Məhkəmə qərarları › İş №2(105)-1809/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1809/2025

08.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1809/2025 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2, cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R Nurizadə İlkin Əfqan oğlu tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cavabdeh1 və cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından başlanmış cinayət təqibinə xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə cavabdeh1 və cavabdeh2 təqsirləndirilən şəxs qismində, İddiaçı isə zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən tərəflər arasında yaranmış mübahisə mülki hüquq normalar ilə tənzimlənən mübahisə olduğundan tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada 3500 manatın, eləcə də ödənilmiş 198 manat dövlət rüsumunun və vəkil xidməti olaraq ödənilmiş 320 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin 35000 manat kimi qəbul edilməsini xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, əmisi X3 ilə birlikdə ticarətlə məşğul olarkən Sumqayıt şəhər sakinləri olan cavabdehlər Sehran və Şahinlə tanış olmuşdur. Onlar bank maklerliyi ilə məşğul olurdular, insanlara girov qoyub pul götürməkdə köməklik edirdilər, ona görə də tez-tez alver etdikləri bazara gəlib müştəri axtarırdılar. Öz evini girov qoyub kredit götürmək istədiyi üçün ##.##.2015-ci il tarixdə çayçıda cavabdehlərlə görüşmüşdür. İstəyini onlara bildirdikdə cavabdehlər dedilər ki, mənzilini “NBC” banka girov qoyub onun üçün 46000 manat kredit ala bilərlər. Bu işi görməkdən ötrü cavabdehlər ondan 6000 manat alacaqlarını bildirdilər. O da razılaşıb dedi ki, ona kömək etsələr, onlara 6500 manat verəcəkdir. Sehran onun yanında bir şəxslə telefonla danışdı, həmin şəxsin bank işçisi olduğunu dedi və bildirdi ki, evin sənədlərini hazırlamaq üçün 500 manat vermək lazımdır. 2 gün sonra, ##.##.2015-ci il tarixdə ev sənədlərini hazırlamaq üçün onlara 500 manat verdi. Həmin pulu Sehran götürdü, Şahin də yanında idi. ##.##.2015-ci il tarixdə Şahin zəng edib onunla görüşdü, bankla danışıldığını, ona 46000 manat kredit veriləcəyini və bunun üçün 6500 manat pul verilməli olduğunu dedi. Bundan sonra Şahin bildirdi ki, öz evini də girov qoyub kredit götürmək üçün ona 4000 manat lazımdır, həmin pulu üstündə də 1800 manat artıq olmaqla, krediti alandan sonra ona qaytaracaq. Həmin günü 20 radələrində Şahinlə yenidən görüşmüş, danışdıqları kimi üstündə 1800 manat artıq qaytarmaq şərtilə Şahinə 4000 manat vermişdir. Pulu Şahinə verəndən sonra Şahin ondan aralananda gördü ki, kənarda duran Sehranla birlikdə maşına minib getdilər. Təxminən 4-5 gün sonra özünü “NBC” bankın işçisi kimi qələmə verən bir şəxs evin girov qoyulub kredit verilməsi üçün mənzillərin şəkillərini çəkərək getdi. ##.##.2015-ci il tarixdə cavabdehlərlə görüşmüş, onlar bildirdilər ki, həm onun evinin, həm də böyük məbləğdə kredit götürülməsi üçün daş karxasının şəkillərini çəkib sənədlərini hazırlamaq üçün 3000 manat lazım olduğunu bildirdilər. Cəmi 1500 manat verə biləcəyini demişdir. Lakin onlar təkidlə həmin 3000 manatı istəyərək sonda kreditə görə onlara verəcəyi 6500 manatdan 3000 manatı çıxacaqlarını dedilər, o da işin düzəlməsi üçün əlacsız qalıb həmin günü axşam cavabdehlərə 3000 manat vermişdir. Bu vaxt pulu Sehran götürdü, Şahin də onun yanında idi. ##.##.2015-ci il tarixdə cavabdehlə görüşləri zamanı ona Elman və Elçin adlı şəxslərin adına olan daş karxanasının sənədlərini göstərib dedilər ki, bu karxananı banka girov qoyub küllü miqdarda kredit götürəcəklər, amma bunun üçün 25000 manat pul lazımdır. Həmin pulu onlara versə, aldıqları küllü miqdarda kreditdən ona 13500 manat xeyir də verəcəklər. O da xeyrini görüb onlara 25000 manat verməyə razılaşmışdır. Həmin günü Ağdam çayçısı yaxınlığında 25000 manat pulu onlara vermişdir. Həmin zaman orda cavabdehlər və taksi sürücüsü kimi olan Anar adlı şəxs olmuşdur. Pulu taksidə Şahinə vermiş, Şahin pulu sayıb Sehrana vermiş, Sehran da pulu taksinin bardoçokuna qoymuşdur. Onlar bildirdilər ki, pulu Bakıda Yavər və Yusif adlı bank işçilərinə verməlidirlər. O dedi ki, pulu verəndə iştirak etmək istəyir. Bu məqsədlə birlikdə Bakıya, Yasamal rayonunda Kaktus testoranının qabağına gəldi. Sehran 25000 manatı bardoçokdan götürüb restoranda həmin şəxslərə vermək üçün düşəndə, o da onunla getmək istədiyimi bildirdi, amma Sehran dedi ki, onu görsələr bank işçiləri “hürkəcəklər”, ona görə də özü tək keçib pulu onlara təklikdə verməlidir. O da işin xətrinə içəri keçməyib çöldə Şahinlə birlikdə gözlədi. Yarım saat sonra Sehran restorandan çıxdı, birlikdə Sumqayıta qayıtdılar. Yol boyu Sehran və Şahin hər ikisi danışırdılar ki, 28-29 noyabrda kredit məsələsi, 30 noyabrda isə daş karxanasına görə 350000 manat kredit məsələsi həll ediləcək. ## ###### 2015-ci il tarixdə kreditin vəziyyətini öyrənmək üçün Seharana zəng etmiş, Sehran cavab vermədiyi üçün Şahinə zəng etmiş, Şahinlə görüşəndə o, bildirdi ki, kredit məsələsi bir qədər gecikir, dekabrın 10-na qədər çəkəcək, 2-3 günə Sehran özü onunla əlaqə saxlayacaq. Həmin ərəfədə Yavər adlı şəxslə əlaqə saxlayanda bildirdi ki, Sehran ona pul verməmişdir. Artıq cavabdehlərdən şübhələnməyə başladı. ##.##.2015-ci il tarixdə Sehran onunla əlaqə saxlayıb, kreditin dekabrın 10-na qədər uzanmasını bildirdi, müəyyən problemlərin həlli üçün əlavə 3000 manat istədi, o da bütün işlərin batmaması üçün çarəsiz qalıb ona 3000 manat verdi. Sehran pulu ondan götürüb, dekabrın 10-na kimi həm onun, həm də karxananın kredit məsələsinin düzələcəyini bildirdi. ##.##.2015-ci il tarixdə Şahinlə görüşüb işin nə yerdə olduğunu soruşanda, Şahin işi boynundan atmağa başladı, Sehranın qaçıb gizləndiyini dedi. Bundan sonra başa düşdü ki, onlar pulunu alıb mənimsəyiblər. Bu məqsədlə polisə şikayət etdi, polisdə onların əməlində dələduzluq cinayətinin əlamətləri olduğunu nəzərə alaraq onlar barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2. maddəsi ilə cinayət işi qaldırıldı, barələrində təqsirçilik elan edildi. Lakin uzun illər davam edən araşdırmadan sonra onların ondan ümumilikdə 35000 manat pul almaları öz təsdiqini tapsa da, əməllərində cinayət tərkibi olmadığı, bu mübahisənin mülki xarakter daşıması əsas gətirilərək, müstəntiqin son ##.##.2024-cü il tarixli qərarına əsasən, cavabdehlərin əməlində cinayət tərkibi olmadığı üçün barələrində olan cinayət təqibinə xitam verilməsi və onun mülki qaydada məhkəməyə müraciət etməli olduğu qərara alındı. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehlər ona və digər şəxslərə kredit götürülməsi və müqabilində ona əlavə pul verəcəkləri barədə qarşısında öhdəlik götürmüş, lakin həmin öhdəliyi yerinə yetirməmişlər. Onların ondan bu pulu almaları istintaq araşdırması zamanı onlara həm özlərinin qismən etirafedici ifadələri, eləcə də şahid ifadələri, səsyazıları, yazışmalarla tam sübut edilib. Belə olan halda cavabdehlər buna görə ondan aldıqları 35000 manatı geri qaytarmalıdırlar. Lakin cavabdehlər könüllü olaraq pulunu qaytarmadıqları üçün məhkəmə qaydasında həmin pul cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməlidir. 5.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 35000 (otuz beş min) manat pul vəsaiti və 198 (yüz doxsan səkkiz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Vəfa Şirəliyeva) 6.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri 7.Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ona aid hissədə ləğv olunaraq iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnmənin təsviri hissəsində daha çox telefon yazışmalarına istinad etmişdir. Həmin yazışmalardan da aydın olur ki, Pulu iddiaçı İddiaçı o deyil, digər cavabdeh Sehran Şıxəliyev almışdır. İddiaçı İddiaçı da verdiyi izahatda göstərir ki, pulların hamısını eləcə də 25000 manat pulu Sehran Şıxəliyevə vermiş, bank işçisi kimi təqdim olunan şəxslərə də pulu Sehran aparmış o isə İddiaçıla bayırda gözləmişlər. Onun onların yanında olması iddiaçıdan pul almaq kimi qiymətləndirilə bilməz. O İddiaçı yalnız 4000 manat borc almış və onu da qaytarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin iddia tələbində göstərilən məbləğin ondan də müştərək qaydada tutlmasına dair qərar qəbul etməsi əsassızdır. O İddiaçı yuxarıda qeyd etdiyi 4000 manatdan başqa hər hansı məbləğ almamışdır. Məhkəmənin qətnamədə istinad etdiyi telefon yazışmaları və səs yazmalardan da aydın olur ki, pulları Sehran Şıxəliyev almışdır. O iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Özü də göstərir ki, pulları Sehran Şıxəliyev almışdır. 9.Məhkəmə qətnamədə onun iddiaçının pulunu ələ keçirməklə əsassız varlanmama dair bir dənə də olsun sübut növünə istinad edə bilməmişdir. Məhkəmənin istinad etdiyi bu normalar onun barəsində düzgün tətbiq olunmamışdır. Qeyd etdiyi kimi iddiaçıdan alınan pulun ona heç bir aidiyyatı yoxdur. Məhkəmə işin tam, hərtərəfli və obyektiv aparılmasını təmin etməmiş, işdə iştirakı təmin olunmamışdır. 10.Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Məhkəmənin gəldiyi nəticə üçün işin faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün əhəmmiyətli olan hallar sübut edilməmişdir. Məhkəmə iştirakını təmin etməmiş, iş üzrə dəlilərini dinləyərək qiymətləndirməmişdir. Verdiyi vəsatətlər təsvir olunaraq qiymətləndirilməmişdir. 11.İddiaçı izahatında göstərmişdir ki, pulları ona deyil digər cavabdeh Sehran Şıxəliyevə vermişdir. Hətta 25000 manatı da göstərir ki, ona vermiş o isə onu Sehrana vermişdir. Belə hal olmamışdır. İddiaçı onun adını çəkməklə Sehran Şıxəliyevə qarşı sübut toplamağa cəhd etmişdir. Qətnamənin təsvir hissəsində iddiaçının izahatından da görünür ki, Sehran iddia olunan məbləği bank işçilərinə verdiyini bildirərkən özü də onunla bayırda gözləmişdir. 8 və 9cu bəndlərdə dəlilərə istinad etmişdir. Məhkəmə həmçinin iddia müddətinin keçirilməsini nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 13.Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 14.Məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. 16.Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 17.Məhkəmə kollegiyası digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 18.Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 22.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 23.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 24.Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 29.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ona aid hissədə ləğv olunaraq iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 35.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edildiyindən kolegiya qətnaməni apellyatora aid hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 25000 (iyirmi beş min) manat pul vəsaiti, cavabdeh cavabdeh2 6000 (altı min) manat və cavabdeh cavabdeh1 4000 (dörd min) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə tutulmalıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt ŞPİ İŞnin Cinayət

37. işinin icraatına xitam verilməsi haqqında yuxarıda adı qeyd olunan qərarı əsasında cavabdehlərin heç bir hüquqi əsas olmadan 35000 manat məbləğində pul vəsaiti əldə etdikləri təsdiq olunur. Qarşı tərəflər isə qeyd olunan dəlilləri təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının hesabına əsassız varlanması halı təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından, iddia təmin edilməlidir. 38.Əvvəla kollegiya apellyatorun birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə maddi normanın düzgün tədbiq edilməməsinə dair dəlili ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 39.Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan artıq olduqda borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin işdən görünür ki, iddiaçının 35500 manat məbləğində pul vəsaitin verilməsi ilə bağlı tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisəyə əsassız varlanmaya dair maddi hüquq normaları tədbiq edilməsi düzgün olmuşdur. 40.Kollegiya hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı pulun verilməsinə dair hər hansı müqavilənin mövcudluğu mübahisəsiz qaydada müəyyən olunmadığından, hazırki mülki işə əsassız varlanmaya da maddi normalar tədbiq olunmalıdır. 41.Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Yəni əsassız varlanma anlayışına uyğun olaraq hadisə, predmet və proses hazırkı iş üzrə tam əhatə olunur. 42.Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 43.Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 35000 manat məbləğində pul vəsaitin cavabdehlərdən müştərək qaydada tam tutulmasına dair gəldiyi nəticə düzgün olmamışdır. 44.Belə ki, apellyasiya icraatı zamanı İddiaçı şikayəti əsasında başlanmış və yekun olaraq xitam verilmiş Sumqayıt ŞPİ-nin icraatında olmuş ********* nömrəli cinayət işinin materialları kollegiya tərəfindən verilmiş sorğu əsasında əldə olunaraq tədqiq edilmişdir. Həmin cinayət işinin materiallarından görünür ki, İddiaçı öz şikayətində 4000 manat pul vəsaitinin cavabdeh1a, 6000 manat məbləğində pul vəsaitin Seyran Şixaliyeva verilməsini göstərmişdir. Digər tərəfdən, iddiaçı şikayətində göstərmişdir ki, o, 25000 manat pul vəsaitini verərkən, hər iki cavabdeh pulun alınmasında iştirak etmiş, iddiaçı 25000 manat mələğində pul vəsaitini Şahinə vermiş, Şahin isə pulu sayıb Sehrana vermiş, Sehran da pulu taksinin “bardoçokuna” qoymuşdur. 45.Qeyd olunmalıdır ki, məhkəmə iclasında cavabdeh1 25000 manat pul vəsaitinin verilməsində iştirakını inkar etməmiş, pulun cavabdeh2 tərəfindən götürülməsini göstərmişdir. 46.Göründüyü kimi, cavabdehlər yalnız 25000 manat pul vəsaitinin verilməsində birgə iştirak etmişdir. Odur ki, kollegiya işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, yalnız 25000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. 47.Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə qiymət verərək bildirir ki, cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı iddia müddətinin tədbiqi barədə ərizə vermədiyindən, apellyasiya icraatı zamanı həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. 48.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 49.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 50.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 25000 (iyirmi beş min) manat pul vəsaiti, cavabdeh cavabdeh2 6000 (altı min) manat və cavabdeh cavabdeh1 4000(dörd min) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 25000 (iyirmi beş min) manat pul vəsaiti, cavabdeh cavabdeh2 6000 (altı min) manat və cavabdeh cavabdeh1 4000 (dörd min) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar