Məhkəmə qərarları › İş №2(105)-1813/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1813/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1813/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-257/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11418 manat əsas borc, 1142 manat əldən çıxmış fayda olmaqla, cəmi 12570 manat pulun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 2006-2017-ci illərdə Nərimanov rayon S.G.Pişəvəri adına “X3”da eyni sinifdə oxumuşdur. Aralarında yaxın dostluq münasibəti yaranmışdır. 2023-cü ilin əvvəllərində Toğrul iddiaçıya bildirmişdir ki, ana və atası uzun illərdir ki, ayaqqabı satışı biznesi ilə məşğul olublar, hal-hazırda da həmin işi o davam etdirir. Dəfələrlə bu işin gəlirli olduğunu bildirərək iddiaçının da 15000 manat pul ilə bu işə qoşulmasını təklif etmişdir. Həmin vaxtlar o, "xxxx" ASC-dən götürdüyü kreditlə nağd formada aldığı “Tayota” markalı maşınının kreditini ödəyirdi. Toğrulun israrlı təklifindən sonra həvəslənib 2023-cü ilin iyun ayında özünə məxsus olan və kreditini ödəyib bitirmədiyi maşınını satıb, Nərimanov rayonunda yerləşən Toğrula məxsus ayaqqabı mağazasında xx.xx.2023-cü ildə 8550 manat, xx.xx.2023-cü ildə 1000 manat, toplam 9550 manat Toğrula pul verərək onun ilə ayaqqabı satışı biznesinə başlamışdır. 2023-cü ilin avqust ayında Toğrul ona yenidən mağazaya payız mövsümünə aid ayaqqabılar gətirmək üçün pul tapmağı bildirmişdir. Buna görə də iddiaçının anası 2023-cü ilin avqust ayının əvvəllərində "xxxx" ASC-dən 2000 manat kredit götürüb xx.xx.2023-cü ildə Toğrula vermişdir. Ümumilikdə Toğrula 11750 manat pul vermişdir. Onun 100 manatını Toğrulun toyuna nəmər kimi yazdırmışdır. Toğrulun ona verəcəyi borc pul 11650 manat olmuşdur. Toğrul işə başladığı müddətdən 2 ay keçməmiş iddiaçı ilə yerliyersiz mübahisələrə başlamış və avqust ayının ortalarında isə onunla işləmək istəmədiyini bildirərək, mağazanı tərk etməsini istəmişdir. İddiaçıya bu işə qoyduğu 11650 manat pulu bir ay müddətində geri qaytaracağını bildirmişdir. İddiaçı maşınının kredit borcu ilə yanaşı, Toğrula bankdan götürüb verdiyi pula 25% əlavə olaraq pul ödəyir. Bu da ona çox çətinlik törədir. Çünki heç yerdə işləmir və valideynləri də təqaüdçüdürlər. Bank kreditlərini valideynlərinin aldıqları təqaüd hesabına ödəyir. Sonradan məlum olmuşdur ki, Toğrul Sədərək bazarından borc hesabına götürdüyü malların guya xaricdən gətirdiyini söyləyərək onu açıq-aydın aldatmışdır. İddiaçı bu işdən heç bir qazanc əldə etmədiyi halda 2023-cü ilin iyun ayından "xxxx" ASC və "xxxx" ASC-dən götürüb Toğrula verdiyi pulların kredit borclarını ödəyir. Toğrul dolayı yolla 11650 manat pulu onu aldadaraq ələ keçirmişdir. Cavabdehdən 2023-cü ilin avqust ayının ortalarında pulunu geri istəyəndə, o bildirmişdir ki, ən geci bir ay müddətində pulu tam şəkildə geri qaytaracaqdır. Lakin bir müddət sonra sentyabr ayında özünün toyu olacağını və toydan sonra ona olan borcunu ödəyəcəyini söyləmişdir. Sentyabr ayında toy olmuş, lakin toydan sonra da Toğrul borcunu qaytarmamışdır. Sonra yenə bir yalan və bəhanələr uyduraraq, atasının satdığı balın pulunu alıb borcu ödəyəcəyinə söz vermişdir. Daha sonra qaynanasının onlara cehiz pulu verəcəklərini və bununla ona olan borclarını ödəyəcəyini demişdir. 2023-cü ilin oktyabr ayında verdiyi söz 2024-cü ilin mart ayınadək müxtəlif bəhanələr və yalanlarla davam etmişdir. Bu müddət ərzində iddiaçı dəfələrlə Toğrulun anasına, atasına, özünə zəng edərək, həmçinin görüşərək borcu ödəmələrini israrla tələb etmişdir. Çox mübahisələrdən, qanqaraldıcı danışıqlardan sonra 2024-cü ilin mart ayından başlayaraq həmin ilin oktyabr ayınadək Toğrul ona ayda 200-300 manat pul ödəyərək, ümumilikdə 3145 manat borcunu qaytarmışdır. Toğrulun onu aldadaraq dolayı yolla ondan aldığı 11650 manat pulu, banka ödədiyi əlavə faizlə birlikdə 14563 manat təşkil edir. Toğrul ona 3145 manat qaytardığı borc puldan sonra 11418 manat ona olan borcunu bu günə kimi müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır. İddiaçının atası da cavabdehin atasına borcun ödəməsini tələb etmək üçün telefon zəngi etmişdir. Toğrulun atası-Tacəddin borcu ödəmək əvəzinə, yeni bir yalan və bəhanələr gətirərək bildirmişdir ki, guya kiminsə ona 250000 manat borcu vardır, hətta bu məsələ haqqında Tacəddinin xeyrinə məhkəmə qərarı da mövcuddur. Tacəddin iddiaçının atasına 2024-cü ilin sentyabr ayının 15-dən sonra mütləq ona olan borcunu iki dəfəyə tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi borc ödənilməmiş qalmışdır. Bundan sonra iddiaçı məcbur olub şikayət ərizəsi ilə Bakı şəhəri, Nərimanov PRİ-nin 17-ci PŞ-ya müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı cavabdeh izahat verərək borcunu etiraf etmişdir. Həmçinin polis şöbəsindən iddiaçıya rəsmi cavab yazılaraq işin mülki xarakter daşıdığının nəzərə alınaraq, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 11418 manat pulun alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

6. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-257/2025 nömrəli qətnaməsi ilə (hakim Ramiz Quliyev) iddia təmin edilmiş, Cavabdeh 11418 manat əsas borc tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, audio səs yazılarına əsasən Abbasov X2 Elnur İlham oğluna borcunun olmasını etiraf edir. Həmçinin məhkəmə prosesində iştirak edən zaman cavabdeh borc məbləğini səmimi etiraf etdiyinə görə ondan 11418 manat borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2ci, Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 77.1, 80, 106, 119.1, 217.4, 220.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsi qismən təmin edilməli idi, belə ki, iddianın tam təmin edilməsi üçün əsaslar mövcud deyildi. İddiaçı onunla birlikdə ayaqqabı satışı biznesinə qoşulmuşdur. Hər ikisı biznesi qurmaq və inkişaf etdirmək üçün pul vəsaitlərini xərcləmək qərarına gəlmişdirlər. İddiaçı ayaqqabı satışı biznesinə qoşulmaq üçün ona ümumillikdə 11650 manat pul vermişdir və o da verdiyi pul ilə öz pulu ilə birləşdirərək müvafiq işlər görməyə başlamışdır. Onun bu biznesdən təxmini 3000-5000 manat aralığında gəliri olmuşdur. Lakin onlar birlikdə ayaqqabı satışı biznesi ilə məşğul olmaqda çətinlik çəkir, mübahisələri olurdu. Buna görə də İddiaçı biznesə qoyduğu 11650 manat pulun qaytarılması qarşılığında biznesdən çəkiləcəyini demiş və o da ortaq işlə bağlı verdiyi pulu qaytarmaq öhdəliyi olmamasına baxmayaraq, insaflı davranaraq həmin pulu qaytaracağını söyləmişdir. O, iddiaçı ilə razılaşmasına əməl edərək ona olan borcun 3145 manat hissəsini geri qaytarmış və ümumillikdə 8505 manat borcu qalmışdır. Lakin iddiaçı Qubadlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 11418 manat əsas borc, 1142 manat əldən çıxmış fayda olmaqla, cəmi 12570 manat pulun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra isə iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 11418 manat pulun alınaraq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırma hissəsində isə ayaqqabı satışı biznesinə qoşulmaq üçün cavabdehə, ümumillikdə 11650 manat pul verdiyini etiraf etmiş, lakin öz istəyi və azad iradəsi ilə biznesə qoşulması ilə əlaqədar guya götürdüyü kredit üzrə əlavə faizləri də ondan tələb edərək, ümumi 14563 manat borcun qaytarılması tələbini irəli sürmüşdür. Bununla yanaşı, iddiaçı 3145 manat pulun onun tərəfindən qaytarıldığını etiraf etməklə, ümumi borcun 11418 manat olduğunu bildirmişdir. O, idiaçını bu biznes layihəsinə məcburi olaraq qoşmamışdır, o, öz azad fikri ilə bu işə qoşulmaq istəmişdir. Lakin o, iddiaçıya qarşı insaflı davranaraq onun bu işə qoyduğu 11650 manatı qaytaracağına söz vermiş və bununla bağlı addımlar atmışdır. İddiaçının əlavə olaraq banka ödədiyi faiz borcunu da tələb etməsi tamamilə əsassızdır. Həmçinin iddiaçı banka ödədiyi faiz borclarının olduğunu, məbləğini və s. məhkəmədə sübut etmək öhdəliyi daşıyır, lakin iddiaçı həmin faiz borcları ilə bağlı hər hansı sübuta yetirmə həyata keçirmədən, banka ödədiyi faiz borcunu əsas borcla birləşdirmişdir. Buna görə də hesab edir ki, iddiaçının iddia ərizəsi qismən təmin edilməklə, ondan 8505 manat əsas borcun tutulub iddiaçıya ödənilməsi qət edilməli idi. Belə ki, o, 8505 manat pulu iddiaçıya qaytarmalı olduğunu qəbul edir, baxmayaraq ki, onlar ortaq işə girmiş və ortaq işə girərkən o qoyduğu pulu tamamilə itirmək ehtimalı var idi. O, ididaçını pis vəziyyətdə qoymaq istəmədiyi üçün 8505 manat pulu ona ödəməyi qəbul edir, lakin iddiaçının banka ödədiyi faiz borcunun ondan tutulması tamamilə absurddur. Həmçinin iddiaçı banka ödədiyi faiz ödənişləri ilə bağlı sübutları da məhkəməyə təqdim etməmiş və məhkəmə də düzgün araşdırma aparmadan faiz borclarının da ondan tutulmasını qət etmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

17. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi (...) 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. (...)

18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

19. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsində iddianı qəbul etdiyini bildirsə də, daha sonra onda olan hesab dəftərinə əsasən hesablamalar aparmış və iddiaçıya borcunun 8505 manat olduğunu müəyyən etmişdir.

26. Məhkəmə kollegiyası cavabdehdən tutulacaq borc məbləğinin miqdarı məsələsini müzakirə edərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir.

27. Belə ki, işdən və məhkəmə iclasının audio-video yazısından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaçının borc tələbini irəli sürülmüş tələb həcmində qəbul etmiş və məsələnin mahiyyəti ona aydın olmuşdur.

28. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

29. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

31. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

32. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(028)-257/2025 nömrəli qətnaməsin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar