Məhkəmə qərarları › İş №2(105)-1808/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1808/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1808/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(067)-709/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(067)-709/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(067)-2185/2017 saylı qətnaməsinə əsasən 10.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 10.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh hər ay 115 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ildə rəsmi nikahı qeyd etdirmədən ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 10.02.2016-cı il tarixdə X8 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(067)-2185 saylı qətnaməsi ilə 10.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən valideynlərinin evində yaşayır. Uşağı azyaşlıdır, tələbatı günü-gündən artır. Mövcud iqtisadi şəraitdə uşağı saxlamaqda, maddi tələbatının təmin edilməsində çox çətinlik çəkir. Cavabdehin aylıq ödədiyi 100 manat aliment uşağa saxlanmasına kifayət etmir. Üstəlik uşağın geyimini, xəstələndikdə müalicəsini tək qadın olaraq çatdıra bilmir. Uşağın bütün qayğı və ehtiyaclarını o çəkir, cavabdeh isə bunları nəzərə almır. Ona görə də aliment məbləğinin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə alimentin miqdarının hansı səbəbdən 115 manat müəyyən edilməsi əsaslandırılmamış və ümumiyyətlə, bu hissədə hər hansı əsaslandırma mövcud deyildir. Məhkəmə maddi vəziyyətində dəyişikliyin baş verməsinə dair dəlilini qəbul etsə də, alimentin simvolik olaraq günə 50 qəpik artırılmasını qərara almışdır. 15 manat pul bir ayda yalnız hər gün bir çörək almağa çatır. Məhkəmənin nəyə görə belə qərar qəbul etməsinin səbəbi ona aydın deyildir. Məlum olduğu kimi, 2021-ci ildə bir uşağın saxlanması üçün 175 manat minimal yaşayış həddi müəyyən edilmişdir. Məhkəmə bu məsələyə çox səthi yanaşmış, kifayət qədər araşdırma aparmamışdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda heç bir yerdə işləmir, uşağa görə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh uşağa görə hər ay 130 manat sabit pul məbləğində alimentin ödəməyə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişiklik edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 fevral 2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(067)- 2185 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 10 fevral 2016-cı ildə Quba şəhərində doğulmuş X6 atasının Cavabdeh olması müəyyən edilmiş, Cavabdeh 10 fevral 2016-cı ildə doğulmuş X1 üçün hər ay sabit məbləğdə 100 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarına aid hissədə qanuni və əsaslı deyildir. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(067)-2185 saylı qətnaməsi ilə 10.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136 manat məbləğində müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(067)-2185 saylı qətnaməsi qəbul olunan vaxtdan keçən 4 ildən çox müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, 10.02.2016-cı il təvəllüdlü X8 iddiaçının himayəsindədir, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(067)-2185 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2017-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün 100 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə 150 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 1200 (100 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər ay 170 manat, başqa sözlə, illik 2040 (170 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 840 (2040 manat-1200 manat) manatdır, yəni iki min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Xaçmaz Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(067)-709/2021 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh 10.02.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı verilsin. Alimentin bu məbləğdə tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar