Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1806/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(028)-133/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyirlərinə 1972,59 manat məbləğində əsas kredit borcu, 2260,37 manat məbləğində faiz borcu, 688,99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu, cəmi 5206,53 manatın və 72,07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 05 oktyabr 2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır.05 oktyabr 2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsinə 05 oktyabr 2017-ci il tarixində 5 saylı Əlavə saziş bağlanaraq Cavabdeh1 40 ay müddətinə illik 30% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 05 oktyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********350 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 5206,53 manat təşkil edir. Bundan 1972,59 manat əsas, 2260,37 manat faiz, 688,99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu təşkil edir. Qubadlı Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(028)-133/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1950,07 manat məbləğində əsas kredit borcu, 1660,81 manat məbləğində faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu, cəmi 3895,46 manat və 58,95 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 13,12 manatı iddiaçının özünə aid edilməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə aparılmış tədqiqatın 100 manat dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(028)-133/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hüquqları məhkəmə qaydasında pozulmuş,əsassız qaydada barəsində məhkəmə qərarı çıxmışdır. Banka olan borcu 2017-ci il tarixində ödəmişlər. Qalan az miqarda borcu ödəyərkən bankın bağlı olduğunu , tez bir zamanda onlara məlumat verəcəkləri barədə məlumat verilmişdir. Həmçinin Banka olan borcu qeyri-obyektiv olaraq şişirdilmiş şəkildə onlardan tələb etmişlər. Məhkəmənin yeri və vaxdı barədə məlumatı olmamışdır. Buna görə məhkəmədə istirak etməməyinin üzrlü hesab edilməsi və iddia müddəti ilə bağlı ərizəsinin təmin edilməsini xahiş edir. İddia müddətinin Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən üç il olduğu nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən AR Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, MPM-in 9-cu maddəsi, 14.1-ci maddəsi, 77-ci maddəsi, 88-ci maddəsi, 97-ci maddəsi, MM-nin 373-cü, 477-ci maddəsi Hüquq və Azadlıqları Konvensiyasının 6-cı maddəsi olan Ədalətli Məhkəmə Araşdırması hüququnun tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehlərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli və iddia tələbi ona aid hissədə təmin olunmamalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan 002104 saylı Bank xidmətləri müqaviləsindən (fiziki şəxslərə dair) görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bank xidmətlərinə dair razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavədən (kredit KM012T********) görünür ki, İddiaçı ASC Cavabdeh1 10000 (on min) manat məbləğində kredit açır. Kredit 40 ay müddətinə verilir. Borcalan kreditora kreditdən istifadəyə görə illik 30% ödəyir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə KM012T10170006 saylı kredit müqaviləsi üzrə 1972,59 manat məbləğində əsas kredit borcu, 2260,37 manat məbləğində faiz borcu, 688,99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu, cəmi 5206,53 manat borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002104 nömrəli Kredit müqaviləsinə əsasən bankdan 10 000 manat məbləğində kredit verilmişdir. Bildirilir ki, sözügedən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar restrukturizasiya olunması tövsiyyə olunan kreditlər kateqoriyasına şamil edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/3107/2024 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002104 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə borcu bu kimi müəyyən edilir: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1950,07 manat, faiz borcu üzrə 1660,81 manat, sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 1950,07 manat, faiz borcu üzrə 1660,81 manat, faiz borcu 5% ilə 291,43 manat borcu vardır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən iş materiallarına, həmçinin Mülki Məcəllənin 739-cu, 385-ci, 443-cü, 445-ci, 448-ci, 449-cu, 472-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 40 aylıq müddətə kredit müqaviləsi bağlanmış, bununla da Cavabdeh1 Bank qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh1 öhdəlikərini icra etmədiyindən kreditor Bankın müqavilə şərtlərinə uyğun olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyinə əsasən müəyyən edilir ki, cavabdehin müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1950,07 manat, faiz borcu üzrə 1660,81 manat, sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 1950,07 manat, faiz borcu üzrə 1660,81 manat, faiz borcu 5% ilə 291,43 manat borcu vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən borcun iddiaçı bankın xeyrinə tutulmasına dair düzgün hüquqi nəticəyə gəlsə də, müştərək qaydada cavabdehlərdən tutulmasına dair düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında həm kredit, həm zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixdə 40 ay müddətinə bağlanmış buna görə müqavilə üzrə öhdəliklərin icrası xx.xx.2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin maddənin tələbinə görə zaminlik müqaviləsi üzrə öhdəliyə artıq zamin Cavabdeh2 münasibətdə xitam verilmişdir. Buna görə də iddiaçı Bankın iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 tələb etmə hüququ yaranmamışdır. Bununla belə xx.xx.2021-ci il tarixdə əsas kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti bitsə də, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericilikləm müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməli apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh2 aid hissədə ləğv edilməli və iddia tələbi ona aid hissədə təmin olunmamalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(028)-133/2024 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. İddia tələbi ona aid hissədə təmin olunmasın. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1806/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1806/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver