Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1788/2023 05.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ələvəz oğluna qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh Ələvəz oğluna qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(074)-469/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346,03 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346,03 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat idarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Şamaxı rayon məhkəməsinin 1(074)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsrli bilinərək 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, iki ədəd siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Monitorinq Mərkəzindən verilmiş məlumatla bağlı xx.xx.2023-cü il tarixdə məhkum şöbəyə dəvət edilmiş və mobil qurğuya baxış keçirilərkən mobil qurğunun ekranının sınıq olduğu müəyyən edilmişdir. Qurğunun sınmasını cavabdeh “küçə itlərinin hücumuna məruz qaldığı zaman cibindən düşməsi” ilə əsaslandırmışdır. Mobil qurğu və komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təqdim olunmuşdur. Ədliyyə Nazirliyinin müvafiq rəyinə əsasən mobil qurğunun zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmiş və təmirinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən mobil qurğunun dəyəri 1346 manat, 03 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bizə maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, 12 dekabr 2022-ci il tarixdə saat 22:30 radələrində itlər yaşadığı evn küçəsində ona hücum etmiş, xəsarət yetirmiş və nəticədə elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüşdür. Hadisə qonşunun evinin kamerasına düşmüşdür. Bu barədə İddiaçınə məlumat vermişdir, video görüntü və xəsarət sənədlərini təqdim etmişdir. O, bilərəkdən heç bir hərəkət etməmiş və hökmün icrasını pozmamışdır. Həmin hadisənin video görüntüsü vardır və məhkəməyə təqdim edəcək. İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 1(074)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 05 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Cavabdeh üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası İddiaçınə həvalə edilsin, cəzasının əvvəli Cavabdeh İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Cavabdeh elektron mobil nəzarət qurğusu qolbaq və siqnal ötürücü təhvil verilmiş, ona izah edilmişdir ki, məhkum həmin qurğunu daşımalı, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.
8. Elektron nəzarət dəstinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyekti Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sınaraq yararsız hala düşmüşdür.
9. 06 yanvar 2023-cü il tarixli mobil qurğuya baxış keçirilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmiş mobil qurğunsuna baxış keçirilən zaman mobil qurğunun ekranının sınaraq yararsız halda olması müəyyən edilmişdir. Bu barədə dərhal Elektron Monitorinq mərkəzinə məlumat verilmiş və bu barədə protokol tərtib edilmişdir.
10. Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin arayışından görünür ki, mobil nəzarət qurğusu, xüsusi proqram təminatı ilə birlikdə qiyməti 1346,03 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Şamaxı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(074)-469/2023 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh 1346,03 manat məbləğində pulun alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat idarəsinin hesabına köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
13. Cavabdeh Ələvəz oğlu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(074)-469/2023 nömrəli qətnaməsini ləğv edib iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yazılmışdır ki, Monitorinq Mərkəzindən verilmiş məlumatla bağlı xx.xx.2023-cü il tarixdə o, şöbəyə dəvət edilmiş və mobil qurğuya baxış keçirilərkən mobil qurğunun ekranının sınıq olduğu müəyyən edilmişdir. Qurğunun sınmasını o, “küçə itlərinin hücumuna məruz qaldığı zaman cibindən düşməsi” ilə izah edib əsaslandırmışdır. Buna görə də Mobil qurğu və komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təqdim olunmuşdur. Ədliyyə Nazirliyinin müvafiq rəyinə əsasən və mobil qurğunun zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmiş və təmirinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən mobil qurğunun dəyəri 1346 manat, 03 qəpik hesablanmışdır. Bundan sonra məhkum kimi ona mobil qurğunun ekranının sınması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuşdur. O, işsiz olduğundan həmin məbləği ödəyə bilməyəcəyini bildirmiş, bununla yanaşı iş üzrə cavabdehə dəfələrlə bildirmişdir ki, sözügedən mobil qurğunun ekranının sınması onun səhlənkarlığından və ya cihazla məsuliyyətsiz davranışından baş verməmişdir. Təbii olaraq, ondan asılı olmadan yolla getdiyi yerdə bir neçə sahibsiz küçə itləri ona hücum etdiyinə görə özünü müdafiə üçün qaçmış və bu zaman yıxılarkən həmin mobil qurğunun ekranı sınmışdır. Qeyd edir ki, ekranı sınmış olan mobil qurğunu İddiaçınə təqdim edərkən onun yaşıl işığı yanıb-sönərək işlək vəziyyətdə olmuşdur. Bu hadisəyə dair videogörüntünü də iş üzrə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Sahibsiz küçə itləri ona hücum edərkən və o, yıxılarkən aldığı zədələnməyə görə həkimə müraciət edib müalicələr almışdır. Bütün bunlara dair sübut və sənədləri Şamaxı Rayon Məhkəməsinə təqdim etsə də məhkəmə onun əsaslı dəlillərini öz qətnaməsində nəzərə almamış və onlara hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya şikayətinə daxil etdiyi X2 X5 Məşğulluq Filialından verilmiş 19 iyul 2023cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək onun adına qüvvədə olan əmək müqaviləsi yoxdur. Yəni onun həmin məbləği ödəməyə maddi imkanı da yoxdur. İddiaçı isə ərizəsində bildirmişdir ki, guya onun günahından, yəni lazımınca guya məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyindən verilən maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346.03 manat təşkil edir. İddiaçı bildirib ki, hazırkı mübahisənin guya başqa həlli mövcud olmadığından onlar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Halbuki, o, həmin mobil nəzarət qurğusunu özü qəsdən zədələməmiş, gözlənilmədən küçədə üstünə düşmüş sahibsiz itlərin hücumuna məruz qalarkən özünü müdafiə etməyə çalışmış və bu zaman üstündəki mobil nəzarət qurğusunun özü də bilmədən ekranı sınmışdır. Qətnamədən görünür ki, hazırkı mübahisəyə Şamaxı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097.1-ci maddələri tətbiq edilmişdir. Qətnamədə yazıldığı kimi bu maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Göründüyü kimi hüquqi əsaslar odur ki, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması və zərər vuran şəxsin təqsirli olmasıdır. O, isə bu məsələdə təqsirli deyil və sübut və dəlillərlə qeyd edir ki, həmin zərər onun qanunsuz hərəkətlərim səbəbindən baş verməmişdir, bu zərərvurmada onun təqsiri olmamışdır. Təqsirkarlar - əgər belə demək mümkündürsə, son vaxtlar Şamaxıda şəhərin küçələrində sahibsiz itlərin sayının artması və buna nəzarət edən orqanın olmamasıdır. Qeyd edir ki, 2018-ci ildə də sahibsiz itlərin hücumuna məruz qalmış və həkim müalicəsi qəbul etmişdir. Sahibsiz küçə itləri ona hücum edən zaman üzərindəki elektron nəzarət qurğusunun ekranı zədələnmişdir. Yoxsa ki, o, onu bilə-bilə, qəsdən və ya səhlənkarlıq və ya məsuliyyətsizlik baxımından törətməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097.1-ci maddələr düzgün tətbiq etməmiş və həmçinin bu qanun normalarını düzgün təfsir etməmişdir. Bu əsasda birinci instansiya məhkəməsi tərəfindən səhv qətnamə qət edilməklə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Çünki işin bütün faktiki halları tam aydınlaşdırılmamış və işin halları qətnamədə göstərilən nəticəyə uyğun deyildir. Qeyd etdiyi əsaslı səbəblərə görə iddia tələbi təmin edilməməli və ona kəsilmiş 1346,03 manat pul tələbi ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Cavabdeh Ələvəz oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
17. İş üzrə İddiaçı nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 1(074)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxalnması, üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası İddiaçınə həvalə edilməsi hökm edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçındə qeydiyyata götürülərək bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, iki ədəd siqnal ötürücüsü, bir ədəd adaptor quraşdırılaraq təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh verilmiş mobil qurğuya baxış keçirilərkən mobil qurğunun ekranının sındığı, yararsız olduğu müəyyən edilmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi, Cavabdeh 1346,03 manat məbləğində pulun alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat idarəsinin hesabına köçürülməsi qət edilmişdir.
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
26. Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə mülki mübahisə olmaqla, mülki mübahisələrə dair işlər üzrə isə iddianın qiyməti beş min manatdan az olan iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(074)-469/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.