Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-181/2023 21.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X2 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(012)- 588/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11603,46 manat əsas borc və 4000,39 manat faiz borcu olmaqla, cəmi 15603,85 manat borcun və 137,21 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, 200804- 820855/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16,5 % dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 22 oktyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11603,46 manat əsas borcu və 4000,39 manat faiz borcu olmaqla, cəmi 15603,85 manat borcu yaranmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, 200804-820855/1 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 16,5 % dərəcəsi ilə 20000 manat məbləğində kredit götürmüşdür.
5. 22 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11 dekabr 2019cu il tarixli, 200804-820855/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə banka 11603,46 manat əsas borc və 4000,39 manat faiz borcu olmaqla, cəmi 15603,85 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(012)-588/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 11603,46 manat əsas borc və 4000,39 manat faiz borcu olmaqla, cəmi 15603,85 manat borc və 137,21 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında 11 dekabr 2019-cu il tarixli, 200804-820855/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud deyildir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-588/2022 saylı qətnaməsinin dəyişdirilməsi və iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilərək, cavabdehdən yalnız 11.303,46 manat əsas kredit qalığı pulun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak etməmişdir. Əgər məhkəmə iclası barədə vaxtında xəbərdar edilmiş olsaydı, öz etiraz və tələbini qanunla müəyyən edilmiş qaydada əsaslandırıb müdafiə edərdi. Odur ki, məhkəmə bu işə onun məhkəmə iclasında iştirakını təmin etməklə baxmalıdır və həmin sübutlara yenidən qiymət verilməlidir. Bildirir ki, onun kredit müqaviləsi üzrə borcunun yaranmasına baxmayaraq, məhkəmə borcun miqdarını ondan düzgün tutmamışdır. Belə ki, 02 dekabr 2021-ci il tarixində çap edilmiş "xxxx" ASC-nin onun adına olan bank hesabı çıxarışından görünür ki, onun xx.xx.2021-ci il tarixinə cəmi kredit üzrə ödənişi 11701.00 manat təşkil edir. Həmin ödənilmiş məbləğdən 8696.54 manat əsas borcdan ödənilibdir, faizdən isə 3004,46 manat ödənilibdir. Həmin tarixə qalıq borc 11303.46 manat təşkil edir. Məhkəmə isə ondan əsas borc olaraq 300 manat artq tutmuşdur, yəni 11603,46 manat. Məhkəmə iddianı bu qaydada təmin edərkən xx.xx.2021-ci il tarixli maliyyə arayışına istinad etmişdir. Hesab edir ki, məhkəmə xx.xx.2022-ci il tarixdə bu qətnaməni qət edərkən xx.xx.2021-ci il tarixli maliyyə arayışına istinad etməsi yanlış olmuşdur. Bu iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərardad qəbul edilməli idi. Məhkəmə isə yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2142/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 11 dekabr 2019-cu il tarixli, 200804-820855/1 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi xx.xx.2021-ci il tarixə olan əsas borcu 12301,30 manat, faiz borcu 600,36 manat təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını qanunauyğun hesab edir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin faizə aid hissəsinə münasibətdə səhv nəticəyə gələrək iddianı düzgün olmayaraq həmin hissədə tam təmin etmişdir.
21. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə cavabdehə qarşı 11603,46 manat əsas borc, 4000,39 manat faiz borcu tələbini irəli sürsə də, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçının tələb etdiyi 22 oktyabr 2021-ci il tarixə cavabdehin ödəməli olduğu faiz borcunun məbləği 600,36 manat, əsas borc 12301,30 manat müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas borcu tələb həcmində, faiz borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin faiz borcunun məbləği hissədə dəyişdirilməsi üçün əsasdır. Şikayətin dəlilləri əsas borcun dəyişdirilməsi hissədə isə öz təsdiqini tapmadığından, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışı zamanı təyin olnmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə iddiaçı tərəfindən cavabdehə (borc alana) qarşı borc məbləği hesablanarkən əsas borcla bağlı hissədə şişirdilmələrə yol verilməsi, yaxud olunan ödənişlər üzrə kredit borcundan silinmələrin düzgün aparılmaması müəyyən edilməmiş, əksinə bankın hesabladığı əsas borcun məbləği ekspertin müəyyən etdiyi məbləğdən azdır.
29. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə 4000,39 manat faiz borcunun tutulması hissədə dəyişdirilərək, faiz borcu 600,36 manat məbləğində müəyyən edilməlidir.
30. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Kollegiya hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 15 (on beş) manat Cavabdeh Fəxrədin oğlundan, 85 manat "xxxx" ASC-dən alınaraq X1 hesabına keçirilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Fəxrədin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(012)-588/2022 nömrəli qətnaməsi 4000,39 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 600,36 (altı yüz manat otuz altı qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 15 (on beş) manat Cavabdeh Fəxrədin oğlundan, 85 (səksən beş) manat "xxxx" ASC-dən alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.