Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1794/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-1212/2021 saylı qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı 29.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 1211,01 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 17 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-1212/2021 saylı qərardadı ilə Cavabdeh ölməsi əsası ilə icraata xitam verilmişdir. (hakim A.Süleymanova) İddiaçı LPO İddiaçı ASC qərardadla razılaşmamış, ondan şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılmanın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-1212/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİ N İZAHATLARİ : LPO İddiaçı ASC şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarında deyilir: “borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclu kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir." Buradan da görünür ki, Cavabdeh öldüyünə görə onun öhdəliklərinə xitam verərək, hüquqi varislərinin müəyyən edilmədən cavabdehlərin sırasından çıxarılması qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, məhkəmə iş iddia ərizəsini qaytarmaqda haqlı olmamış və bu səbəbdən qərar qəbul edərkən maddi və prosessual hüquq normaları pozmaqla səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1212/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməlidir. İş üzrə iddiaçıya və cavabdehin ailə üzvlərinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilsə də, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin, habelə cavabdehin vərəsə ola biləcək ailə üzvlərindən hər hansı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 20 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-1212/2021 saylı qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı 29.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 1211,01 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 17 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, hazırlıq iclası 01 dekabr 2020-ci il tarixə, saat 09:45-ə təyin edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 20 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə məhkəmə iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam vermişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək ölmüş, beləliklə də iddiaçı faktiki olaraq hüquq qabiliyyəti xətm olmuş şəxsə qarşı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası razılaşmır. İddia ərizəsi artıq icraata daxil olmuşsa, iş üzrə icraata xitam verilməsinin əsasları MPM-nin 261-ci maddəsilə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina isə həmin Məcəllənin 153-cü maddəsilə tənzimlənir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi icraata götürüləndən sonra cavabdehin 20 oktyabr 2015-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir. AR MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: iş məhkəmədə baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. İş materiallarında qeyd edilən normada sadalanan hallardan heç biri olmadığından məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməsi qanunsuzdur. Qeyd olunduğu kimi, məhkəmə tərəfindən iddia ərizəsi artıq icraata götürülmüşsə və məhkəmə araşdırması zamanı cavabdehin ölməsi faktı müəyyən edilmişsə, məhkəmə bu zaman icraata xitam verməli deyil, onun hüquqi varisləri müəyyən edilənədək icraatı dayandırmalı idi. Belə ki, bu əsasla icraatın dayandırılması MPM-nin 254.1.1-ci maddəsilə tənzimlənir. MPM-nin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalıdır və işə baxan məhkəmənin 17 noyabr 2020-ci il tarixli qərardadı ilə (məhkəmə icraatının mümkün hesab edilməsi) 12 mart 2021-ci il tarixli qərardadı (cavabdehin ölümü ilə bağlı işin məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi) bir-birilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə cavabdehin hüquqi varislərinin olubolmamasını araşdırmalı, bunun üçün işin icraatını dayandırmalı və həmin araşdırmanın nəticəsindən asılı olaraq iddianı mahiyyəti üzrə həll etməlidir. Hazırkı əsasla ləğv prosesində olan İddiaçı ASC-nin iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi onun kreditor (yəni mülkiyyət) hüquqlarının məhkəmə müdafiəsinin pozulması mənasına gəlir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatına xitam verməklə prosessual hüquq normalarına riayət etməmiş, iddiaçının məhkəmə müdafiə hüququnu pozmaqla qanunsuz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunan Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(060)-1212/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1794/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1794/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver