Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1827/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(060)-3601/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2(105)-306/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 80 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 22 avqust 2008-ci il təvəllüdlü X2 və 02 yanvar 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2(105)-306/2015 nömrəli qətnaməsi ilə 22 avqust 2008-ci il təvəllüdlü X2 və 02 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 80 manat olmaqla, ümumilikdə 160 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət olunmuşdur. Hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət deyildir. Təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Yazılı etirazda qeyd ounur ki, heç bir yerdə işləmir, qazancı və gəliri yoxdur, evi olmadığı üçün kirayadə yaşayır. 2-ci dəfə ailə qurmuş və 01 fevral 2022-ci il təvəllüdlü Arzu adında bir övladı vardır. Revmatizm, sinir xəstəliklərindən əziyyət çəkir, ağır işlərdə işləyə bilmir, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 160 manat sabit pul məbləğində alimenti çətinliklə ödəyir. Uşaqların hazırda 12 və 14 yaşları vardır, iddiaçı özü də işləməklə aylıq qazanca malikdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından 22 avqust 2008-ci il təvəllüdlü Novruz və 02 yanvar 2010-cu il təvəllüdlü Fidan adlı iki nəfər övladları vardır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2(105)-306/2015 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək 22 avqust 2008-ci il təvəllüdlü X2 və 02 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulmalı olan alimentin miqdarı hər ay bir uşağa görə 80 manat həddində müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(060)-3601/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2(105)-306/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilib, 22 avqust 2008-ci il təvəllüdlü X2 və 02 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması, alimentin dəyişdirilmiş məbləğdə tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və Cavabdeh 06 (altı) manat dövlət rüsumunun tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün müəyyən edilən 80 manat sabit pul məbləğində alimentin məbləği hazırda bir uşağın ay ərzində saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(060)-3601/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı 80 manat məbləğində təyin edilmiş aliment məbləği ilə razılaşmayaraq yenidən alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin olunaraq aliment miqdarı artırılmış, hər uşağa hər ay üçün 150 manat olmaqla, 2 uşağa görə ümumilikdə 300 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı məhkəmədə bildirmişdir ki, guya usta işləyir və ev təmiri ilə məşğul olduğundan aylıq qazancı iddia olunan məbləğdə aliment ödəməyə imkan verir. Halbuki heç yerdə işləmir, bundan başqa 2-ci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 6 aylıq bir körpə övladı vardır. Həyat yoldaşı analıq məzuniyyətindədir, onun heç yerdən gəliri yoxdur, hətta maddi imkansızlıq üzündən əvvəlki məbləğdə qət edilmiş alimenti də ödəyə bilmir, hazırki vaxta da aliment üzrə borcu vardır. Qarşı tərəf onun maddi vəziyyətinin daha da ağırlaşdığını və heç yerdə işləmədiyini, qazanc və gəlirinin olmadığını bildiyi halda ona qarşı hazırki iddia tələbini qaldırmışdır. İddiaçı özü də işləyir, pedaqoji fəaliyyətlə məşğuldur, onun aylıq stabil gəliri vardır, lakin onun gəlirinin olmasına, onun maddi sıxıntı içərisində yaşamağına baxmayaraq məhkəmə qarşı tərəfin iddia tələbini qismən təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsi Maddə 75.4. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1 və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1-ci maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə iki uşağın saxlanması üçün təyin edilmiş ümumilikdə 160 manat alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları və uşaq böyüdükcə saxlanması üçün çəkilməli olan xərclərin həcmi artmışdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, tələb 22 avqust 2008-ci il təvəllüdlü X2 və 02 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ümumilikdə təyin edilmiş 160 manat sabit pul məbləğində alimentin artırılıb hər ay hər uşaın saxlanması üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq – ümumilikdə 226 manat manat, həmin məbləğin bir il ərzində məcmusu isə (226 X 12 ay) 2712 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kasssasiya şikayəti verilə bilər. Ona görə də hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(060)-3601/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1827/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1827/2022
21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver