Məhkəmə qərarları › İş №2(105)-1817/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1817/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1817/2025 19.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, miras qoyanın öhdəliklərinə görə vərəsələrin məsuliyyəti.) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-4351/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. X13 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200804-858576/2 nömrəli kredit müqaviləsindən (şəxsi istehlak) görünür ki, X6 illik 20 %-lə, 48 ay müddətinə 16000 manat məbləğində nağd kredit verilmişdir.

2. xx.xx.2022-ci il tariхli, 200804-858576/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə X13 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

3. AZ-İİ 369774 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, X13 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

4. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X9r. Onların hərbiri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Miras əmlak miras qoyanın vəfatı ilə bağlı hesablanmış 3363,36 manat məbləğində hesablanmış müavinətdir.

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2022-ci il tariхli, 200804- 858576/2 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 5352,48 manat əsas borcu qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5352,48 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 5352,48 manat borcun və 77,03 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X13 arasında bağlanmış 01 noyabr 2022 il tariхli, 200804-858576/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 16000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər Cavabdeh2 arasında 01 noyabr 2022 il tariхli, 200804-858576/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, borc alanın 01 noyabr 2022 il tarixli, 200804-858576/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Banka təqdim olunmuş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Digərcavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. X5 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X6 dair Qobustan rayon notariat ofisində vərəsəlik işi açılmışdır. X5 vərəsələri kimi Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3 və X15 tanınmış və bu barədə xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə borcalanın vərəsələri olaraq Cavabdeh4, X3, Cavabdeh5, Cavabdeh3 və X10 və müqavilə üzrə zamin Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 29 may 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5352,48 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 5352,48 manat məbləğində kredit bоrcu yaranmışdır. 01 noyabr 2022 il tariхli, 200804-858576/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranıb.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-4351/2025 nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, İddiaçı ASC ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200804- 858576/2 nömrəli kredit müqaviləsinə əsasən X6 illik 20%-lə, 48 ay müddətinə 16000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eləcə də xx.xx.2022-ci il tariхli, 200804-858576/2 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə X13 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. AZ-İİ 369774 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2023-cü il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X9r. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X5 banka ödənilməmiş 5352,48 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 kredit müqaviləsi üzrə zamin olaraq, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vərəsə kimi müəyyən olunmalarına baxmayaraq, İddiaçı ASC qarşısında olan öhdəliklərini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edib ki, İddiaçı ASC ilə X13 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200804- 858576/2 nömrəli kredit müqaviləsinə görə X5 borcu onun vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və xx.xx.2022-ci il tariхli, 200804-858576/2 nömrəli zaminlik müqaviləsi ilə zamin olan Cavabdeh2 tutulmalıdır.

10. İddia tələbinin təmin edilməsi qənaətinə gələn məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 472.1, 1133.1, 1133.2, 1151.1, 1306.1, 1309-cu maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları tam araşdırırlmamış və qanunun norması düzgün tətbiq edilməmişdir. Belə ki, işə baxılarkən iş üzrə Cavabdeh2 iddia tələbində göstərilən və ödənilməsi tələb edilən 5352,48 manat əsas borcun düzgün hesablanmadığını və büna görə də iş üzrə ekspertiza keçirilməklə borcun dəqiq müəyyən edilməsi barədə vəsatət versə də, məhkəmə həmin vəsatəti müzakirə etməmişdir. Bundan başqa məhkəmə qətnamədə borcun tutulmasını borcalan X5 vərəsələri və zamin-Cavabdeh2la birlikdə müştərək qaydada ödənilməsini nəzərdə tutmuşdur. Qeyd etmək lazımdır ki, borcalan-X1 rayon X21 stansiyasında sürücü işləmiş və xx.xx.2023-cü il tarixdə onkoloji xəstəlidən vəfat etmişdir. Mərhumun vəfatından sonra onun vərəsələri kimi Cavabdeh4, Cavabdeh1, X14, Cavabdeh3 və X15 tanınmış və onun iş yerindən haqq-hesab pulunu almışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən, AzərbaycanRespublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarlarının müddəalarını nəzərə almamış və borcalan-X5 vərəsələrinin əldə etdiyi mirasın məbləğini müəyyən etmədən müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmə digər cavabdehləri məhkəməyə dəvət etməyərək tam və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 9-cu və 14-cü maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisiləndirilən kredit müqaviləsi üzrə kredit vəsaitini mərhum Namiq Yusifov xəstəliyi ilə əlaqədar götürmüşdür. Kredit vəsaiti 16000 manat məbləğində olmuş və onun 11000 manatı banka ödənmişdir. Daha sonra borcalan Namiq Yusifov vəfat etmişdir. Hazırda iddiaçı bank qeyd olunan tələblə mərhumun vərəsələrinə qarşı məhkəmədə iddia qaldırmışdır. İşə baxan məhkəməyə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də məhkəmə vəsatətə münasibət bildirməmişdir. Halbuki bankın iddia etdiyi məbləğdə borcun olması real görsənmir. Belə ki, bank yalnız əsas borcu tələb edir və faiz borc hesablanmamışdır. Bu isə ağlabatan deyil. Digər tərəfdən məhkəmə cavabdehlərdən müştərək qaydada borcun tutulmasını təmin etsə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyi nəzərə almamış, mərhumdan miras qalan əmlakın aktiv həcmini, mərhumun son haqq-hesab məbləğini müəyyən etmədən iddia tələbini göstərilən formada təmin etmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 21. mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır

19. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Madddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-4351/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı bank hazırkı iş üzrə cavabdehlərə qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasını xahiş etmişdir

24. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hər şeydən əvvəl kollegiya hesab edir ki, mərhum Yusifov Namiq Məhəmməd oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

26. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, mərhum X13 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 200804-858576/2 nömrəli kredit müqaviləsi bağlanmış və bu müqavilə əsasında X6 illik 20 %-lə, 48 ay müddətinə 16000 manat məbləğində nağd kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsinə görə Cavabdeh2 İLƏ xx.xx.2022-ci il tariхli, 200804-858576/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

27. Kredit müqaviləsi üzrə əsas borclu X13 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

28. Yenə işdə olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X9r. Onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdır. Miras əmlak miras qoyanın vəfatı ilə bağlı hesablanmış 3363,36 manat məbləğində müavinətdir.

29. Göründüyü kimi, mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı bankın cavabdehlərə qarşı hazırkı iddia tələbi əsaslı hesab edilməlidir.

30. Apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, miras qoyandan miras əmlak kimi əlavə heç nə qalmamış və bunun əskini sübut edən heç bir hal mövcud deyildir. Yəni, hazırkı iddia tələbi mərhum Namiq Yusifovdan miras qalmış aktiv dəyərində təmin edilməlidir.

31. Kollegiya qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamədə mirasın kütləsinə daxil olan hər hansı əmlakın qeyd edilməməsi vərəsənin həmin əmlakı qəbul etməməsini ehtiva etmir.

32. Belə ki, Mülki Məcəllənin 1306.5-ci maddəsiin tələbinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

33. Digər tərəfdən qeyd edilməlidir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 58-ci maddəsinə müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi əsasında verilir və bu zaman qanunvericilik notariusun üzərinə mirasın kütləsinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir öhdəlik qoymur. Bu isə onu deməyə əsas verir ki, vərəsə miras qoyanın kreditorları qarşısında olan öhdəliklərindən yayınmaq məqsədi ilə mirasın kütləsinə daxil olan əmlakları gizlədə və vərəsəlik şəhadətnaməsinin alınması zamanı verdiyi ərizəsində həmin əmlakları göstərməyə bilər. Məhz ona görə də qanunverici kreditorların hüquqlarının müdafiəsi üçün bu qəbildən olan işlər üzrə sübutetmə yükünü vərəsənin üzərinə qoymuşdur

34. Göründüyü kimi hazırkı iş üzrə miras qoyanın vərəsəlik şəhadətnaməsində göstərilən əmlakdan başqa əmlakının olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə bu halı sübut edəcək hər hansı dəlilini məhkəməyə təqdim etməmişdir.

35. Bundan əlavə hesablanmış borcun əsassız olaraq artıq hesablandığını qeyd edən apellyatorun nümayəndəsi (vəkili) ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

36. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquiqi qiymət verən kollegiya qeyd edir ki, qeyd olunan dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-4351/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar