Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1804/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 12975.83 manat əsas, 2161.68 manat faiz, 748.63 manat cərimə olmaqla, ümumilikdə 15886,14 manat məbləğində bоrcun və ödənilmiş 137.66 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2022-ci il tarilxi kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 12775.83 manat əsas, 2385.3 manat faiz, 120 manat cərimə olmaqla, ümumilikdə 15281,13 (on beş min iki yüz səksən bir manat on üç qəpik) manat bоrcun və ödənilmiş 135,87 (bir yüz otuz beş manat səksən yeddi qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir (hakim Fərid Yaqubov). xx.xx.2024-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını, eyni zamanda, ərizə ilə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, anasının 2021-ci ildən ağır xəstəliyə tutulması səbəbindən və səhhəti get-gedə pisləşib, daha da, ağırlaşdığından, vaxtında sözügedən qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmaması, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1336/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, iş üzrə yeni qərardad qəbul edilərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci istansiya məhkəməsinin istinad etdiyi qanunlardan və normativ aktlardan görünür ki, onların hamısı düzgün tətbiq olunmayaraq səhv təfsir edilmişdir. Şikayətinə daxil etdiyi tibbi sənəddən görünür ki, anası X3 2021-ci ildən “Hepatit-C” xəstəliyinə tutulduğundan onun səhhəti get-gedə pisləşmiş və nəticədə valideyninin sağlamlığının ciddi təhlükə altına düşməsi onun bank kreditlərində fasilələr yaratmışdır. Bu səbəbdən aylıq ödənişlərdə gecikmələri olmuşdur, amma bu barədə o, bank rəhbərliyinə məlumat verib həmin gecikmələri aradan qaldıracağına söz vermişdir. İş üzrə apellyasiya şikayətində qeyd etdiyi kimi hər bir borclunun ailə həyatından ciddi dəyişikliklər, ağır xəstəliklər, faciələr və ya ölüm ola bilər və heç kəs bundan sığortalanmayıb. Belə halda, borclunun kredit ödənişindən guya qərəzli niyyətlə yayınması bəhanəsi ilə Bank rəhbərliyinin dərhal məhkəməyə müraciət etməsi də əsassızdır. Yəni, İddiaçı QSC-yə olan aylıq kredit ödənişində fasilələrin yaranması da məhz elə anasının bu ağır xəstəliyə tutulması ilə bağlıdır. Beləliklə, Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 1336/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadını doğru və ədalətli hesab etmədiyinə görə hesab edir ki, bu qərardad ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməklə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(074)-1336/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verə bilməsi üçün ötürülmüş prosessual müddət üzürlü hesab edilərək bərpa olunmalıdır Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 1336/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının 59-cu səhifəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh poçt vasitəsilə göndərilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qətnaməsi onun tərəfindən poçt qəbzinə xx.xx.2024-cü il tarixdə imza edilməklə şəxsən alınmışdır. Odur ki, Məhkəmə kollegiyası cavabdehin ərizəsində qeyd etdiyi halı üzürlü səbəb kimi qəbul etməyərək qeyd edir ki, bu, onun iradəsindən asılı olmayan səbəb və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək hal deyildir. Belə ki, X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddətin bərpası barədə ərizə ilə eyni məzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1336/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1804/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1804/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver