Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1800/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 769,50 (yeddi yüz altmış doqquz manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 25 (iyirmi beş) manat, Cavabdeh 75 (yetmiş beş) manatın tutularaq X1 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1020 manat maddi ziyan, 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 30.06.2020-ci il tarixdə, saat 19:00 radələrində Masazır Novxanı avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Masazır dairəsi yaxınlığında təxminən 5-10 km/saat surətlə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Hyundai” markalı avtomobil arxadan onun avtomobilinə dəymiş və avtomobili əzilmişdir. Nəticədə daha 3 başqa avtomobilə ziyan vurulmuşdur. Yol hadisəsinin əyləc sistemində nasazlığı olan “Hyundai” markalı avtomobilin sürücüsü, Cavabdeh təqsiri üzündən baş verdiyi sübuta yetirilmiş və bu barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyul 2020-ci il tarixli qərarda aydın yazılmışdır. Hadisə nəticəsində ona 1760 manat ziyan dəymişdir. Bu barədə “xxxx” ASC-nin hesablama aktı da vardır, həmin aktın surətini ərizəsinə əlavə edir. Zərərin bir qismi ona ödənilmiş və hal-hazırda cavabdeh ona 1020 manat ödəməlidir. Lakin cavabdeh ona vurulmuş maddi ziyanı ödəməkdən imtina edir. O, bu barədə dəfələrlə müraciət etsə də bu bir nəticə verməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəza nəticəsində iddiaçının avtomaşınına dəymiş zərərin 700 manatı sığorta tərəfindən qarşılanmışdır. Eləcə də iddiaçının avtomaşınına dəymiş ziyan iddia edilən məbləğdə deyil. Bundan başqa «xxxx» ASC iş üzrə cavabdeh qismində məsuliyyət daşıyır. İstənilən halda vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi ona deyil «xxxx» ASC-yə aiddir. Məhkəmə həmin şirkəti cəlb etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(060)-505/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi zərər dəyməsinin mütəxəssis rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 20-04185/08/AA-3261/20 saylı sığorta aktından görünür ki, sığortalı Cavabdeh məxsus **-CX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai County” markalı avtomaşın 30.06.2020-ci il tarixdə “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomomaşına zərər yetirmiş, baş vermiş hadisə sığorta hadisəsi olmaqla avtomobilə dəymiş zərər 1760 manat məbləğində müəyyən edilmiş, 740,50 manat sığorta ödənişi olmuşdur. Abşeron rayon Polis İdarəsinin 24.07.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, 30.06.2020-ci ildə saat 19:00 radələrində Cavabdeh idarə etdiyi “Hyundai Country” markalı 50-CX946 dövlət qeydiyyat nişanlı avtomobillə Masazır-Novxanı avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Masazır dairəsi yaxınlığında təxminən 40-50 km/saat surətlə hərəkətdə olarkən əyləcə basdıqda avtomobilin əyləc sistemi işləməmiş, əvvəlcə qarşısında gedən “Wolsvagen Passat” markalı avtomobili arxadan vurmuş və o, maşını yolun sağ tərəfinə çəkmiş, daha sonra isə qarşıda olan İddiaçı idarə etdiyi “Azsamand” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, maşını yolun sağ hissəsinə çəkmiş və yenə də “Azsamand” markalı avtomobilə dəymiş, beləliklə Cavabdeh yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. İşə əlavə olan “xxxx” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti tərəfindən verilmiş hesablama Aktından görünür ki, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər cəmi 1760 manat (ehtiyyat hissələrinin qiymətləri+təmir işi) qiymətləndirilmişdir. İşdən göründüyü kimi, Cavabdeh “Hyundai Country” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus avtomoşına maddi zərər vurmaqla mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, zərər qarşısıalınmaz qüvvənin təsirindən və ya zərərçəkən şəxsin qəsdi nəticəsində əmələ gəlməmişdir, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etməklə vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə göstərilən məbləğin Sığorta şirkətindən tələb olunması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən yol-nəqliyyat hadisəsi siğorta hadisəsi kimi qiymətlənidirilmiş, zərərin məbləği 1760 manat müəyyən edilmiş və siğorta aktına əsasən zərərin əvəzi olaraq faydalanan şəxs İddiaçı “xxxx“ ASC tərəfindən 740,50 manat məbləğində sığorta ödənişi edilmişdir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 53.4-cü maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. Şərh olunan hüquq normalarına istinadən məhkəmə iddiaçının zərərin əvəzinin ödənilməyən hissəsinin zərərvuran şəxsdən (cavabdehdən) tələb edilməsini qanuni hesab edir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4261 nömrəli, 03 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilən “xxxx” ASCnin 02.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Azsamand” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 1510 manat müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 740,50 sığorta ödənişi çıxılmaqla 769,50 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbayjan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 09 mart 2021-ci il tarixli 2(060)-505/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1800/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1800/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver