Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1803/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(029)-484/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(029)-484/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin məhkəmənin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1989-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X1 xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması, eləcə də 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim A.Vəliyev) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(029)-484/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 31 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün müəyyən edilmiş sabit pul məbləğində 140 manat miqdarında alimentin tutulması hissəsini dəyişdirərək (artıraraq), hər ilin hər ayı üçün (minimum məbləğdən az olmayan) sabit pul məbləğdə 193 (yüz doxsan üç) manat alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat məbləğində rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 31 avqust 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Qusar Rayon Məhkəməsinin 2(029)- 618/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, eyni zamanda Qusar Rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra onun iddiası əsasında Qusar Rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay onun xeyrinə 140 manat alimentin tutulması qət edilmişdir. Məlum olduğu kimi uşaq ildən-ilə böyüyür, artıq məktəbə gedir, bununla da ona sərf olunan xərc də artır. Cavabdeh tərəfindən aylıq ödənilən 140 manat aliment isə hətta uşağın ehtiyaclarının cüzi hissəsini belə ödəmir. Ona görə də hesab edir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə 31 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan 140 manat alimentin məbləği artırılaraq 193 (yüz doxsan üç) manata çatdırılmalıdır. Bundan başqa bildirmişdir ki, o, iddia tələbi üzrə cavabdehə aralarında olan ailə mübahisəsinin (alimentin artırılması tələbi üzrə) mediasiya vasitəsi ilə həll olunmasını təklif etsə də, cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən də mediasiya xərci olaraq 50 manatı o, ödəmişdir. Hesab edir ki, mediasiya xərci olaraq ödədiyi 50 manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. O, həmin qətnamə ilə qətiyyən razı deyil, İddiaçı iddiası əsassız olsa da, heç bir sübuta əsaslanmasa da, məhkəmə həmin iddianı rədd etmək əvəzinə qismən təmin etmişdir. O, hazırda heç bir yerdə işləmir. Qusar Rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Əksinə, maddi vəziyyəti daha da pisləşmiş, uzun müddətdir ki, iş tapa bilmir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən bütün bu halları nəzərə almamış, alimentin miqdarının artırılması ilə əlaqədar olan əvvəlki qətnamənin qəbul edilməsindən bir il müddət belə keçməmiş, həmin miqdarın yenidən artırılmasına dair əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən də, alimentin miqdarının artırılması Ailə Məcəlləsinin tələblərinə ziddir. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının iddiasının heç bir şəkildə sübuta yetirilmədiyi nəzərə alınmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, məhkəməyə təqdim etdiyi arayışdan da bəlli olduğu kimi cavabdeh hazırda heç bir yerdə işləmir, belə olan halda hazırkı qətnamə ilə aliment miqdarının artırılması qanuni və əsaslı mövqe hesab edilə bilməz. Qanunverici alimentin miqdarının dəyişdirilməsini tərəflərin əmlak vəziyyətində olan dəyişiklikdən asılı etmişdir. Tərəflərin maddi vəziyyətinə uyğun artıq təyin edilmiş alimentin miqdarı artırılıb azaldıla bilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-618/2019 nömrəli, 13 may 2019- cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əsədova (Babaxayeva) Alisa Saleddinovna arasında 07 fevral 2014-cü il tarixdə Qusar rayon Həzrə kənd İƏN-də 01 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Yenə işdə AZ-İİİ 332220 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 31 avqust 2014-cü ildə anadan olmuş, atası Cavabdeh, anası X2. Yenə işdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-603/2019 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, 31 avqust 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 aprel 2019- cu il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Mülki işdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-614/2021 nömrəli, 02 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)-603/2019 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1989-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014- cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşə əlavə edilmiş Qusar Rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 494 saylı, xx.xx.2022-ci il tarixli, 596 nömrəli arayışlardan görünür ki, Cavabdeh Qusar rayonu Kirig kəndində qeydiyyatdadır və hal-hazırda heç bir yerdə işləmir. İşdə olan 03 mart 2022-ci il tarixli, MŞİH-14835 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qusar rayonu Kirig kəndində yaşayan Cavabdeh, alimentin miqdarının artırılmasına dair mübahisə üzrə ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(029)-484/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Həmin nikahdan onların 31 avqust 2014cü ildə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Qusar Rayon Məhkəməsinin 2(029)- 618/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, eyni zamanda Qusar Rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019cu il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra onun iddiası əsasında Qusar Rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay onun xeyrinə 140 manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən aylıq ödənilən 140 manat aliment miqdarının uşağın maddi ehtiyaclarını lazımi qaydada ödəməyə imkan vermədiyini, uşağın böyüməsi ilə əlaqədar tələbatların artmasını əsas gətirərək, qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı işin hallarından müəyyən edilir ki, cavabdeh hazırda işləmir. Başqa sözlə, maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər il yaşayış minumunun dəyişdirilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Belə olan halda istinad olunan maddi hüquq normalarına görə alimentin yaşayış minimumu haqqında qanuna uyğun olaraq artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(029)-484/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1803/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1803/2022
30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver