Məhkəmə qərarları › İş №2(105)-182/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-182/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-182/2022 09.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(074)-42/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia tələbi təmin edilərək Cavabdeh 237.709 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Tağızadə sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 22 fevral 2021-ci il tarixli, 2(105)- 967/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Şamaxı Rayon Məhkəməsinin iş üzrə 12 mart 2020-ci il tarixli, 2(074)- 42/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov sədrlik edən - məruzəçi, Ə.Əliyev və M.Əhmədova) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(105)-967/2021 saylı qətnaməsinin ləv edilərək, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh 237.790 manat, 140.000 ABŞ dolları ekvivalentində borc pulun, məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh müəyyən problemlərini həll etmək üçün xx.xx.2018-ci tarixinədək olan müddətə qaytarmaq şərti ilə ondan 237.790 manat (iki yüz otuz yeddi min yeddi yüz doxsan), 140.000 ABŞ dolları (yüz qırx min ABŞ dolları ekvivalentində) borc pul alaraq bu barədə aralarında 11 saylı notariat kontorunda 17 iyul 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh krediti qaytarmaq üçün üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtdan artıq 1 (bir) il müddət keçməsinə baxmayaraq yerinə yetirməmişdir. O, bu barədə cavabdehə dəfələrlə bidirsə də, cavabdeh müxtəlif bəhanələrlə krediti qaytarmaqdan boyun qaçırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Əslində isə iddianın əsası kimi istinad edilən, kredit müqaviləsinin tərtib edilməsi tamam başqa münasibətdən irəli gəlmiş, ortada hər hansı məbləğdə ondan pul alınmamış, borc ondan mənzilin alqı-satqısından yaranmış və qısa müddətdə də qaytarılmışdır. İddiaçı əvəllər tanımamışdır. Onunla tanışlığı iddiaçıya aid mənzilin alqı-satqısı ilə bağlı yaranmışdır. Belə ki, İddiaçı aid olan mənzil bankda girovda idi və satışa çıxarılmışdır. Bu barədə birja qəzetində elan verilmiş və mənzilin şəkilləri verilmişdir. Həmin mənzil dayısı X2 maraqlandırmış və bu barədə qardaşı X1 demişdir. Aydəm də alqı-satqı firmasının müdiri olan Rüfətə zəng edib, həmin mənzillə maraqlanmasını xahiş etmiş və Rüfətin topladığı məlumatdan bəlli olmuşdur ki, mənzil bankda girovdadır, hərraca çıxarılıb və bank tərəfindən götürülmək ərəfəsindədir. Bundan sonra Bankla əlaqə saxlanılmış və oradan da onları mənzilin sahibi olan cavabdeh İddiaçıla əlaqələndirmişlər. Qabilin adından onun yaxın adamı adı ilə Zaur ortaya çıxmış və Qabilin olmadığı vaxtlarda danışıqlar sonuncu ilə aparılmışdır. Həmin vaxtları İddiaçı xaricdə idi. Danışıqlardan sonra İddiaçı uçub Bakıya gəlmiş və mənzili qiymətləndirilərək 720.000 ABŞ dollarına razılaşmışlar. Mənzili əvvəlcədən girovdan çıxarmaq, sonrada alqı-satqını rəsmiləşdirmək üçün ilkin olaraq mənzili girovdan çıxarmağa görə dayısı S.Eyubov 150.000 dollar Rüfətə vermiş, o, da Zaurla getmişlər evi girovdan çıxartmağa. Bankla razılaşıb, pulunu ödəyib, evi girovdan çıxarmışlar və alqısatqının rəsmiləşdirilməsinə yığışmışlar. Həmin gün də o, notariat konturuna onlarla getmişdir. 720.000 ABŞ dollardan əvvəlcədən ödənilmiş 150.000 ABŞ dollar nəzərə alınmaqla, həmin günü toparlaya bildikləri pul, mənzil üçün razılaşdığları məbləğdən 140.000 ABŞ dollar pulunu çatdıra bilməmişlər və razılaşmışlar ki, pul 5-6 aya ödəniləcəkdir. Mənzil dayısı S.Eyubovun adına rəsmiləşdirilmişdir. Ona görə də kredit müqaviləsi onunla bağlanılmışdır. Bir aydan sonra da həmin məbləği hissə-hissə ödəməyə başlamış və təqribən 4-5 ay müddətinə yerdə qalan 140.000 ABŞ dollar məbləği tam şəkildə bağlanmışdır. Pulların da çox hissəsi onun adamı olan Zaur gətirib götürüb aparıb, Rüfətin də alıb göndərdiyi hal olub, bir dəfə də şəxsən Qabilin özünə verilib. Hər dəfə də pulun ona çatdırıldığı barədə dayısına məlumat verilmiş və bununla bağlı aralarında heç bir söz-söhbət və irad olmamışdır. Həmin alqı-satqıya kimi də ümumiyyətlə İddiaçı görməmiş, onu tanımamış və onunla hər hansı razılaşma olmamışdır. Alqı-satqıdan sonra da onunla heç bir əlaqəsi olmamışdır. İddiaçı əlaqələri qardaşı Aydəm İsmayılovla olmuşdur və öz aralarında alver etmişlər. Sonunda da Qabil düzgün mal vermədiyinə görə mübahisələri olmuşdur. Belə ki, İddiaçı Türkiyədə yaşadığını və orada bizneslə məşğul olduğunu qardaşı Aydəmə demiş, qardaşı da ona malın üzərinə yapışdırılan “birkalar” lazım olduğunu demiş və birkaları Türkiyədə hazırlayıb göndərilməsi ilə bağlı qardaşı Aydəmlə İddiaçı razılaşmışlar. Pulu göndərəndən sonra da Qabil mallar göndərmişdir. Sonuncu 2 partiya birkaları düzgün olmayan mal göndərmişdir. Həmin mallar da üstlərində qalmış və ümumilikdə 90.000 dollar qardaşına ziyan dəymişdir. Sonradan Türkiyəyə gedəndə məlum olmuşdur ki, Qabil sonrakı partiyanı dediyi fabrikdən deyil, kustar üsulu ilə 32.000 dollar ucuzuna zay maldan düzəltdirmişdir. Özü də gəlib malını götürmür. Ona görə də həmin birkaları ləğv etməyə vermək məcburiyyətindədirlər. Lakin İddiaçı həmin birkaların satışından 120.000 dollar gəlir olduğunu iddia edir və gəlirdən qardaşı Aydəmdən pay istəyir. Bununla bağlı da aralarında mübahisə baş vermiş və davam edir. İddiaçı da onunla aralarında olan kredit müqaviləsini məqsədli şəkildə olaraq istifadə etməyə qalxmışdır. Əslində isə mənzildən qalan borcun son məbləğini alandan sonra, kredit müqaviləsi ləğv edilmiş hesab olunur. Məhkəmənin ilk iclasında iştirak edərkən, bunlar barəsində məhkəməyə geniş izahat vermiş və iddiaçının da sonrakı iclasda iştirakının təmin edilməsini xahiş etmiş, lakin məhkəmənin sonrakı iclasları barədə bildirişlər ona çatmamış və iştirakı olmamışdır. Nəticədə işin faktiki halları aydınlaşdırılması mümkün olmamış, məhkəmə yalnız iddiaçının dediklərini nəzərə almaqla qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edərək onu da əlavə olaraq göstərmişlər ki, hazırkı iddia İddiaçıla Aydəm İsmayılovun iş birliyindəki mübahisələrindən qaynaqlanmış, yəni cavabdehin dayısı tərəfindən iddiaçıdan alınmış evin dəyəri tam şəkildə ödənilsə də, sonradan Qabillə Aydəmin iş birliyinin mübahisəsinə görə Qabil əlində olan müqaviləni istifadə edərək belə bir iddia qaldırmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında qeyd etdi ki, tərəflər arasında borc müqaviləsi var, hər bir tərəf müqavilə üzrə öhdəlik daşıyır, borcun yaranmasının iddiaçının biznes fəaliyyətinə heç bir aidiyyəti yoxdur, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. İş üzrə tərəflər növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin əvvəlki məhkəmə iclasında vermiş olduqları izahatlarını apellyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(074)- 42/2020 saylı qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətmanə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli Bakı şəhəri 11 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı, borc alan Cavabdeh 237790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəkdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı ilə istinad edilən kredit müqaviləsini bağlayarkən hər hansı bir pul məbləğini qəbul etməmiş, həmin kredit müqaviləsi sonuncunun X4 ilə aralarında baş tutmuş ev alqı-satqısı zamanı Sahib Eyubovun həmin anda 720.000 ABŞ dolları məbləğində razılaşdırılmış evin dəyərinin tam şəkildə ödəyə bilmədiyi və qalıq qalan 140.000 ABŞ dollarının Sahib Eyubovun qohumu iş üzrə cavabdeh olan Cavabdeh adına görünüş üçün rəsmiləşdirilmiş bir müqavilədir və bu hal da, iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İstinad edilən qanun normalarının mənasından göründüyü kimi borc müqaviləsinin tərəfləri arasında pulun və ya digər əvəz edilən əşyanın digər iştirakçıya verilməsi öhdəliyi borc verənin, aldıqlarını isə müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaq öhdəliyini borc alan daşıyır. Yəni mülki-hüquq nəzəriyyəsinə əsasən əqdlərin əksəriyyəti əvəzlidir. Bəzi əqdlər həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi belə əqdlərə misal ola bilər. Əvəzsiz əqdlər əsasən, fiziki şəxslər arasında bağlanır. Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir ki, konsensual (latınca consensus - razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki dövriyyədə bağlanan əqdlər konsensual xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s. Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s. Hazırki işin hallarından göründüyü kimi mübahisələndirilən borc müqaviləsinin tərəfləri arasında belə bir hal (pulun verilməsi, əqdin predmetinin göz qabağında olması) mövcud olmamış, əksinə müqavilə üzrə borc verən tərəfin başqa şəxslə aralarında bağlanmış digər müqavilənin şərtlərini pərdələmək üçün (alqı-satqı müqaviləsində evin qiymətinin aşağı göstərilməsi və s.) hazırki müqaviləni bağlamış ki, bu da yalan əqd anlayışını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını, işdə olan sübutları araşdıraraq, yuxarıda istinad edilən maddi və prosessual hüquq nörmalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsinəı dair yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(074)-42/2020 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar