Məhkəmə qərarları › İş №2(105)-1796/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1796/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1796/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23.750 (iyirmi üç min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.M.Süleymanova). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24.000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, İddiaçı qeyd edir ki, evi alarkən həmin evin hüquqi sənədlərinin olmadığı ona məlum olmamışdır. Halbuki iddiaçı bundan məlumatlı idi. Xəbərdar olmasa belə, hüquqi sənədlərin olmadığını bildiyi zaman məhkəməyə müraciət edərdi. Lakin İddiaçı bundan 1 ay sonra məhkəməyə müraciət edib. Bundan başqa iddiaçı bir neçə müddətdir ki, ailəsi ilə birgə həmin evdə yaşayır. Evi aldıqdan sonra ona zəng vuraraq evin istilik sisteminin olmadığını, qızdırıcının evi kifayət qədər isitmədiyini demiş, o da ona kondisioner alması üçün 500 manat pul vermişdir. Bundan başqa su borusunu düzəltdirmək üçün 120 manat da əlavə pul verib. Məhkəmə heç bu məbləğləri də nəzərə almamışdır. Qeyd edir ki, evi satarkən İddiaçı və ev alqı-satqısı ilə məşğul olan şəxslə birlikdə Həmkarlar İttifaqlarına gedib bağçılıq kitabçasını almışlar. Ancaq iddiaçı bunları etiraf etməyib. Onun gətirdiyi bəhanələr ondan pul tələb etməsi üçün əsas ola bilməz. Bunlara baxmayaraq məhkəmə işin hallarını düzgün araşdırmamış, bunun nəticəsində də qanunsuz qərar qət edilmişdir. Qeyd etdiyi kimi onların arasında bağlanılmış müqavilə mövcuddur və bu müqavilə iddiaçının sərəncamında olduğu təqdirdə bunu məhkəmədən gizlətmiş və bununla da öz niyyətini bəlli etmişdir. Məhkəmə bu halı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Məhkəmə verilən pulun geri qaytarılmasını qət etmiş, amma evə dair heç bir göstəriş müəyyən etməmişdir. İddiaçı da pulun borc olaraq deyil, məhz evə görə ödənildiyini etiraf edir. Belə olan təqdirdə məhkəmə evə dair məsələləri də həll etməli idi. Bu səbəbdən qətnamə ləğv edilməlidir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(060)-1266/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(060)-1266/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 19.10.2020-ci il tarixdə Cavabdeh tərəfindən icra edildiyi göstərilmiş qəbzdən görünür ki, Cavabdeh ona məxsus Xəzər bağlarında yerləşən 2 otaqlı evini İddiaçı 24.000 manata satmış, pulu tam olaraq almışdır. Müəyyən edilmişdir ki, iddiaçı ev almaq məqsədi ilə cavabdehə 24.000 manat ödəmişdir. Lakin tərəflər arasında evin alqı-satqısına dair müqavilə bağlanılmamışdır. Mübahisə predmeti olan evə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, hüquq müəyyənedici heç bir sənədi yoxdur, özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə haqdlı olaraq hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus 24.000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəf fərdi yaşayış evinin satışına görə 24.000 manat pulu aldığını etiraf etmişdir. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh iddiaya yazılı etiraz təqdim edərək mübahisə predmeti olan 24.000 manat puldan 500 manatı kondisioner alınması üçün iddiaçı tərəfə qaytardığını göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya 500 manat verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi göstərmişdir ki, cavabdeh tərəfindən kondisioner alınması üçün 250 manat qaytarılmışdır, həmin məbləğin iddia edilən pul vəsaitindən çıxılmasına etiraz etmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, 23.750 manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. c münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan sadə yazılı müqavilə ilə sübuta yetirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə cavabdeh apelyasiya şikayətində mübahisəli evə dair məsələnin həll edilməməsini göstərmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli evin ona qaytarılmasına dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, evin ona qaytarılmasına dair hər hansı tələb irəli sürməmişdir. Bundan başqa apelyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə formal əsaslara görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1266/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar