Məhkəmə qərarları › İş №2(105)-1791/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1791/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1791/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-1778/2022 nömrəli qətnaməsindən cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-1778/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı pul tələbinə dair iddiası təmin edilib, cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsindən 1200 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsi apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-1778/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ödənilən 1200 manat məbləğində pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Qobu bələdiyyəsinə torpaq sahəsi ayrılması üçün xx.xx.2008-ci il tarixli qəbzə əsasən 1200 manat pul ödəmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq nə torpaq sənədlərini, nə də pulunu geri ala bilməmişdir. Abşeron rayonu Qobu bələdiyyəsi qəbz kserosurət olduğu üçün onun müraciətinə cavab verməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 23 may 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 127 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC vasitəsi ilə Abşeron rayonu Qobu bələdiyyəsinin büdcəsinə 1200 manat məbləğində pul köçürmüşdür. Ləğv Prosesində olan "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına İddiaçı tərəfindən 23 iyul 2008-ci il tarixdə 1200 manat vəsait mədaxil edilmişdir. 2008-ci il üzrə bankın filial və şöbələrinin saxlama müddəti bitmiş sənədləri məhv edildiyi üçü sözügedən mədaxil sənədinin surətinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 6 illik iddia müddəti tətbiq edilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, mövcud mübahisə üzrə iddiaçı tərəfindən bələdiyyənin hesabına 23 iyul 2008-ci il tarixdə vəsait mədaxil edilmişdir. Həmin müqavilədən irəli gələn mübahisələr isə 6 il ərzində, yəni 23 iyul 2014-cü il tarixədək qaldırıla bilərdi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 17 fevral 2022-ci il tarixdə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil alqı-satqı müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul etsə də, həmin ərizəyə heç bir münasibət bildirməmişdir. Belə olan halda ərizə qəbul edilib, iş materialları ilə birgə tədqiq edilməlidir. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiacş qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı pul tələbinə dair iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün 30 manat dövlət rüsumu iddiaçını özünə aid edilməlidir. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinin verdiyi apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-1778/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı pul tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar