3.000.000 manatadək olacaqdır, borcun verilməsi kassa mədaxil orderləri ilə təsdiq olunacaqdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı Cavabdehndən ona vurulmuş maddi zərərə görə 2.578.220 manat tələb etmiş, iddia tələbini Cavabdehnə 2007- 2011-ci illərdə 2.578.220 manat sərmayə qoyması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşin mübahisə edilməyən hallarından görünür ki, hüquqi şəxs olan Cavabdeh hesablaşma hesabı “Azərbaycan Beynəlxalq Bankı” acıq səhmdar cəmiyyətində olmuşdur. İddiaçı apellyasiya şikayətinə əlavədə tələb etdiyi məbləğin Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” acıq səhmdar cəmiyyətində olan hesabından Türkiyə, İran, Rusiya, Qazaxıstan Respublikalarına, Çin Xalq Respublikasına köçürmələr edilərək Türkiyədən meyvə tingləri, suvarma avadanlıqları, Rusiyadan azot, gübrə, İrandan plastik yeşiklərin düzəldilməsi üçün polupropilin, Qazaxıstandan 76-89 diametrində meyvə bağlarında dirəklərinin basdırılması üçün borular, Çindən gübrə və dərman alınmasına sərf edildiyini göstərmişdir. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bank” açıq səhmdar cəmiyyətinin 06.10.2021-ci il tarixli, 0231 saylı məktubuna əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, 01.01.2007-ci il tarixdən 31.12.2011-ci il tarixə kimi Cavabdeh hesabına iddiaçının tələb etdiyi məbləğdə pul ödənilməmiş və həmin hesabdan köçürmələr edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan kassa mədaxil orderinin qəbzləri iddianın təmin olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçıya 2.578.220 manat məbləğində maddi zərər vurması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı iddia tələbini əsaslandırmaq üçün məhkəmə kollegiyasına onunla Cavabdeh arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsini təqdim etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh direktoru kimi özü-özü ilə bağlamışdır və borc müqaviləsi hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(031)-37/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar