Məhkəmə qərarları › İş №2(105)-180/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-180/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-180/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X7 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 266588 saylı kredit müqaviləsinə əsasən “X7 Azərbaycan” QSC Cavabdeh illik 17% faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 manat kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə ödəniş cədvəlinə uyğun olaraq kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “X7 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9677,02 manat əsas, 602,21 manat faiz, 198,73 manat cərimə borcu olmaqla, cəmi 10.477,96 manat borcun və ödənilmiş 124,77 manat dövlət rüsumunun “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, “X7 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bugünədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X7 Azərbaycan” QSC-yə olan borcu 9677,02 manat əsas, 602,21 manat faiz, 198,73 manat cərimə borcu olmaqla, cəmi 10.477,96 manat təşkil edir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Almaz Sülüeymanova) iddia qismən təmin edilərək, Cavabdeh 7032,34 manat əsas borc, 242,16 manat faiz borcu, 69,94 manat cərimə borcu, cəmi 7344,44 (yeddi min üç yüz qırx dörd manat, qırx dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87,45 (səksən yeddi manat, qırx beş qəpik) manatın iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mühasibatlıq ekspertizası keçirməklə müəyyən ediləcək faktiki borcun müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Məhkəmə tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərini və faktiki ödənişləri nəzərə almamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Bütün bunlar nəzərə alındıqda kreditor, yaranmış vəziyyətdən, üstün mövqeyindən istifadə edib fantastik məbləği müştəridən tələb etməsi və məhkəmə vasitəsi ilə buna nail olmağ istəməsi əsassız və qanunsuzdur. Bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Baxmayaraq ki, sübutlar yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Yaranmış borc da daxil olmaqla sonra iddia tələbinin azaldılması düzgün araşdırılmamış və mühasibatlıq ekspertizası təyin edilməmişdir. Belə ki, borcdan bankın istədiyi formada ödəniş etmişdir ki, gecikdirilən günlər (aylar üzrə) ödəniş planına uyğun qrafikə düşsün. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Real situasiyanı və kredit borcunun ədalətli müəyyənliyini əks etdirmir. Proses zamanı iştirakı olmadığı üçün vəsatət verə bilməmişdir. Tərəfindən məhkəmə prosesində iştirakı təmin edilmədiyindən aidiyyatı vəsatətləri məhkəməyə təqdim edə bilməmişdir. Banka borc puldan böyük məbləğ ödənilərkən proseslərdən məlumatsız olmuşdur. Bank ödənilmiş puldan yalnız əsas borcdan silinəcəyini bildirmişdir. Baxmayaraq ki, fantastik məbləğdə borcu olduğunu və məhkəmə qərarı ilə təsdiqləndiyini sonradan bilmişdir. Müqavilə ləğv olmadan kredit üzrə borc tutulursa ancaq gecikdirilmiş günlər üçün ödəniş hesablanıb tələbkara ödənməli və kredit öhdəliyi gecikmədən çıxdıqdan sonra ödəniş planı üzrə gələcək öhdəliyin icrası davam etməlidir. Həmçinin hansı dövrlər üçün faizin hesablanması qeyd edilməmişdir. Əgər tam məbləği qətnamə üzrə ödəməlidirsə, gələcək əsas məbləğin faizini ödəmək öhdəliyi qalmadığını zənn edir. Çünki götürdüyü kredit öhdəliyi, ödəniş planı, ödəniş müddəti üzrə faiz hesablanıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə ərizə verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ekspert rəyi üzrə əsas borc məbləğini qəbul etmədiklərini, faiz borcuna etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. (...)

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir.

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində dəyişdirilməlidir.

16. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “X7 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli, 266588 saylı kredit müqaviləsinə əsasən “X7 Azərbaycan” QSC Cavabdeh illik 17% faiz ödəmək şərti ilə 36 ay müddətinə 20000 manat kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə ödəniş cədvəlinə uyğun olaraq kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.

17. Maliyyə arayışından görünür ki, 27 iyul 2022-ci il tarixə Cavabdeh “X7 Azərbaycan” QSC-yə 7032,34 manat əsas borcu, 242,16 manat faiz, 69,94 manat cərimə borcu, cəmi 7344,44 manat borcu vardır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdeh X2 versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

19. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

20. Apellyasiya şikayətinin dəlillərini nəzərə alınaraq, tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/506 nömrəli, 15 mart 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh “X7 Azərbaycan” QSC-yə maliyyə arayışı verilən tarixə, yəni 27 iyul 2022-ci il tarixə 6790,72 manat əsas, 109,03 manat faiz borcu, qərardadın çıxarıldığı vaxta, yəni 10 yanvar 2023-cü il tarixə 6790,72 manat əsas, 631,73 manat faiz borcu var.

22. Beləliklə, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.

23. Ekspert rəyindən müəyyən edilir ki, əsas və faiz borcunun məbləği xx.xx.2022-ci il tarixli maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən azdır.

24. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

25. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan əsas və faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.

26. Dəbbə pulunun tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 69,94 manat dəbbə pulunun tutulması hissəsində əsaslıdır.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, əsas borc üzrə 6790,72 manat, faiz borcu üzrə 109,03 manat Cavabdeh tutularaq iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

29. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 (bir yüz) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3861/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Əsas borc üzrə 6790,72 (altı min yeddi yüz doxsan manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 109,03 (bir yüz doqquz manat üç qəpik) manat Cavabdeh tutularaq iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 100 ( bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar