Məhkəmə qərarları › İş №2(105)-1799/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1799/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1799/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02.05.2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşması üzrə 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 (iki min altı yüz səksən üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borcun tutulması, tələbin Cavabdeh2 məxsus “Kamaz 5511” markalı 10XX216 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.M.Süleymanova) Qətnamədən İddiaçı QSC apelyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın zaminlərə dair hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000026328 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1841,04 ABŞ dolları kredit borcunun, 1194,87 ABŞ dolları faiz borcu və 761,84 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3797,75 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin «Kamaz 5511» markalı, 10XX916 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 3797,75 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən zaminlərə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci və 477.0.4-cü maddələri ilə əsaslandırılmışdır. İlkin olaraq hazırkı mülki iş üzrə məhkəmə tərəfindən tətbiq edilmiş AR MM-nin 477.0.1-ci maddəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi istinad olunan maddədə qeyd olunan əsaslar hazırkı işin faktiki hallarını əhatə etmir. Belə ki, AR MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. İstinad olunan maddənin məzmuna görə, zaminliyə bu əsasla xitam verilməsi üçün iki şərtdən biri olmalıdır, yəni ya zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməlidir və yaxud zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmalıdır. İş materiallarına əlavə edilmiş sübutlardan və iddiaçının tələbindən aydın şəkildə bəlli olur ki, kredit öhdəliyi qüvvədədir və ona hazırda xitam verilməyib. Beləliklə, birinci şərt hazırkı mülki iş üzrə mövcud deyil. İkinci şərtə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı mülki iş üzrə zaminlərin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrin yaranması halı baş verməmişdir. Belə ki, zaminlər zaminlik müqavilələri əsasında iddiaçı qarşısında 120 ay müddətində 20000 ABŞ dolları çərçivəsində öhdəlik götürmüşlər və iddiaçının tələbi həmin məbləğ və müddət çərçivəsində olmuşdur. 1 ABŞ Dolları 75 sent məbləğində olmuş, zaminlik öhdəliyi isə 03.05.2021-ci il tarixinə kimi qüvvədə olmuşdur. Bununla yanaşı kredit öhdəliyinə edilmiş dəyişikliklər X2 ilə razılaşdırılmışdır. Belə ki, 02.05.2014-cü il tarixli 03R000026328 kredit razılaşması və həmin razılaşmaya 16.03.2015-ci il tarixli 03R000026328S saylı, 02.12.2015-ci il tarixli 03R000026328SA saylı, 22.01.2016-cı il tarixli 03R000026328SB saylı, 25.02.2016-cı il tarixli 03R000026328SC saylı, 12.08.2016-cı il tarixli 03R000026328SD saylı sazişlərlə edilmiş dəyişikliklər əsas borclu ilə yanaşı, zamin Vəfadar Aydın oğlu tərəfindən də imzalanmışdır. Göründüyü kimi məhkəmə hazırkı mülki iş üzrə AR MM-nin 477.0.1-ci maddəsini tətbiq edən zaman işin faktiki hallarını tam araşdırmamış və qiymət verməmişdir. Hesab edir ki, məhkəmə AR MM-nin 477.0.4-cü maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə müddət 03.05.2021-ci il tarixinə kimi müəyyən edilmişdir. Zaminlik müqavilələrinin giriş hissəsində birbaşa qeyd edilmişdir ki, " 03 may 2011-ci il tarixdə Sumqayıt şəhərində aşağıdakı şərtlərlə bağlanmış 03L000006824 saylı Kredit xətti müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmalı üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışlar: Kredit Xəttinin məbləği: 200000 ABŞ dollar, Kredit Xəttinin Müddəti: 120 ay." İddiaçı tərəfindən zaminə qarşı məhkəmə müstəvisində tələbetmə hüququ həmin müddət çərçivəsində icra edilmişdir, yəni artıq 2018-ci il may ayında, iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı iddia tələbi irəli sürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6147/2018 saylı, 12.07.2018 saylı qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı iddiası qismən təmin edilmişdir. Lakin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-373/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6147/2018 saylı, 12.07.2018 tarixli qətnaməsi ləğv edilərək həmin iş baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı Sumqayıt Şəhər Məhkəməsindən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürərək yenidən ümumi qaydada 10.06.2020-ci il tarixli iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. AR MM-nin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qeyd olunanlardan aydın olur ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı artıq 2018-ci ilin may ayında müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmüşdür. Həmin müddətdən iddia müddətinin axımı kəsilmişdir. İddia müddətinin yenidən hesablanması Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-373/2019 saylı qərardadının qanuni qüvvəsini aldığı müddətdən başlamışdır. Həmin müddət bitməmiş iddiaçı yenidən qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmədən iddia tələbini irəli sürmüşdür. Bütün qeyd olunanlarla yanaşı, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən AR MM-nin 477.0.4-cü maddəsinə istinad edilsə də həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq edilməmişdir. Belə ki, sözügedən maddənin 1-ci cümləsinin məzmununa görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İddiaçı ilə cavabdehlər-zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur. İstinad olunan maddənin 2-ci cümləsindəki 1 illik iddia müddətin tətbiq edilməsi tərəflər arasında bağlanmış müqavilələrdə belə müddət təyin edilmədiyi hallara şamil olunur. Lakin hazırkı mübahisə predmetini təşkil edən məsələ bu halı ehtiva etmir. Hətta hesab edilsə ki, zaminə qarşı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki, AR MM-nin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 12.03.2020-ci il tarixli qərarı ilə kəsici və iddia müddətlərinin anlayışı və fərqləri izah edilmişdir. Həmin qərara əsasən iddia müddəti tələb hüququ üçün xarakterikdir, kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir". Həmin hissədə də iddia müddətinə misal olaraq AR MM-nin 477.0.4-cü maddəsi göstərilmişdir. Həmçinin istinad olunan qərarda qeyd edilmişdir ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Odur ki, hesab edir ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman AR MM-nin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizəni məhkəməyə təqdim etməmişdirlər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın zaminlərə dair hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apelyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ancaq iddia tələbinin zaminlərə dair təmin edilməmiş hissəsində mübahisə doğurduğundan qətnamə mübahisələndirilən hissəsində araşdırılmalı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 03 may 2011-ci il tarixli, 03L000006824 saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. 03 may 2011-ci il tarixli, 03L000006824 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 02 may 2014-cü il tarixli, 03R000026328 saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. 16.03.2015-ci il tarixli 03R000026328S saylı, 02.12.2015-ci il tarixli 03R000026328SA saylı, 22.01.2016-cı il tarixli 03R000026328SB və 25.02.2016-cı il tarixli 03R000026328SC saylı sazişlərdən görünür ki, bank ilə kredit alan arasında 03 may 2011ci il tarixli, 03L000006824 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 02 may 2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 02.05.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş faizi və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kesirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həmçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab etmişdir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üsün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 02.05.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 11.09.2018-cı il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 02 may 2014-cü il tarixli, 03R000026328 saylı kredit razılaşması üzrə Cavabdeh1 banka 11 sentyabr 2018-ci il tarixə olan kredit borcu 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh1 qarşı 02.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu nəzərə alınmqla təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış 04 may 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 03 may 2011-ci il tarixli 03L000006824 saylı kredit xətti müqaviləsi və bu kredit xətt müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxsus “Kamaz 511” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. AB N seriyalı 570022 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz 511” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. AA seriyalı, 137601 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, “Kamaz 511” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən 04.05.2011-ci il tarixində qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş DİN BDYPİ X4 tərəfindən qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab etmişdir. İş materiallarında olan Bankla Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 05 may 2011-ci il tarixli 03S000010695 saylı, 30 aprel 2014-cü il tarixli, 03S000020983 saylı və 04 iyul 2012-ci il tarixli 003S000015006 saylı Zaminlik müqavilələrindən görünür ki, zaminlər Kredit Xətti müqaviləsi, bu Kredit Xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. İş materiallarından görünür ki, məhkəmə iddianı zaminlərə münasibətdə təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci və 477.0.4-cü maddələrinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, zaminlərə münasibətdə tələb irəli sürmə müddəti keçməsindən iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə iş üzrə gəlmiş olduğu nəticə ilə qismən, yəni zamin Cavabdeh2 münasibətdə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, 02.05.2014-cü il tarixli, 03R000026328 kredit razılaşması və həmin razılaşmaya 16.03.2015-ci il tarixli 03R000026328S saylı, 02.12.2015-ci il tarixli 03R000026328SA saylı, 22.01.2016-cı il tarixli 03R000026328SB saylı, 25.02.2016-cı il tarixli 03R000026328SC saylı, 12.08.2016-cı il tarixli 03R000026328SD saylı sazişlərlə edilmiş dəyişikliklər əsas borclu ilə yanaşı, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, zamin Cavabdeh2 borc götürənlə bərabər məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddədə göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinit əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat eeməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə AvropaMəhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticəüçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02.05.2014-cü il tarixli, 03R000026328 saylı kredit razılaşması üzrə 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 (iki min altı yüz səksən üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrin irəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02.05.2014-cü il tarixli, 03R000026328 saylı kredit razılaşması üzrə 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 (iki min altı yüz səksən üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar