Məhkəmə qərarları › İş №2(105)-1810/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1810/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1810/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüquqnunun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi, bu mümkün olmadıqda, birgə nikah dövründə inşa edilmiş tikilinin qiymətləndirilərək evə sərf olunmuş vəsaitin cavabdehlə arasında bölünməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddianın qismən təmin edilməsi, Siyəzən şəhəri, Xətai küçəsində yerləşməklə, Cavabdeh adına sənədləşdirilmiş 500 kv.metr (0,05 ha) torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət dəyəri 17000 (on yeddi min) manat olan tikiliyə sərf olunmuş vəsaitin 1/2 hissəsi, yəni 8500 (səkkiz min beş yüz) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi, bu mümkün olmadıqda, isə birgə nikah dövründə tikilmiş iddia predmeti olan evin qiymətləndirilməsi və evə sərf olunmuş vəsaitin (evin qiymətinin) cavabdehlə onun arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmaga hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadıgını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 04 oktyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmişdir. Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsi üzərində birgə nikah dövründə vəsaitləri hesabına 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evi inşa edilmişdir. Onun və 2 azyaşlı övladının yaşamaları üçün evləri olmadığına görə Siyəzən şəhəri, Xətai küçəsindəki fərdi yaşayış evinə övladları ilə birgə istifadə hüququnun məhkəmə qaydasında tanımasını istəyir. Mübahisə predmeti olan evdə istifadə hüququ əldə etdiyi üçün yetkinlik yaşına çatmayan övladları ilə həmin evə istifadə hüququ tanınmalıdır. Məhkəmə cavabdehlə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladlarının da mənafeyini və qanunvericiliklə qorunan hüquqlarını nəzərə almalıdır. Belə ki, “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Göstərilən Qanunun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə iddia tələbinin sözügedən evdə “istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinin təmin edilməsini mümkün saymalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsini qeyd etsə də, həmin maddənin hazırki mübahisəyə tətbiq edilməsi əsassızdır. Belə ki, iddiaçı istifadə hüququna dair iddiasının müdafiə etməkdən imtina etmişdir. Hazırkı mübahisə predmeti olan fərdi yaşayış evi dövlət reyestrində heç bir tərəfin adına qeydiyyatda olmadığı üçün mülkiyyət hüququ yaranmamış və onun dəyərinin tələb edilməsinin heç bir qanuni əsası yoxdur. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq hazırkı mübahisə ailə münasibətlərindən əmələ gəldiyindən tərəflər mütləq qaydada mediasiya prosesindən keçməlidirlər. Lakin iş üzrə belə bir hal mövcud deyildir və məhkəmə də bu hala diqqət yetirməmişdir. Siyəzən Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2(059)-230/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdərilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, mübahisə edilən evin birgə nikah dövründə inşa edilməsində iddiaçının vəsaitinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyul 2018-ci il tarixli, 2(059)- 110/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində payının naturada bölgüsünün həyata keçirilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 fevral 2021ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki % hissə payının dəyərinin, yəni 1250 (bir min iki yüz əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbi əsassız olduğundan təmin edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarının surətlərindən görünür ki, tərəflər arasında Siyəzən rayon VVADQ şöbəsində bağlanmış 04 oktyabr 2007-ci il tarixli, 201 saylı nikah məhkəmə qaydasında 15 may 2013-ci il tarixdə pozulmuşdur. İşdə olan 21 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına dair 18 noyabr 2020-ci il tarixli, 455 nömrəli rəyinin surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin hazırkı bazar dəyərinin məbləği 2500 manat və bu torpaq sahəsinin üzərində inşa olunmuş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyərinin məbləği 17000 manat olmaqla, ümumilikdə 19500 manat təşkil edir. Məhkəmə kollegiyası cavabdehin mülkiyyətində olmayan və həmin tikilinin özbaşına tikili olduğu halda evə xərclənmiş vəsaitin tərəflər arasında bərabər bölünməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmaması barədə dəlili qəbul etmir. Belə ki, iş materialları ilə və məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər birgə nikah dövründə torpaq əldə etmişlər, həmin torpaq sahəsi cavabdehin mülkiyyətinə verildikdə fərdi evin tikilməsi üçün verilmişdir. Tərəflər birgə nikah dövründə orada ev inşa etmişlər, odur ki, tikilmiş ev özbaşına tikiliyə gözlənti hüququ yarandıgı üçün, iddiaçı həmin evə xərclənmiş vəsaitin bölünməsinə iqdidarında olmuşdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə hamı qanun və məkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinni 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uygun olaraq və ər- arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bu Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər və s., əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandıgı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşgul oldugundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Qeyd olunan Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin birgə nikah dövründə əldə etdiyi torpaq sahəsi üzərində həmin məqamda məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə tərəflərin ümumi gəlirləri hesabına mübahisəli tikili inşa edilmiş, habelə bu gəlir (qazanc) nikah dövründə qazanılmaqla, evin inşasına sərf edildiyindən tərəflərin ümumi mülkiyyətinə çevrilmişdir. Belə olan təqdirdə, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan, lakin mövcud olan mübahisəli tikilinin dəyəri 17000 manat vəsaitdəki payının bölünməsini tələb etməklə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən «Mediasiya haqqında» qanunun pozulması ilə əlaqədar olaraq qəbul edilməsi barədə və bununla da prosessual hüquq pozulmasının qeyd edilməsi barədə dəlili qəbul etmir. Belə ki, həmin Qanuna əsasən bu kateqoriyaya aid olan ərizələr bir başa məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyan hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə 06 iyun 2022-ci il tarixli 2(059)-230/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar