Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1804/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC -nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 01 dekabr 2025-ci tarixli e-2(028)-225/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2023-cü il tarixli, İPKB2651860B112 saylı kredit müqaviləsinə əsasən 490 002,29 manat əsas, 42 527,95 manat faiz borcu və 906,60 manat cərimə borcu, cəmi 533436,84 manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 823,44 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumunun cavabdehdən xeyrlərinə tutulması; - Borc tələbi qeyd olunan kreditin təminatı kimi Bank xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh arasında 26 iyul 2023-cü il tarixli, İPKB2651860B112 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır və Bakı şəhəri 53 saylı notariat ofisinin 26 iyul 2023-cü il tarixli, 4Ə-2092 reyestr nömrəli qeydi ilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2378-ci məhəllə, 0,03 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 217,70 m2 olan, 6 otaqlı, 119 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, - Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, mülki işə baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən müstəsna aidiyyət üzrə əmlak ünvan 2 ünvanında yerləşir.
4. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-225/2025 nömrəli qərardadı ilə (hakim Ramiz Quliyev) Cavabdeh mülki işin aiddiyyət üzrə Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsi rədd edilmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-225/2025 nömrəli işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-225/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda iş üzrə Qubadlı Rayon Məhkəməsində iddia verilsə də, ekspertiza rəyi üzrə qiymətləndirmə hesabatı çıxmış ünvan ünvan 4 alaraq bu iş aidiyyatı üzrə Nizami Rayon Məhkəməsinə təqdim edilməli idi. b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. (...)
10. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
11. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
13. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Hazırkı şikayətə baxılarkən Cavabdeh 24 dekabr 2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kollegiya qeyd edir ki, Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Qubadlı Rayon Məhkəməsi Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsidir.
20. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir.
22. İddia ərizəsindən görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı vermiş olduğu iddia tələbi kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri ilə bağlı olan mübahisədir və cavabdehin rəsmi qeydə alındığı yer Qubadlı rayonunun inzibati ərazi vahidinə aiddir.
23. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mülki işin müstəsna aidiyyat qaydalarına əsasən aiddyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsnə göndərilməsi barədə ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi mövqe qanuni və əsaslıdır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Qubadlı Rayon Məhkəməsinin 01 dekabr 2025-ci tarixli e-2(028)-225/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 01 dekabr 2025-ci tarixli e-2(028)-225/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.