Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1784/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh və onun vəkili X5 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2(060)-4749/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2(060)-4749/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, 40000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 13.08.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə ona dəymiş maddi ziyan olaraq 40000 manat pul vəsaitinin, gecikdirilmiş müddət üzrə faizlərin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlə qardaşı X4 illər öncə münasibəti yaranmış (maşın ehtiyat hissələri satışı ilə əlaqədar olaraq) və münasibətləri dostluq çərçivəsində davam etmişdir. Cavabdeh dəfələrlə qardaşından işi ilə əlaqədar borca pul almış və həmişə vaxtında qaytarmışdır. Beləliklə də cavabdeh qardaşının və ailənin etibarını qazanmışdır. Daha sonra cavabdeh ondan və qardaşından yenidən iş quracağı adı altında pul istəmişdir. Məbləğ çox olduğundan notariat kontorunda müqavilə bağlayacaqlarını bildirdikdə, cavabdeh razılaşmışdır. Beləliklə də cavabdehlə aralarında 25 iyun 2019-cu il tarixli Sumqayıt şəhər 3 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış və o müqavilə üzrə Cavabdeh 40000 manat pulu 25.12.2019cu il tarixdə qaytarmaq şərti ilə borca vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və qeyd edilən məbləği bu günə qədər ona geri ödəməmişdir. Cavabdehə dəfələrlə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etməsini bildirsə də, cavabdeh onu dinləməmiş və müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməkdən qərəzli şəkildə yayınmışdır. Göründüyü kimi, Cavabdeh onun etibarından sui-istifadə edərək, aldadaraq 40000 manat pul məbləğini ələ keçirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının iddia tələbində göstərdikləri doğru deyildir. Borc müqaviləsi formal xarakter daşıyır və iddiaçı müqavilədə qeyd edilən pul məbləğini ona ödəməmişdir. İddiaçı öz mənafeyinə uyğun iş görmək məqsədilə onu notariat kontoruna aparmış, orada onunla borc müqaviləsi bağlanılmış və həmin müqaviləni formal olaraq imzalamışdır. İddiaçının qardaşı X1 pul verən şəxsdir. O, təxminən 1 il yarım əvvəl iddiaçıdan sələmə 40000 ABŞ dolları məbləğində pul götürmüşdür. Müqavilə bağlandığı anadək iddiaçıya faizi ilə birlikdə 52000 ABŞ dolları məbləğində pul vermişdir. Müqavilə bağlandıqdan 10-15 gün sonra iddiaçıya 20000 ABŞ dolları məbləğində pul vermişdir. Lakin iddiaçını bir neçə dəfə qardaşı X4 yanında görmüşdür. X2 ilə heç bir əlaqəsi olmamışdır. İddiaçı onu aldadaraq notariusda müqavilə bağlamışdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 25 iyun 2019-cu il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 40000 manat məbləğində borc pul vermiş, borc alan krediti 25.12.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında notariat qaydasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti 25.12.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 40000 manatı 25.12.2019-cu il tarixədək iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının onu aldadaraq notariusda müqavilə bağlatdırdığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 25.06.2019-cu il tarixli kredit müqaviləsini mübahisələndirməmişdir. Cavabdeh apellyasiya şikayətində borc məbləğini iddiaçıya qaytardığını göstərsə də, bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdehin borcu qaytarmadığını bildirmişdir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7-ci bəndinə əsasən borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Lakin 25.06.2019-cu il tarixli kredit müqaviləsində borcun tamamilə və ya bir hissəsinin ödənilməsi və borc verənin bunu qəbul etməsi barədə heç bir qeyd yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2(060)-4749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1784/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1784/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver