Məhkəmə qərarları › İş №2(105)-1809/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1809/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1809/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 17.07 2023-cü il tarixli, 2(060)-3518/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1967/2021 nömrəli qətnaməsinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və alimentin tutulmasını ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah xx.xx.2018–ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfındən 2555 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə tez-tez mübahisələri yaranmış, əlaqələri tamamilə kəsilmiş və faktiki olaraq ayrı yaşamağa başlamışdırlar. Cavabdeh onu və övladlarını atıb getmiş, ümumiyyətlə maraqlanmamışdır. Uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyinə görə, boşanmadan aliment tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1967/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 50 (əlli) manat maddi yardımın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanması mümkün olmadığına görə Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)- 173/2022 saylı qətnaməsinə əsasən rəsmi nikahlarına xitam verilmişdir. Hazırda isə ölkədə bütün ərzaq məhsullarının eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Qeyd edir ki, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir. Gündəlik məişət, təhsil, həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Bu səbəbdən də “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 17.07 2023-cü il tarixli, 2(060)-3518/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 09 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək haqqının məbləğini və cavabdehin hazırda başqa şəxslə nikaha daxil olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17.07 2023cü il tarixli, 2(060)-3518/2023 saylı qətnaməsinin ləğv edilməsini və alimentin məbləğinin 220 manat həcmində müəyyən edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Qanunvericiliyin tələbinə görə, 2023-cü ildə bir uşaq üçün yaşayış minimumu 220 manat həddində müəyyən edilmişdir. Məhkəmə isə bundan 20 manat az, yəni 200 manat müəyyən etməklə, həm qanunun tələbini pozmuş, həm də uşağın saxlanması üçün minimum normaya əməl etməmişdir. Cavabdeh uşağın saxlanması üçün onaheç bir maddi yardım etmir. Uşağı saxlamaqda çətinlik çəkir. Hazırda aliment məbləği 1 uşağın saxlanması üçün kifayət etmir. 2021-ci ildən bugünə kimi yaşayış minimumu artmışdır. Təyin edilən aliment hazırki dövrə münasibətdə uşağın saxlanması üçün real məbləğ deyil. Bazar qiyməti də həmin dövrə münasibətdə dəfələrlə artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Bir uşağın saxlanması üçün xərc ayda 300-350 manat həddində olur. Tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi həmin xərcləri ödəməkdən imtina edir. Cavabdehin gəlirləri artsa da, uşağına mənəvi və maddi köməklik göstərmir. Maddi durumu həddindən artıq pis olduğundan, heç yerdə işləmədiyindən uşağını təmin edə bilmir. Cavabdeh əmək haqqısı haqda heç bir sənəd təqdim etməmişdir. Sadəcə cavabdehin şifahi izahatına əsasən məhkəmə qətnamə qəbul etmişdir. Qanunun tələbinə görə, 2023-cü ildə bir uşaq üçün yaşayış minimumu 220 manat həddində müəyyən edilmişdir. Məhkəmə isə bir uşaq üçün cəmi 200 manat aliment təyin etmişdir ki, bu da ədalət mühakiməsinin tələblərinə cavab vermir. Hesab edir ki, bu qanunsuz və əsassızdır və qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflərin nikahı 2018-ci ildə bağlanıb. Birgə nikahdan xx.xx.2019-cu il tarixli Miray Məmmədova doğulmuşdur. Tərəflərin nikahı 2022-ci ildə pozulub və uşağın şaxlanması üşün 175 manat aliment, 3 yaşına çatana qədər də 50 manat əlavə vəsaitin cavabdehdən tutulması qət olunub. Hazırda alimentin məbləğindən narazıdır. Bir uşaq üçün yaşayış minimumu həddində aliment tutulmasını istəyir. Cavabdehin ödəyicilik qabiliyyəti var. Başqa övladı və ailəsi yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 17.07 2023-cü il tarixli, 2(060)-3518/2023 saylı qətnaməsinin ləğv edilməsini və alimentin məbləğinin 220 manat həcmində müəyyən edilməsini xahiş edir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş zrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız alimentin məbləği hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən ödənilmişdir.

21. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü Miray adlı bir uşaqları doğulmuşdur. Tərəflərin nikahı Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur və nikahın pozulması haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir.

22. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 50 (əlli) manat maddi yardımın xx.xx.2021-ci tarixdən başlayaraq tutulub X2 verilməsi qət edilmişdir.

23. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-173/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə Məmmədova (Babaxayeva) Mariya Faik qızı arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 11 sentyabr 2018-ci il tarixli 2555 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 09 iyun 2019-cu il təvəllüdlü X1 anası Məmmədova (Babaxayeva) Mariya Faik qızının himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi Məmmədova (Babaxayeva) Mariya Faik qızının yaşayış yerinin müəyyən olunması qət edilmişdir.

24. İş materiallarında olan AZ-İİ 570496 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 822 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir.

25. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir və 684 manat əmək haqqı alır.

26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək haqqının məbləğini və cavabdehin hazırda başqa şəxslə nikaha daxil olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1967/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 200 manat məbləğində müəyyən edilməlidir.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 200 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

29. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.

30. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 175 manat məbləğindəki aliment xx.xx.2021-ci ildə, yəni uşağın 2 yaşı olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna iki dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə alınmaqla alimentin məbləğini dəyişdirərək bir uşaq üçün 200 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə, cavabdehin 220 manat aliment ödəmək qabiliyyətinin olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan yaşayış minimumu ilə müəyyən edilmiş 220 manat məbləğinin 200 manat hissəsi ata tərəfindən ödənildiyindən qalan hissə də ana tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17.07 2023-cü il tarixli, 2(060)-3518/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17.07 2023-cü il tarixli, 2(060)-3518/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar