Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-183/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızına və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e- 2(034)-49/2023 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızına və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada 8155.40 ABŞ dolları əsas, 2044.18 ABŞ dolları faiz, 125.88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10325.46 ABŞ dolları borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-865/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmişdir. Lakin, cavabdeh Əliyeva (Alməmmədova) X2 Rayon Məhkəməsinin 2(034)-865/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 283-cü maddəsinin tələblərinə riayət etməklə xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-865/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "DəmirBank” ASC-dən illik 23 faizlə 60 ay müddətinə 8910 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 8155,40 ABŞ dolları təşkil etmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırmışdır. xx.xx.2016-cı ilədək Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8155.40 ABŞ dolları əsas, 2044.18 ABŞ dolları faiz, 125.88 ABŞ dolları olmaqla, cəmi 10325.46 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışını təqdim etmişlər. Ekspert rəyində uyğun gəlsə də, faiz borcu hissəsində müqavilə müddəti bitən tarixə yox, maliyyə arayışı bitən tarixə sıfır borc göstərir. Kompensasiya ödənilmiş, artıq bankın mənafeyi nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi məhkəmədən ekspertin rəyi məcburi xarakter daşımasa da, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Dəmirbankdan 2014-cü ildə kredit götürmüşdür. 2016-cı ildə devalivasiya ilə bağlı Dəmirbanka ödənişləri dayanmışdır. İki ay ödəniş etmişdir. Məbləğ 8100 dollar olmuşdur. Bir müddət ödəniş etməmişlər. Həmin pul qalxıb 10.700 dollar olmuşdur. Sonra Zəngilan icra şöbəsinə göndərilmiş, İcra da əmək haqqına yönəldərək hər ay maaşından 100 manat tutmuşlar. 1900 manat pul tutulmuşdur. Sonradan maaş alanda görmüşdür ki, pul tutulmur dayandırılmışdır. Onların mühasibatlığından soruşanda bildirmişlər ki, 10000 dollara kimi borcu olanların borcu silinməsi barədə prezidentin fərmanı vardı. Mühasib bildirmişdir, hər ay ondan artıq pul tutduğuna görə ona cərimə yazmışlar ki, preizdent fərman vermiş, «sən niyə tutursan» bu dayandırılmalıdır. Ondan sonra borcu ilə bağlı iki dəfə Dəmirbanka müraciət etmiş və ona bildirmişlər ki, silinməyə düşmüş, hələ vaxt yoxdur, baş qarışıqdır, onlar özləri məlumat verəcəklər. 4 il keçəndən sonra indi icra olunmasını vermişlər. İcra şöbəsi ilə danışmış və 17000 dollar borcu olmasını bildirmişlər. Necə 17000 borc yazıla bilər ki, o, prezidentin fərmanına düşməsini bildirmişdir. Ona vaxtında məlumat verilsəydi indiyə kimi borcunu ödəyib bitirərdi. Bank öz xeyri üçün bu məsələni gizlətmişdir. Məcburi köçkündür, övladlarını tək saxlayır, bu qədər pulu ödəyə bilməz. 4810 manat əsas borcu qalmışdır. 2014-cü ildə kredit müqaviləsi bağlayıb 8100 ABŞ dolları pul götürmüşdür. Müqavilənin icra müddəti 15 oktyabr 2017-ci ildə bitməli idi. 2015-ci ildə 8155 dollar 40 sentə əlavə saziş bağlamışlar.30 aprel 2020-ci ildə müqavilənin icra müddəti bitməli idi. Bu əmrdən iki ay 200 manat ödəniş olmuş, ondan sonra icra əmək haqqısına yönəltmiş, 1900 manat pul tutulmuşdur. Restrukzisasiya 2019-cu ildə olmuşdur. Cavabdeh2 isə onun iş yoldaşıdır. Sonda cavabdeh məhkəmədən verilmiş ekspert rəyi ilə razı olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Sahibə xanımın məhkəmə əmrindən belə xəbəri olmamış, məhkəmə əmri zamanı ona heç bir bildiriş gəlməmişdir. Məhkəmə əmri icraya yönələndən sonra Sahibə xanımın məlumatı olmuşdur. Sahibə xanım icrada ərizə yazaraq əmək haqqından hər ay 100 manat tutulmasına icazə vermişdir. 4800 manat, yəni 2700 dollar hal-hazırda banka borcları qalmışdır. Zəngilan Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(034)-49/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 2647.12 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) borc və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 200 manat ekspertiza xərci və 45 manat dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(034)-49/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızına 23% dərəcəsi ilə, 60 (altmış) ay müddət üçün 12 (on iki) ay müddətinə 8910 (səkkiz min doqquz yüz on) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli, ********* saylı zaminlik müaviləsi bağlanmışdır. İddiaçı ASC borclu Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızına və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək borclulardan müştərək qaydada 8155.40 (səkkiz min yüz əlli beş dollar, 40 sent) ABŞ dolları əsas, 2044.18 (iki min qırx dörd dollar, 18 sent) ABŞ dolları faiz, 125.88 (yüz iyirmi beş dollar, 88 sent) ABŞ dolları cərimə olmaqla, cəmi 10325.46 (on min üç yüz iyirmi beş dollar, 46 sent) ABŞ dolları borcun və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-865/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmişdir. Lakin cavabdeh Əliyeva (Alməmmədova) X2 Rayon Məhkəməsinin 2(034)-865/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 283-cü maddəsinin tələblərinə riayət etməklə, xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-865/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrini ləğv edib, mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi aşağıdakı kimi qismən təmin edilmişdir: Qismən təmin edilən hissə: - iddia tələbi üzrə əsas borc məbləği 2764.77 ABŞ dolları olduğu halda 2647.12 ABŞ dolları; təmin edilməyən hissə: - iddia tələbi üzrə faiz məbləği 5062.80 ABŞ dolları - iddia tələbi üzrə cərimə məbləğ 4367.69 ABŞ dolları - kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz 368.60 ABŞ dolları. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıdakı qanunvericiliklə müəyyən edilmiş maddi və prosessual hüquq normalarını pozmuşdur: borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5%) hissəsinə ümumiyyətlə münasibət bildirmədən iddianı həmin hissədə təmin etməmişdir. Qərara əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd etmişlər ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Həmin maddəyə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, birinci instansiya məhkəməsi 4367.69 ABŞ dolları məbləğində cəriməni təmin etməməklə 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafelərini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa, həmin maddə məhkəməyə yalnız dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsinin əsaslandırmadan, yalnız ekspert rəyinə istinad edərək əsas borcu azaltması, cərimə, faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borclarını təmin etməməsi Mülki Məcəllənin 467-ci maddəsinin bu rakursdan da pozulmasına gətirib çıxarmışdır. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas borcu azaltmaqla, cərimə, faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borclarını təmin etməməklə ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmin ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyini bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədə müvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qət etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, cərimə, faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5 %) məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan əsas borc məbləği əsassız surətdə azaldılmış, cərimə, müqavilə müddəti üçün hesablanmış faiz borcu məbləği və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği (illik 5 %) isə ümumiyyətlə təmin edilməmişdir. Məhkəmə qətnamə qəbul edən zaman müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz (illik 5 %) məbləğini təmin etməməklə, eyni zamanda əsas borc məbləğini azaltmaqla öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəblərdən də qətnamə əsaslı hesab edilə bilməz. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının maddi hüquq və prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bundan başqa, bildirilmişdir ki, mülki iş materiallarına əlavə edilmiş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını əks etdirdiyindən cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının banka olan borcu həmin sənədlə də tam təsdiq edilir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 2647.12 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 4800,10 manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "DəmirBank” ASC-dən illik 23 faizlə 60 ay müddətinə 8910 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 8155,40 ABŞ dolları təşkil etmişdir. Həmçinin borcun təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli maliyə arayışdan görünür ki, cavabdehin banka 8155.40 ABŞ dolları əsas, 2044.18 ABŞ dolları faiz, 125.88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10325.46 ABŞ dolları borcu vardır. İş materiallarında olan və bank tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışından görünür ki, cavabdehin banka 2764.77 ABŞ dolları əsas, 5062.80 ABŞ dolları faiz, 4367.69 ABŞ dolları cərimə, illik 5% dərəcəsi ilə 368.60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 12563.86 ABŞ dolları təşkil edir. İş materiallarında olan və Zəngilan Rayon Məhkəməsinin 2(034)-49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1792 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 10.038.70 ABŞ dolları məbləğində və təqdim edilmiş cari, ssuda hesabından çıxarış məlumatlarındakı müxbirləşməyə əsasən xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 2647.12 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2016-cı il tarixə əsas borc 8.155,40 ABŞ dolları, faiz borcu 1883.30 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc 2.647,12 ABŞ dolları, faiz borcu isə 0,00 ABŞ dolları təşkil edir. Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2022-ci il tarixə faiz və cərimə borcu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh "DəmirBank” ASC-dən illik 23 faizlə 60 ay müddətinə 8910 ABŞ dolları kredit götürmüş, xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 8155,40 ABŞ dolları təşkil etmişdir. Cavabdeh tərəfindən götürülmüş kreditdən xx.xx.2019-cu il tarixədək ödənişlər edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışında cavabdehin 2764.77 ABŞ dolları əsas, 5062.80 ABŞ dolları faiz, 4367.69 ABŞ dolları cərimə, illik 5% dərəcəsi ilə 368.60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 12563.86 ABŞ dolları banka borcu olması qeyd edilsə də, iş üzrə verilmiş ekspert rəyindən cavabdehin xx.xx.2022-ci il tarixə əsas borcu 2647.12 ABŞ dolları təşkil etsə də, kredit müqaviləsi üzrə faiz və cərimə borcu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ekspert rəyini faiz və cərimə borcunun olmamasına aid hissədə sübut növü kimi qəbul edir və onunla razılaşır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və restrukturizasiya olunması təklif olunan kredit məbləği müəyyən edilmiş, lakin cavabdehlərin banka müraciət etməməsi səbəbindən borcun restrukturizasiyası aparılmamışdır. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin və bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Həmin Fərmanın məzmunundan da göründüyü kimi, bu Fərmanın verilməsində məqsəd fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllində dövlət dəstəyini təmin etmək olmuşdur. Məhkəmə kollegiyası faiz və cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1-ci bəndinə görə, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə - hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Məhkəmə kollegiyasının iclasında apaılan araşdırma zamanı həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən cavabdehin əsas kredit borcu cəmi 4800,10 (dörd min səkkiz yüz manat on qəpik) manat qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehə 7047,66 (yeddi min qırx yeddi manat altmış altı qəpik) manat kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 4800,10 (dörd min səkkiz yüz manat on qəpik) manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehlərdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 2647.12 ABŞ dolları məbləğində “borcun tutulması” hissəsində dəyişdirilməli, cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 4800,10 manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(034)-49/2023 nömrəli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 4800,10 (dörd min səkkiz yüz manat on qəpik) manat məbləğində borc tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-183/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-183/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver