Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1828/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(034)- 181/2010 nömrəli qərardadından İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cəmi 103291 (yüz üç min iki yüz doxsan bir) ABŞ dolları məbləğində kredit borcunun, bundan 89576 (səksən doqquz min beş yüz yetmiş altı) ABŞ dolları əsas, 13715 (on üç min yeddi yüz on beş) ABŞ dolları isə faiz borcunun, iş üzrə ödənilmiş 20,00 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı, 29.2 kv.m. yaşayış, 83.42 kv.m. köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi və evin açıq hərracda satılması üçün boşaldılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 sentyabr 2008-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 89576 (səksən doqquz min beş yüz yetmiş altı) ABŞ dolları məbləğində kredit borcunun, 13715 (on uç min yeddi yüz on beş) ABŞ dolları məbləğində faiz borcunun və cəmi 103291 (yüz üç min iki yüz doxsan bir) ABŞ dolları məbləğində borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması, həmin tutmanın ipoteka qoyulmuş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı, 29.2 kv.m. yaşayış, 83.42 kv.m. köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi və həmin bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərində ödənilməsi, Cavabdeh1 İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun tutulması qət edilmişdir (hakim Səyyad Qafari). İş üzrə Cavabdeh1 “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin bərpa edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(034)-181/2010 nömrəli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-ci il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, Cavabdeh1 apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülsarə İmanova). Qərardaddan narazı qalan İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti şikayət verərək Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(034)-181/2010 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması üçün - məhkəmənin sorğusu əsasında mülki iş Sumqayıt Apellyasiya Məhkəməsindən geri tələb edilmiş və mülki iş 09 avqust 2023-cü il tarixdə Zəngilan Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə icra işini dəqiq araşdırmamışdır. Belə ki, tələb yönəldilmiş və sonradan ipoteka saxlayan kimi İddiaçı1 ASC tərəfindən əldə edilmiş əmlak 08 avqust 2019-cu il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə boşaldılaraq İddiaçı1 ASC-yə təhvil verilmişdir. Həmçinin əmlak boşaldılmamışdan öncə cavabdeh tərəf və onu nümayəndəsi 2 (iki) dəfə icra tədbirini təxirə salınmasını xahiş etmiş və icra tədbirinin təxirə salınması aktlaşdırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-4449/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 İddiaçı1 ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 750A nömrəli bağ evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Xəzər Rayon İcra şöbəsi cavabdehə qanunamüvafiq qaydada könüllü icra etməsi üçün müddət vermişdir. Lakin könüllü icra müddətində Cavabdeh1 əmlakı mülkiyyətçiyə təhvil verməmişdir. Bundan sonra əmlakın boşaldılması üçün məcburi icra tədbirləri görülmüşdür. Dəfələrlə Cavabdeh1 müvəqqəti yaşadığı Bakı şəhəri, Təbriz küçəsi, 19 ünvanına bildirişlər göndərilmişdir və həmin bildirişlər həmin ünvanda imzalanıb qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə əmlak boşaldılaraq İddiaçı1 ASC-yə təhvil verilmişdir. Boşaldılması ilə bağlı elə həmin tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Təhvil-təslim aktının məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlakın boşaldılması zamanı cavabdeh tərəfindən iştirak edən boşaldılma zamanı əşyaları qəbul edən və bu barədə iltizam verən şəxs Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 olmuşdur. Göründüyü kimi ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olmuş əmlak hərracın yekunlarına dair protokola əsasən İddiaçı1 ASC tərəfindən əldə edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı1 ASC-dən xx.xx.2008-ci il tarixdə 95000 ABŞ dolları kredit götürmüş və həmin kreditin təminatı olaraq özünə məxsus əmlakı öhdəliyin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəfin izahatından və məhkəmənin qərardadda göstərilən mövqeyindən belə anlaşılır ki, Cavabdeh1 14 il ərzində kredit barədə məlumat əldə etməmiş, ona məxsus olan əmlak barədə nələr olub bitdiyi ilə maraqlanmamışdır. Təbii ki, bu götürülmüş kreditin nəticəsi kimi onun mülkiyyətində olan əmlakla bağlı maraqlanmaması heç bir halda inandırıcı ola bilməz. Nəzərə almaq lazımdır ki, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və bütün dövlət idarələrində onun adından ərizə verməyi, işlər aparmağı X4 etibarnamə əsasında səlahiyyətlər vermişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, həmin əmlak boşaldıldıqdan sonra üçüncü bir şəxsə xx.xx.2020ci il il tarixdə satılmışdır. Zəngilan Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(034)-181/2010 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(034)-181/2010 nömrəli qərardadından İddiaçı1 ASC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Gülsarə İmanova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(034)-181/2010 nömrəli qərardadı ləğv edilməli, Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusu əsasında Nərimanov rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş icra sənədlərinin surətləri nəzərdən keçirilərkən məlum olmuşdur ki, Xəzər rayon İcra şöbəsi cavabdehin harda məskunlanması ilə bağlı 27 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmiş və onun müraciəti əsasında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 02/1702 saylı, xx.xx.2022-ci il tarixli məktubunda Cavabdeh1 ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olması və onun adının komitənin Bakı şəhəri, Nərimanov rayonu üzrə faktiki yaşayış siyasında olmasının qeyd edilməsini nəzərə alaraq, icra sənədi Xəzər rayon İcra şöbəsi tərəfindən 03 oktyabr 2022-cil tarixli qərarla ərazi adiyyəti üzrə icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Bununla da məlum olur ki, Xəzər rayon İcra şöbəsi tərəfindən 2011-ci il tarixdən 2022-ci il tarixə kimi icra sənədi üzrə heç bir icra tədbirləri həyata keçirilməmişdir. Cavabdeh1 oğllu barəsində qəbul edilmiş məhkəmə aktından yalnız Nərimanov rayon İcra şöbəsinə dəvət edildiyi zaman məlumatı olmuş, bundan sonra cavabdeh qətnamənin surətinin rəsmi olaraq ona təqdim üçün ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən müvafiq qətnamənin surəti 15 noyabr 2022-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Cavabdehin Zəngilan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi və apellyasiya şikayəti 30 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sonda birinci instansiya məhkəməsi Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verdiyini qeyd edərək buraxılmış prossesual müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 sentyabr 2008-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən cəmi 103291 (yüz üç min iki yüz doxsan bir) ABŞ dolları məbləğində borc tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı, 29.2 kv.m. yaşayış, 83.42 kv.m. köməkçi sahədən ibarət 750A nömrəli bağ evinə yönəldilməli və həmin bağ evi açıq hərracdan satılaraq Bankın kredit tələbi ödənilməlidir. Qətnamə Cavabdeh1 çatdırılması üçün 27 iyul 2010-cu il tarixli məktubla Zəngilan rayon İHB-nin Zəngilan şəhəri üzrə nümayəndəliyinə göndərilmiş, qətnamənin cavabdehə çatdırılıb-çatdırılmaması ilə bağlı iş materiallarında hər-hansı bir sübut aşkar edilməmişdir. Daha sonra qətnamə qanuni qüvvəsini aldığından xx.xx.2010-cu il tarixdə icra olunması üçün Zəngilan rayon İcra şöbəsinə, Zəngilan İcra şöbəsi xx.xx.2011ci il tarixli məktubla icra sənədini icra olunması üçün aidiyyəti üzrə Xəzər rayon İcra şöbəsinə göndərmiş, Xəzər rayon İcra şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə icraata başlanmaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətinin ona təqdim olunmadığını, qətnamədən icra şöəbsində məlumatlı olduğunu bildirərək qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnaməni qəbul etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan narazı qalan İddiaçı1 ASC şikayət vermiş, şikayətə baxılması ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı1 ASC-nin şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı1 ASC məhkəmənin 07 dekabr 2022-ci il tarixli qərardadından yenidən şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 19 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilərək məhkəmənin 23 iyul 2010-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, Cavabdeh1 apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti şikayət verərək məhkəmənin 19 may 2023cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş və şikayətini “icra sənədinin icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərildiyi, Xəzər Rayon İcra şöbəsində cavabdehə qanunamüvafiq qaydada könüllü icra etməsi üçün müddət verdiyi, lakin könüllü icra müddətində Cavabdeh1 əmlakı mülkiyyətçiyə təhvil vermədiyi, bundan sonra əmlakın boşaldılması üçün məcburi icra tədbirlərinin görüldüyü, dəfələrlə Cavabdeh1 müvəqqəti yaşadığı ünvan 3 ünvanda imzalanıb qəbul edildiyi, xx.xx.2019-cu il tarixdə əmlak boşaldılaraq İddiaçı1 ASC-yə təhvil verildiyi, boşaldılma ilə bağlı elə həmin tarixdə təhviltəslim aktı tərtib olunduğu, təhvil-təslim aktını Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən imzalandığı, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olmuş əmlakın hərracın yekunlarına dair protokola əsasən İddiaçı1 ASC tərəfindən əldə edildiyi” ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmamalı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icra işini tələb edərək icra işində olan bəzi məqamları qeyd etsə də, icra işi materiallarında olan İddiaçı1 ASC-nin şikayətində qeyd etdiyi dəlilləri - əmlakın hərraca çıxarılması, həmin əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi zamanı icra şöbəsi tərəfindən borclu Cavabdeh1 müvəqqəti yaşadığı Bakı şəhəri, Təbriz küçəsi, 19 ünvanına göndərilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərin işin 2-ci cildinin müvafiq olaraq 50ci,49 və 52-ci vərəqlərində olan 027318 №li, 300157 №li və 300159 №li qaimələrin surətlərindəki imzaların Cavabdeh1 məxsus olub-olmamasını, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 750A nömrəli bağ evinin tələbkar İddiaçı1 ASC-yə təhvil verilməsi, eləcə də əmlak təhvil verilən zaman həmin evdə yerləşən əşyaların təhvil alınması zamanı Cavabdeh1 nümayəndəsi X3 həmin prosesdə iştirak edib-etməməsini araşdırmadan müddətin bərpasına dair ərizəni təmin etmişdir.Bundan əlavə müddətin bırpası məsələsinə baxılması ılə əlaqədar mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq işin 2-ci cildinin 53-cü vərəqində olan 07 avqust 2019-cu il tarixli etibarnamənin hansı məqsədlə Cavabdeh1 tərəfindən X5 verilməsi araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları tam yoxlamamışdır. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(034)-181/2010 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(034)-181/2010 nömrəli qərardadı ləğv edilsin. İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(034)- 181/2010 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1828/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1828/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver