Məhkəmə qərarları › İş №2(105)-1800/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1800/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1800/2023 25.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair (Açar sözlər: avtomobilə dəymiş ziyan- pul tələbi) X2 (sədrlik edən və məruzəçi), X11 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(060)- 1060/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən “Chevrolet Trax” markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının, **-CF-*** dövlət qeydiyyat nişanlı, “X17” markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında sözügedən avtomobili idarə etmək səlahiyyəti Cavabdeh2 verilmişdir.

2. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarında istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokola əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 22:50-də 16-cı məhəllə ərazisində 50- CF-242 dövlət qeydiyyat nişanlı, “X17” markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

3. Ulduz FMK Avtoservis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır.

4. İş materiallarına əlavə edilmiş müstəqil ekspertin rəyinə əsasən “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəymiş zərər 10537 manat təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilir.

6. PXA126340 saylı sığorta aktına əsasən **-CF-*** dövlət qeydiyyat nişanlı, “X17” markalı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 3942,10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

7. İşə əlavə edilmiş xidmət müqavilələrinə əsasən iddiaçı ilə X5 arasında 05 yanvar, 05 fevral və 05 mart 2023-cü il tarixlərində taksi xidmətinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Eyni tarixli aktlara əsasən iddiaçı tərəfindən X4 hər dəfə 600 manat olmaqla, cəmi 1800 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, avtomobilə dəymiş zərərin əvəzi olaraq 6887 manat, 200 manat ekspertiza xərci, 1800 manat taksi xidmətinə ödənilən xərc, 97 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7784 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, “Chevrolet Trax” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçıya məxsusdur. Həmin avtomobil etibarnamə əsasında X6 tərəfindən idarə edilir. 23 noyabr 2022-ci ildə təxminən 20:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə adlanan ərazidə X6 avtomaşını qonaq getdiyi binanın yaxınlığında yolun kənarında saxlamışdır. Saat təxminən 23:30 radələrində avtomobilə yaxınlaşdıqda avtomaşını qəzalı vəziyyətdə görmüşdür. Maşın arxadan zərbə nəticəsində itələnərək öndə olan X7 məxsus **-EH-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” markalı avtomobilə dəymişdir. Nəticədə iddiaçının avtomobili ön və arxadan zərbə görərək yarasız vəziyyətə düşmüşdür. X1 hadisə yerinə yaxınlaşdıqda hadisəni törədən avtomobil hadisə yerində olmamışdır. 24 noyabr 2022-ci səhər saatlarında Cavabdeh1 hadisə yerinə gələrək hadisəni oğlu Cavabdeh2 idarə etdiyi Cavabdeh1 məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı “X17” markalı avtomobillə törətdiyini etiraf etmişdir. Yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus olan avtomobilə xeyli miqdarda zərər dəymişdir. Avtomobilin təmiri üçün “Ulduz FMK” avtoservis mərkəzinə aparılmışdır. Servis tərəfindən avtomobilə dəymiş zərərin miqdarı 10387 manat hesablanmışdır. İcbarı sığorta üzrə 3500 manat iddiaçıya, 1500 manat isə üçüncü avtomobilə pul məbləği təyin olunmuşdur. Lakin icbari sığorta üzrə olan ödəniş avtomobilimin təmiri üçün yetərli olmamışdır. Yerdə qalan 6887 manatın ödənilməsi üçün avtomobilin mülkiyyətçisi Cavabdeh1 və etibar edilən Cavabdeh2 yazılı və şifahi müraciətlər etsə də, onun müraciətinə məhəl qoymamış, ödəniş etməkdən yayınmışlar. Avtomobilə dəymiş zərəri dəqiqləşdirmək üçün müstəqil ekspert mərkəzinə müraciət olunmuşdur. Eskpert mərkəzi tərəfindən dəymiş zərər 10537 manat hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 20 iyun 2023-cü il tarixli, 2(060)-1060/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 5698 (beş min altı yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquz yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və 75 (yetmiş beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 39 (otuz doqquz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 11 (on bir) manatının isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan və onun tərəfindən etibarnamə əsasında idarə olunan **-CF-*** dövlət qeydiyyat nişanlı “X17” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya bunun üçün 3942,10 manat ödəniş edilmişdir. Ekspert rəyində iddiaçıya məxsus avtomobilə dəymiş ziyan 9641 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilmiş sığorta məbləği həmin məbləğdən çıxılmaqla, yerdə qalan 5698,9 manat dəymiş zərərin əvəzi kimi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş materialları ilə müəyəyn edilir ki, müstəqil ekspertin rəy verməsi üçün iddiaçı tərəfindən 200 manat xidmət haqqı ödənilmişdir. İddia qismən təmin edildiyi üçün həmin məbləğin yarısı, yəni 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı öz avtomobilindən istifadə edə bilmədiyi üçün taksi xidmətindən istifadə etdiyini və bunun üçün 1800 manat pul xərclədiyini bildirərək, əldən çıxmış fayda qismində həmin məbləğin də, cavabdehdən tutulmasını xahiş etmişdir ki, məhkəmə həmin məbləğin ağlabatan məbləğdə, yəni 200 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab etmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1108.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

14. Cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlilləri eyni məzmundan ibarətdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına uyğun olmayan əsassız qətnamə qəbul etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1060/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini qismən qəbul edir. Belə ki, "xxxx" şirkətinin serviz mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli rəyindəndə görünür ki, qiymətləndirmə aktı üzrə tamamlanmamış işlər üzrə məbləğ 1290 manat, qiymətləndimrə aktı üzrə faktura isə 4225 manat qiymətləndirilmişdir. "xxxx" şirkətinin AutoBox automobil servisinin rəyinə əsasən “Chevrolet Trax” markalı, ** CH *** dövlət qeydiyyat nişanı avtomaşının tam yararlı vəziyyətə salınması üçün tələb olunan məbləğ 5515 manat qiymətləndirilmişdir. İşə baxan məhkəmə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə ekspert qarşısında sual qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində nəzəri hesablama yolu ilə iş materiallarında olan «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymət nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilmişdir. Ekspert rəyindən göründüyü kimi ekspert avtomaşına dəyən zərəri hesablayarkən «Ulduz» FKM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara istinadən rəy vermişdir. Halbuki «Ulduz» FKM tərəfindən müəyyən edilən qiymətləndirmə hesabatı reallığa uyğun olmadığı üçün ekspertiza təyin edilmişdir. "xxxx" şirkətinin avto servizi avtomobilin 11 ehtiyyat hissəsinin tam dəyişdirilməsinin qeyd etsə də müstəqil ekspert «Ulduz» FKM 21 ehtiyyat hissələrinin dəyişdirilməsini qeyd etmişdir. Bundan başqa avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz olunmasına baxmayaraq rəydə 1100 manat rəngsaz işi üçün pul hesablanmışdır. Göründüyü kimi müstəqil qiymətləndirici ilə "xxxx" Şirkətinin qiymətləndirmə aktında qiymətlərdə ciddi uyğunsuzluq vardır. Belə olan halda yalnız müstəqil qiymətləndiricinin rəyinə uyğun tərtib edilmiş ekspert rəyi iş üzrə əsaslı sübut hesab edilə bilməz. İşə baxan məhkəmənin həmin ekspert rəyinə istinad edib, qərar qəbul etməsi qanunsuz mövqeydir. Digər tərəfdən hazırkı iş üzrə iddiaçının avtobilinə ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən Cavabdeh2dur. Həmin zaman o avtomobili etibarnamə əsasında idarə etmişdir. Dəymiş ziyanın ödənilməsinə görə məsuliyyəti də yalnız o daşımalıdır. Məhkəmənin dəymiş ziyanın əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması barədə mövqeyi işin hallarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1060/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, 5698,90 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzinin cavabdehdən Cavabdeh1 və Cavabdeh2 müştərək qayda da tutularaq İddiaçı ödənilməsi hissəsində qətnamə dəyişdirilərək, (5515-3942,10=1572,90 manat) 1572,90 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi təmin edilməli, və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər.

17. İddiaçının birinci instansiya məhkəməsində iştirak etmiş vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 610 10 03, *** *** ** **, 050 352 47 75 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

19. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

20. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

22. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1060/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsinin dəymiş ziyan məbləğində dəyişdirilərək, 1572,90 manat məbləğində pulun yalnız Cavabdeh2 tutularaq İddiaçı ödənilməsini xahiş etmişlər.

25. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1060/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsini yalnız mübahisələndirilən hissələrdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddia tələbinin Cavabdeh1 aid təmin edilən hissəsində, ləğv edilməli, iş üzrə qətnamənin ləğv edilmiş hissəsində yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

27. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

28. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

29. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

31. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

32. Baxılan işdə Cavabdeh2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə Cavabdeh2 tərəfindən idarə edilən avtonəqliyyat vasitəsinin sonuncunun təqsiri üzündən zərbə nəticəsində ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığı kimi, işin bu halı cavabdehlər tərəfindən qəbul edilmiş və mübahisələndirilməyən haldır.

34. Apellyasiya şikayətinin məzmunundan aydın olduğu kimi hazırda iki məsələ üzrə tərəflər arasında mübahisə qalmaqdadır.

1. İddiaçının avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği

2. Həmin ziyan məbləğini ödəməli olan tərəf

35. Apellyasiya şikayətinin iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin qətnamədə müəyyən edilmiş məbləğdən daha az olması ilə bağlı dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiyası məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanın məhz Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləğini müəyyən edərkən haqlı olaraq ekspert rəyinə istinad etmişdir.

36. Cavabdehlər apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin “şişirdiyildiyini” bildirsələr də, bununla bağlı hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmiş, etirazlarını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışlar. Kollegiya qeyd edir ki, apellyatorlar ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.

37. İşdən müəyyən edildiyi kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı iş materiallarında həm müstəqil qiymətləndiricinin, həm sığorta şirkətinin fərqli məbləğdə qiymətləndirməyə dair sənədləri vardır. İşə baxan məhkəmə yaranmış ziddiyyətli məqamın aradan qaldırılması məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilən ekspert rəyində iddiaçıya məxsus “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9641 manat müəyyən edilmişdir.

38. Kollegiya cavabdeh tərəfin bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

39. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyan məbləği kimi mötəbər sübut qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1985 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad edilməsi barədə işə baxan məhkəmənin mövqeyi əsaslı və işin faktiki hallarına uyğundur.

41. Apellyasiya şikayətinin iddiaçıya vurulmuş ziyanın yalnız Cavabdeh2 tutulması barədə dəlilini kollegiya əsaslı hesab edir. İddiaçının mülkiyyətinə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində vurulmuş ziyanın hər iki cavabdehdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyini qanuni hesab etməyən kollegiya bu barədə öz mövqeyini aşağıdakı formada əsaslandırır.

42. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

43. Hazırkı işin tədqiq olunan faktiki hallarından isə müəyyən edilmişdir ki, 23 noyabr 2022-ci tarixdə Sumqayıt şəhəri, 16-cı məhəllə adlanan ərazidə iddiaçıya məxsus “Chevrolet Trax” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi Cavabdeh1 məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı “X17” markalı avtomobilin zərbə ilə dəyməsi nəticəsində maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh2 barəsində AR İXM-in 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

44. Göründüyü kimi iş üzrə iddiaçının avtomobilinə dəymiş ziyan yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində yaranmışdır ki, həmin hadisə Cavabdeh2 tərəfindən törədilmiş və onun barəsində də inzibati tənbeh növü tətbiq edilmişdir.

45. Mülki Məcəllənin 1108.1-ci maddəsinin dizpozitiv şərtinə əsasən, bu formada zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

46. Beləliklə qanunverici öz normasında bu kimi zərərin əvəzinin ödənilməsi vəzifəsini mülkiyyətçi ilə faktiki sahiblik edənin birgə öhdəliyi kimi deyil, alternativ qaydada bilavasitə zərərvuran şəxsin vəzifəsi kimi müəyyən etmişdir.

47. İşə baxan məhkəmə mübahisənin bu halına diqqət yetirməmiş və iddiaçının avtomobilinə dəymiş ziyan məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması barədə əsassız nəticəyə gəlmişdir.

48. Sadalananların yekunu kimi məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi üçün əsasdır.

49. Bu səbəblə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddia tələbinin Cavabdeh1 aid təmin edilən hissəsində ləğv edilməli, iş üzrə qətnamənin ləğv edilmiş hissəsində yeni qətnamə qəbul edilərək, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1060/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsi qismən- “iddia tələbinin və ekspertiza xərcinin Cavabdeh1 aid təmin edilən hissəsində” ləğv edilsin. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə yəni, 5698 (beş min altı yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində avtomobilə dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində ekspertiza xərci və 200 (iki yüz) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5998 (beş min doqquz yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və 75 (yetmiş beş) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi; iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 39 (otuz doqquz) manatının Cavabdeh2, 11 (on bir) manatının isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar