Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1820/2021 01.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(034)-102/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(034)-102/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 70000 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh verdiyi ümumilikdə 70000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir qonşusu olub, etibar etdiyi Cavabdeh ilə ailəvi gediş-gəlişləri olmuşdur. Belə ki, cavabdeh keçən ilin qış aylarında ona müraciət edərək, işlərinin yolunda getmədiyini, əmisi ilə birlikdə Gəncə şəhərində dəri sexi açacaqlarını və bununla bağlı pula ehtiyacı olduğunu bildirmişdir. O, cavabdehə maddi kömək edə biləcəyini, lakin özünün də az bir zamanda pula ehtiyacı olacağını bildirmişdir. Cavabdeh ondan 20000 manat pul alaraq iş qurmaq üçün Gəncəyə, əmisinin yanına getmişdir. Bir ay keçdikdən sonra cavabdehdən işlərinin necə olduğunu soruşduqda, heç bir işinin yolunda getmədiyini və qurduqları işlə bağlı cərimələndiklərini bildirmişdir. Cavabdeh dəri sexinin ferma kimi fəaliyyətinin bərpasını düşündüklərini, lakin bunun üçün yenidən pula ehtiyacları olduğunu söyləmişdir. O da öz növbəsində yenidən Cavabdeh 20000 manat məbləğində pul vermiş, həmin pulun evinin pulu olmasını və ev alacağı vaxtda pulu ona qaytaracağını demişdir. Cavabdeh ilə uzun illərdir qonşu olduqları üçün aralarında heç bir şübhə hissi olmamışdır. Bir neçə ay keçdikdən sonra qonşusu Cavabdeh ondan bir daha pul istədikdə yenidən o, cavabdehə 10000 manat kömək etmişdir. Cavabdeh isə bildirirmişdir ki, puldan qətiyyən narahat olmasın, o, bu pulu qurduqları işlə bağlı istifadə edir, lakin ona lazım olduğu halda, əmisindən alıb borcu qaytaracaqdır. Cavabdehin əmisi isə gəmidə işləyir, xarici ölkələrə gedib gəlirdi. Kifayət qədər aylıq gəliri olduğu üçün o, qətiyyən narahat deyildir. Bir neçə aydan sonra cavabdeh ondan yenidən 20000 manat məbləğində pul istəmiş, artıq əmisi ilə danışdığını, nə zaman lazım olarsa, bu pulu istər hissə-hissə, istərsə də, tam şəkildə qaytaracağını demişdir. O, yenidən ev alacağı üçün əlində saxladığı pulu cavabdehə vermişdir. Ümumilikdə verdiyi 70000 manat pulunu geri istədikdə, cavabdeh müxtəlif bəhanələr gətirməyə başlamışdır. Halbuki cavabdeh ona istənilən vaxt pulu geri qaytaracağını vəd etmişdir. Uzun sürən mübahisədən sonra o, məcbur olub Abşeron rayon Polis idarəsinə müraciət etmiş və şöbədə onların izahatları alınmışdır. Onların aralarında yazılı anlaşma da mövcuddur. Dəfələrlə borcunun qaytarılmasını tələb etsə də, cavabdeh qaytarmaq istəməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz, əsassız və qərəzli hesab edir. Belə ki, iddiaçıdan 70000 manat deyil, 15 faizlə 6500 manat almışdır. Bundan başqa, anası da öz növbəsində iddiaçıdan 15 faizlə 28000 manat almışdır. Beləliklə, iddiaçı onlara ümumilikdə 34500 manat pul faizə vermişdir. Müəyyən maddi çətinliklərə görə o və anası aldığı pulu qaytara bilməmişdilər. İddiaçı onun valideynləri ilə qonşu olduğu üçün mütəmadi onlarla dava dalaş salıb onları hədələyirdi. İddiaçı ona da ziyan vuracağını anasına bildirmişdi. Bundan əlavə, iddiaçı 13 və 14 yaşlarında olan onun bacısının övladlarına ziyan vurmaqla hədələmişdi. İddiaçı ilə onlar arasında olan mübahisə ilə bağlı Abşeron rayon Polis idarəsində və prokurorluğunda araşdırma aparılmışdır. Bundan başqa, iddiaçıya aid onda səs yazıları da vardır. Bütün bu münaqişələr və hədə qorxuların nəticəsində məcbur olaraq iddiaçının təzyiqi ilə 70000 manat borcunun olması barədə qəbz yazmışdır. Bütün bunları məhkəmə araşdırması zamanı bildirmiş və sübutları təqdim etsə də, məhkəmə tərəfindən həmin hallara düzgün və obyektiv qiymət verilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyri-obyektiv yanaşılmış, işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, nəticədə səhv qətnamə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçıya 34000 manat borcu vardır, iş materiallarında olan 16.10.2020-ci il tarixli qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh ona borclu olduğu 70000 manat puldan heç bir məbləğ qaytarmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 16.10.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2019-cu ildə 70000 manat pul almış, aralarında olan razılığa əsasən Cavabdeh 2020-ci ilin dekabr ayının sonuna qədər ilkin ödəniş olaraq 25000 manat və ya 30000 manat ödəməklə, geridə qalan məbləği hissə-hissə ödəməyi öz öhdəsinə görürmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh 16.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Qobu Polis bölməsinə verdiyi izahatından görünür ki, İddiaçı və anası Hicrandan umumilikdə 70000 manat pul borc almış, həmin məbləği hissə-hissə qaytaracağına söz vermiş, problemi olduğu üçün həmin məbləği qaytara bilməmişdir, İddiaçı ilə aralarında olan razılıq əsasında 70000 manat puldan 25000 və ya 30000 manatı iki ay müddətinə qaytaracağına söz vermiş, qalan məbləği isə hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni iddiaçıdan aldığı 70000 manat borc pulu qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh biznes qurmaq məqsədi ilə iddiaçıdan 70000 manat məbləğində pul borc almış, lakin borcunu bu günə kimi qaytarmamışdır. Bu hal Cavabdeh 16.10.2020-ci il tarixdə Abşeron rayon Polis idarəsinin Qobu Polis bölməsinə verdiyi izahatla da təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(034)-102/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1820/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1820/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver