Məhkəmə qərarları › İş №2(105)-1795/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1795/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1795/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 666/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-666/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.725,51 manat əsas borc, 2.181,20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612,33 manat faiz borcu, cəmi 16.519,04 (on altı min beş yüz on doqquz manat, dörd qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manatın tutulması, tələbin Cavabdeh məxsus “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq İddiaçı ASCnin hesabına ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, bank ilə onun arasında kreditin restrukturizasiya məqsədi ilə yeni güzəştli müqavilə bağlanması və kredit borcunun yeni qrafik üzrə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18.10.2012-cu il tarixli, 4635 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 13725,51 manat əsas borc, 2181,20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612.33 manat faiz borcu (5%) olmaqla, cəmi 16519.04 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğin ilk növbədə, 18.10.2012-cu il tarixli, 3387 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “TOYOTA PRADO” markalı, ** DC *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tipuniversal, Ban-JTEBX3FJ90K105240, Mühərrik- 8437719, rəng-Ağ mirvari) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Rəcəbov Kamil Güləhməd oğlu apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, daha əvvəl də bank cavadbehə qarşı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsində qətnamə qəbul edilsə də, apelyasiya instansiyası məhkəməsinin qərardadı ilə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra Azərbacyan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən müqavilə restrukturizasiya edilməli olsa da bank tərəfindən müqavilə restrukturizasiya edilərək yeni müqavilə və ödəniş cədvəli tərtib edilməmişdir. İddiaçı bank Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 27.12.2019-cu il tarixli, 2(105)1235/2019 saylı qərardadında göstərilənləri nəzərə almamış, restrukturizasiyanın müqaviləyə tətbiq edilməsi və yeni güzəştli müqavilənin bağlanması ilə müraciətləri cavabsız qalmışdır. Hazırki işə baxılan zaman təkrar müraciət etsə də, ona həmin güzəştlərin 31.12.2019-cu il tarixinədək keçərli olduğunu, hazırda müddətin ötürüldüyünü bildirirlər. İşin mahiyyətinə gəldikdə isə bank onlardan şişirdilmiş məbləğdə borc tələb edir. Eyni zamanda məhkəmə avtomobilin satış qiymətini də müəyyən etməmişdir. Odur ki, borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq, avtomobilin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-666/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və bankla aralarında restruktrizasiya məqsədilə yeni güzəştli müqavilə bağlanması və kredit borcunun yeni müqavilə əsasında ösənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 18 oktyabr 2012-ci il tarixli, 4635 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana nəqliyyat vasitəsinin alınması məqsədi ilə 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 30.300 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddia ərizəsindən görünür ki, Cavabdeh kredit öhdəliyi üzrə 14.09.2020-ci il tarixinə 13725.51 manat əsas borcu, 2181.20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612.33 manat faiz borcu (5%) olmaqla, cəmi borc 16.519.04 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 18 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 18 oktyabr 2012-ci il tarixli, 4635 saylı Kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyinin təminatı olaraq “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-universal, BanJTEBX3FJ90K105240, Mühərrik-8437719, rəng-Ağ mirvari) avtomobil ipoteka ilə yüklü edilmiş. Avtomobilin qiyməti 37000 manat qiymətləndirilmişdir. AB N seriyalı 924996 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-universal, Ban-JTEBX3FJ90K105240, Mühərrik8437719, rəng-Ağ mirvari) nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. AA seriyalı, 059714 nömrəli daşınar əmlakın rəsmi reyestrindən çıxarışdan görünür ki, “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən 18.10.2012-ci il tarixində qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş DİN BDYPİ X3 tərəfindən qeydə alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini faiz və cərimə borcu hissəsində təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcu tələb etməkdə haqlıdır. Borc məbləği mübahisələndirildiyindən məhkəmə qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli, 9/4294 saylı ekspert rəyindən görünür ki, müqavilə üzrə cavabdeh Rəcəbov gükəhməd Məhəmməd oğlunun 18.10.2017-ci il tarixinə banka olan borcu əsas borc üzrə 14092,40 manat, faiz borcu üzrə 2181,20 manat təşkil edir. Göründüyü kimi iddia tələbində tələb edilmiş borc məbləği ekspert rəyi ilə də təsdiqini tapmışdır. Məhkəmə kollegiyası ekspert rəyinə əsasən əsas borcun 14092,40 manat müəyyən edilməsinə qiymət verərək qeyd edir ki, rəyə əsasın əsas borc məbləği iddia tələbində tələb edilmiş məbləğdən yüksək olduğundan iddia tələbində tələb edilmiş həcmdə pul tutulmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad edərək iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakınaçıq hərracdan satılması, borcun satılmışəmlak hesabına ödənilməsi, İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq İddiaçı ASCnin hesabına ödənilməsi barədə gəldiyi nəticədə də məhkəmə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka ilə yüklü edilmiş və ipoteka yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən 18.10.2012-ci il tarixində qeydə alınmışdır. Bank tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmadığı halda ipoteka predmetinə tutmanın yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələb Cavabdeh məxsus “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilməli, həmin əmlakın açıq hərracda satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməli, İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsaitin iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq İddiaçı ASCnin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yuxarıda sadalanan hissələrdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 612,33 manat faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də qismən əsaslı hesab edir. Belə ki, kredit müqaviləsi 18.10.2017-ci il tarixdə bitməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdehin 18.10.2017-ci il tarixindənsonraki dövr üçün ödənilməmiş borca görə illik 5 faiz hesablanmaqla 612,33 manat gecikdirilmiş faiz borcu vardır. İşə əlavə edilmiş ekspert rəyindən görünür ki, tərəflər arasında imzalanmış 18.10.2012-ci il tarixli 4635 saylı kredit müqaviləsinin bitdiyi 18.10.2017-ci il tarixindən əsas borca hesablanan faiz dərəcəsi 5% olmaqla hesablanmış, 18.10.2017-ci il tarixinədək əsas borca görə hesablanmış faiz borcu 2181,20 manat, 14.09.2020-ci il tarixinədək (maliyyə arayışında borcun hesablandığı tarixədək) faiz borcu 2684,49 manat təşkil edir. Bununla da cavabdehin gecikdirilmiş vaxt üçün illik 5% olmaqla borcu 503,29 manat (2684,49-2181,20 (14.09.2020-ci il tarixinə hesablanmış ümumi faiz borcu- 18.10.2017-ci il tarixinədək hesablanmış faiz borcu)) təşkil edir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 612,33 manat faiz borcu hissəsində dəyişdirilməli, tutulacaq faiz borcu 503,29 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracda satılmasını müəyyən etsə də, nəqliyyat vasitəsinin ilkin satış qiymətini müəyyən etməmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 26.08.2021-ci il tarixli, 9/4358 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı ( Ban-JTEBX3FJ90K105240, Mühərrik8437719, rəng-Ağ mirvari) nəqliyyat vasitəsinin hazırki vəziyyətdə orta bazar qiyməti 42500 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə dəyişiklik edilməli, ipoteka predmeti olan 2012-ci il buraxılışlı, TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı ( Ban-JTEBX3FJ90K105240, Mühərrik8437719, rəng-Ağ mirvari) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 42500 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini faiz borcuna dair hissədə qismən əsaslı olsa da, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası apelyantın xahişinə, bankla aralarında restruktrizasiya məqsədilə yeni güzəştli müqavilə bağlanması və kredit borcunun yeni müqavilə əsasında ödənilməsinə qiymət verərək qeyd edir ki, bu məsələ cavabdehlə iddiaçı banka arasında qarşılıqlı razılaşma əsasında həllini tapa bilər. Qeyd edilən məsələ üçün cavabdeh iddiaçı banka müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-666/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə gecikdirilmiş vaxt üçün 612,33 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, gecikdirilmiş faiz borcun görə 503,29 manatın tutulması müəyyən edilməli, ipoteka predmeti olan 2012-ci il buraxılışlı, TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı ( Ban-JTEBX3FJ90K105240, Mühərrik8437719, rəng-Ağ mirvari) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 42500 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-666/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə gecikdirilmiş vaxt üçün 612,33 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Gecikdirilmiş faiz borcuna görə 503,29 manatın tutulması müəyyən edilsin. İpoteka predmeti olan 2012-ci il buraxılışlı, TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı ( Ban-JTEBX3FJ90K105240, Mühərrik8437719, rəng-Ağ mirvari) nəqliyyat vasitəsinin ilkin satış qiyməti 42500 (qırx iki min beş yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 245 (100+145) manatın 100 (yüz) manatı İddiaçı ASC-dən, 145 (yüz qırx beş) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar