Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1801/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2397,75 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 14.12.2015-ci il tarixli, 2(060)-13747/2015 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdeh kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 2622,90 ABŞ dolları əsas, 150,68 ABŞ dolları faiz, 61,52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2835,10 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh qeyd olunan məhkəmə əmrindən etiraz ərizəsi vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 03.11.2020ci il tarixli qərardadı ilə həmin məhkəmənin 14.12.2015-ci il tarixli, 2(060)-13747/2015 saylı məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçı "xxxx" KB ASC tələbini bununla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 05.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 % ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 02 dekabr 2015-ci il tarixinə həmin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 2622,90 ABŞ dolları əsas borc, 150,68 ABŞ dolları faiz borcu və 61,52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2835,10 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən həqiqəti müəyyən etməmiş, işi ədalətli araşdırmamış, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, məhkəmənin qətnaməsi bir sıra maddi və prosessual hüquqların pozulması ilə çıxarılmışdır. Belə ki, onun banka heç bir borcu yoxdur. Mərkəzi Bankın, eyni zamanda iddiaçı "xxxx" KB ASC-nin 14 oktyabr 2020-ci il tarixli məktubları bu faktı təsdiq edir. Birinci instansiya məhkəməsi isə göstərilən halları nəzərə almamışdır. Ona görə də qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, cavabdehin dəlillərinin əsassız olduğunu, ədalətli qətnamə çıxarıldığını və bu səbəbdən onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə etdi ki, həqiqətən də bank öz ehtiyat fondu hesabına cavabdehin borcunu silmişdir. Lakin balansarxası hesabda həmin borc Cavabdeh adına gedir, yəni bu borc bankın xeyrinə tutulmalıdır. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı heç bir nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 05.02.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh bank tərəfindən istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan UB-BANK/PİKMD/384063 nömrəli, 02.12.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka 2622,90 ABŞ dolları əsas borc, 150,68 ABŞ dolları faiz borcu və 61,52 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2835,10 ABŞ dolları kredit borcu vardır. Yenə də iş materiallarına əlavə edilmiş UB-BANK/PİKMD/936555 nömrəli, 30.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka 2397,75 ABŞ dolları əsas borcu vardır. İşdə olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. Yenə işdə olan problemli kreditlərin kompensasiyası barədə 30 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı 5060,59 manat kompensasiya hesablanmış, bunun 2356,52 manat hissəsi Cavabdeh “Bank Respublika” SKB-yə, 2704,07 manat hissəsi isə "xxxx" ASC-yə olan borcunun silinməsinə yönəldilmişdir. Yenə də işdə AR Mərkəzi Bankının 14 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman imzalanmışdır. Fərmana əsasən 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərman çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Mərkəzi Kredit Reyestrindən əldə olunmuş məlumatlarda "xxxx" Kommersiya Bankı ASC qarşısında Cavabdeh adına qalıq borc öhdəliyi tam ödənilmiş statusunda qeyd olunduğu üçün həmin kreditin restrukturizasiya olunması nəzərdə tutulmamış və hesablanmış kompensasiya həmin borcun azaldılmasına yönləndirilməmişdir. Eyni zamanda cavab olaraq bildirilir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçıdan istehlak məqsədilə 18 ay müddətinə illik 26 faiz ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı 5060,59 manat kompensasiya hesablanmış, bunun 2356,52 manat hissəsi Cavabdeh “Bank Respublika” SKB-yə, 2704,07 manat hissəsi isə "xxxx" ASC-yə olan borcunun silinməsinə yönəldilmişdir. İddiaçı bank ehtiyat fondunun vəsaitləri hesabına cavabdehin ona olan 2397,75 ABŞ dolları borcunu silsə də, balansarxası hesabda həmin borc Cavabdeh adına qalmışdır. Bank hazırda həmin borcu tələb edir. Cavabdeh banka olan borcunu tam ödədiyini bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 2397,75 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı və hesabdan çıxarışla öz təsdiqini tapır. Hazırda Cavabdeh AR Mərkəzi Bankının 14 oktyabr 2020-ci il tarixli məktubuna istinad edərək borcunun olmaması barədə dəlili əsassızdır, çünki bu məktubla borcluya izah edilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC qarşısında Cavabdeh adına qalıq borc öhdəliyi tam ödənilmiş statusunda qeyd olunduğu üçün həmin kreditin restrukturizasiya olunması nəzərdə tutulmamış və hesablanmış kompensasiya həmin borcun azaldılmasına yönləndirilməmişdir. Qalıq borc isə yuxarıda da qeyd olunduğu kimi, bankın ehtiyat fondunun vəsaitləri hesabına silinmişdir və iddiaçının bu vəsaiti borcludan tələb etməsi tamamilə qanunidir. Apelyasiya baxışı zamanı cavabdeh banka olan borcunu tam ödədiyini bildirsə də bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1801/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1801/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver