Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1821/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(034)-35/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(034)-35/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2548,67 ABŞ dolları əsas, 2536,62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 08 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış 246,5 ABŞ dolları məbləğində illik 5 faiz olmaqla, cəmi 5631,79 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 21 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2548,67 ABŞ dolları əsas borc, 2536,62 ABŞ dolları faiz borcu, 822,94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 08 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 246,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6154,73 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 21 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” X3 açıq səhmdar cəmiyyətindən illik 26 faizlə 18 ay müddətinə 9000 ABŞ dolları kredit götürmüşdür. 08.12.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 08 dekabr 2018ci il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 21 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17 iyun 2020-ci il tarixədək Cavabdeh1 banka 21 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2548,67 ABŞ dolları əsas borc, 2536,62 ABŞ dolları faiz borcu, 822,94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 08 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 246,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6154,73 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini faiz borcuna münasibətdə düzgün əsaslandırmamışdır. Qətnamənin qəbul edilməsindən xəbəri olmamışdır. Qətnamədən bu yaxınlarda Cəlilabad rayon İcra və probasiya şöbəsi tərəfindən ona zəng olunan zaman xəbəri olmuşdur. Həmçinin qətnamənin surəti rəsmi olaraq ona göndərilməmişdir. Qətnamənin surətini rəsmi qaydada ərizə ilə məhkəməyə müraciət etdikdən sonra əldə etmişdir. Belə ki, bank tərəfindən hesablanmış faiz borcu ilə razı deyildir. Onun banka iddiaçının tələb etdiyi məbləğdə faiz borcu yoxdur. Həmin faiz borcu bank tərəfindən düzgün hesablanmamışdır. Məhkəmə isə faiz borcunun düzgün hesablanıb-hesablanmaması ilə bağlı heç bir obyektiv araşdırma aparmamış, borcun düzgün hesablanması ilə bağlı iş üzrə ekspertiza belə təyin etməmiş, yalnız bankın təqdim etdiyi sübutlara əsaslanaraq bankın xeyrinə belə bir qətnamə qəbul etmişdir. Bank tərəfindən hesablanmış faiz borcunun yenidən hesablanması üçün ekspertiza təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcuna aid hissədə ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faiz borcuna aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21.08.2014-cü il tarixli, 27- M-1-0-31-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla, 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 27-M-1-0-31-14 saylı, 21.08.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə 29.03.2015-ci il tarixli əlavənin surətindən görünür ki, “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21.08.2014-cü il tarixli, 27-M-1-0-31-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə dəyişiklik edilmiş, kreditin müddəti 25 ay müəyyən edilmiş, kreditin bağlanma tarixi 21.09.2016-cı il hesab edilmişdir. İş materiallarında olan 27-M-1-0-31-14 saylı, 21.08.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə 08.12.2015-ci il tarixli əlavənin surətindən görünür ki, “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21.08.2014-cü il tarixli, 27-M-1-0-31-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə dəyişiklik edilmiş, kreditin müddəti 51 ay 17 gün müəyyən edilmiş, kreditin bağlanma tarixi 08.12.2018-ci il hesab edilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21.08.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh1 17.06.2020-ci il tarixə əsas borcu 2548,67 ABŞ dolları, faiz borcu 2536,62 ABŞ dolları, cərimə borcu 822,94 ABŞ dolları, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 246,5 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 02.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər 21.08.2014-cü il tarixli bank hesab, kredit müqaviləsinə görə verilmiş krediti 5 gün müddətində tam ödəmədikləri təqdirdə, məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26 iyul 2021-ci il tarixli, 9/4387 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinin ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2014-cü il tarixli, 27-M-1-0-31-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 08.12.2018-ci il tarixə “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinə olan əsas borcu 5147,92 ABŞ dolları, faiz borcu 4171,92 ABŞ dolları, 17.06.2020-ci il tarixə əsas borcu 5147,92 ABŞ dolları, faiz borcu 1619,04 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinin Xırdalan filialı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21.08.2014-cü il tarixli, 27-M-1-0-31-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla, 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26.07.2021-ci il tarixli, 9/4387 saylı rəyindən görünür ki, Cavabdeh1 “Nikoyl” X3 açıq səhmdar cəmiyyətinə olan faiz borcu 1619,04 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1619,04 ABŞ dolları faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməlidir. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan məbləği ABŞ dolları ilə göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 12-ci bəndinə görə qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Qətnamədə həmin məbləğin başqa dövlətlərin pul vahidləri ilə göstərilməsinə yol verilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, cərimə, kredit müqaviləsi üzrə 08 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə olan məbləğ ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehlərdən tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(034)-35/2021 saylı qətnaməsinə Cavabdeh1 apellyasiya şikayəti üzrə faiz borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1619,04 (min altı yüz on doqquz ABŞ dolları 04 sent) ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Qətnamənin əsas, cərimə, kredit müqaviləsi üzrə 08 dekabr 2018-ci il tarixdən 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizlə olan məbləğ ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə cavabdehlərdən tutulsun. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1821/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1821/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver