Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1790/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 14500 manat məbləğində pul və 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23260 manat pulun və 159,78 manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 22500 manat əsas borc, 760 manat banka ödənilmiş faiz olmaqla, ümumilikdə 23260 manat pul və 159,78 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla həmkəndlisi olmaqla uzaq qohumudur. 2019-cu ilin may ayında o Quba rayonu Qımıl-qışlaq kəndinə gələrkən, Namiqlə görüşmüşdür. Həmin vaxt Namiq ona Rusiya Federasiyasına gavalı meyvəsini ixrac etməyi təklif etmiş və yaxşı qazanc qalacağını bildirmişdir. Bunun üçün 30000 manat pul lazım olduğunu bildirdikdən sonra o, Namiqlə razılaşmış və Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərində tanışı Tamaradan 15000 manat pul almış, qalan 15000 manatı isə o, düzəldərək Namiqə vemişdir. Namiq 30000 manat pulu götürmüşdür. Bundan 1 həftə sonra Namiq ona zəng vuraraq, bir maşın gavalını Moskva şəhərinə göndərdiyini, 3 gün sonra həmin maşının dostu tərəfindən qarşılacayağını və tezliklə məhsulun pulunu (gəliri ilə birlikdə) ona göndərəcəyini bildirmişdir. Lakin Namiq ona pul göndərməmişdir. Sonradan o və tanışı Namiqdən pulları tələb etsələr də, Namiq ondan vaxt istəmişdir. Daha sonra tanışı ondan 15000 manat pulu istədiyi üçün o, "xxxx" ASCdən 15000 manat kredit götürərək, tanışının pulunu qaytarmışdır. O, «Bankof Baku” ASCdən götürmüş olduğu pula görə əlavə 760 manat faiz də ödəmişdir. Namiq ondan 2019-cu ilin dekabr ayının sonunadək vaxt istəmiş, lakin buna baxmayaraq pulu qaytarmamışdır. Ona ümumilikdə 23260 manat ziyan dəymişdir. O, məcburiyyət qarşısında şikayət ərizəsi ilə Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba Rayon Polis Şöbəsində araşdırma aparıldıqdan sonra, 26 sentyabr 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və ona bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Həmçinin bildirmək istəyir ki, onun adı “X4” olmuş, 14 oktyabr 2021-ci il tarixdə onun adının Eduard adına dəyişdirilməsi barədə rəsmi şəhadətnamə almışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı onun uzaq qohumudur. 2019-cu ildə o, iddiaçıya Rusiya Federasiyasına gavalı meyvəsini ixrac etməyi təklif etmiş, bunun üçün 30000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı da təklifi qəbul etmişdir. İddiaçı ona 28000 manat pul vermiş, 30000 manat pulun 20000 manatını isə Tamara adlı şəxsdən almışdır. Hazırda iddiaçı Tamara adlı şəxsin pulunu ondan tələb edir. Aralarındakı razılığa əsasən, məhsuldan əldə olunan gəlir onun, iddiaçının və Tamara adlı şəxsin arasında bölünməlidir. O, malları Rusiya göndərmiş, lakin məhsullar əvvəl yaxşı satılsa da, sonradan ziyana düşmüşdür. Quba Rayon Polis Şöbəsinin 26 sentyabr 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı 2 il bundan əvvələ aiddir. Həmin qərardan sonra o, iddiaçının atasına 2300 manat, daha sonra 1500 manat pul göndərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən izahatımın qanunvericiliyə uyğun qaydada sübut kimi qiymətləndirilməməsi, iddiaçının izahatının əvvəlcədən hüquqiqüvvəyə malik sübut kimi qəbul edilməsi, iş üzrə əhəmiyyətli olan və izahatında yer almış halların digər sübutlarla müqayisəli surətdə qiymətləndirilməməsi, prosessual hüquq normalarının düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğu dərəcədə pozulması MPM-nin 387.1-ci maddəsinə görə qətnamənin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qətnamədən göründüyü kimi, ədalət mühakiməsi tərəflərin barəbərlyi təmin edilməmiş, qətnamə faktlara əsaslanmamışdır. Nədənsə məhkəmə onun izahatına əhəmiyyət belə vermədən iddaçının əsassız və heç bir sübuta və qanuna əsaslanmayan izahatına üstünlük verməklə işdə birtərəfli mövqe tutmuşdur. Yəni Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1532/2022saylı qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmamışdır. Abşeron Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 2(012)-1532/2022 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya olan borcun qismən qaytarılmamasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Polis İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatında göstərmişdir ki, Rüfət Əmrahov onun qohumudur, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin may ayında Rüfət ilə Quba rayonu Qımıl-qışlaq kəndində görüşümüş və Rüfət onunla iş görmək istədiyini demişdir. Həmin vaxt o, Rüfətə RF-na gavalı göndərməsini təklif etmiş və bunun üçün 30000 manat pul lazım olduğunu demişdir. Daha sonra o, Rüfətə gavalını RFnın Moskva şəhərinə Rauf adlı şəxsin üzərinə göndərəcəyini dedikdən sonra Rüfət ona 14700 daha sonra isə 15300 manat pul gətirib vermiş və o, gavalı məhsulunu yığaraq 1 maşın gavalını RF-nin Moskva şəhərinə Rauf adlı tanışının üzərinə göndərmişdir. Bundan sonra Rauf ona bank vasitəsilə və şəxslərlə pul göndərmiş və o, göndərdiyi puldan ümumilikdə ayrı-ayrı vaxtlarda R.Əmrahova cəmi 15700 pul vermiş, 14500 manat isə borclu qalmışdır. Lakin Rüfət ona bankdan pul götürdüyünü və həmçinin gilas yığarkən 5500 manat beh kimi verdiyini borcun üstünə gəlmiş və ona 22500 manat pul borclu olduğunu demişdir. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün qərar qəbul edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh İddiaçı Rusiya Federasiyasına gavalı meyvəsini ixrac etməyi təklif etmiş, bunun üçün 30000 manat pul lazım olduğunu bildirmiş, iddiaçı da bununla razılaşmışdır. İddiaçı Cavabdeh 2019-cu ilin may ayından başlayaraq əvvəlcə 14700 daha sonra isə 15300 manat olmaqla, ümumilikdə 30000 manat pul vermiş, Cavabdeh ayrı-ayrı vaxtlarda İddiaçı həmin pulun müəyyən hissəsini qaytarsada 14500 manat borclu qalmışdır. Bu hallar məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatı ilə yanaşı, iş materiallarında olan Quba Rayon Polis İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatı ilə təsdiqini tapmış, bunları təkzib edəcək mötəbər sübutlar məhkəmədə müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 14500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iclası zamanı cavabdeh ondan tələb edilən pulun iddiaçının anasına, əmisinə, əmisi arvadına qaytardığını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 13 may 2022-ci il tarixli 2(012)-1532/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1790/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1790/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver