Məhkəmə qərarları › İş №2(105)-1834/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1834/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1834/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin e-2(077)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2097 (iki min doxsan yeddi) manat maddi ziyan, 100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 42 (qırx iki) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2239 (iki min iki yüz otuz doqquz) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “Ravon Nexia R3” markalı ** LY *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BA119671 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA029572, ağ rəng) nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə olunması üçün tanışı Cavabdeh2 vasitəsilə tanıdığı Cavabdeh1 istifadəsinə vermişdir. Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir. Cavabdeh1 avtomobili idarə edərkən 22 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində ara məsafəsi qaydalarını pozmuş və 24 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP-4730631 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Qeyd edilən hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Belə ki, avtomobil təmir olunması üçün “RS Avtoservis”ə aparılmış, servisin tərtib etdiyi qüsur aktına görə avtomobilin təmiri üçün 2097 manat məbləğində pul tələb olunmuş və iddiaçı qeyd edilən məbləği servisə ödəyərək avtomobili öz hesabına təmir etdirmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən avtomobilə maddi ziyan dəymiş, lakin Cavabdeh1 və Cavabdeh2 həmin məbləği ödəməkdən imtina etmişlər.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə etiraz daxil olmamışdır.

4. Şuşa Rayon Məhkəməsinin e-2(077)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 2097 (iki min doxsan yeddi) manat maddi ziyan, 100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu olmaqla cəmi 2239 (iki min iki yüz otuz doqquz) manat pul vəsaiti tutularaq İddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin digər cavabdehə münasibətdə təmin edilməməsi qət edilmişdir (hakim Cəmil Səfiyeva).

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində İddiaçı mülkiyyətində olan "Ravon NexiaR3 MiNiK" markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə 2097 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 2097 manat məbləğində maddi ziyan Cavabdeh1 tutulmalıdır. Məhkəmə Cavabdeh2 maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, avtomobil icarəyə verilərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyünu bildirmiş olsa belə, bu iradə ifadəsini yazılı formada rəsmiləşdirməmişlər. Qanunvericiliyin tələbinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalı və yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olduğundan iddia tələbi Cavabdeh2 maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-704/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 8 Qərardaddan İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mahiyyəti üzrə baxılması üçün mülki işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2914/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-704/2023 nömrəli, 04 may 2023-cü il tarixli qərardadı ləğv olunaraq iş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin e-2(077)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edən məhkəmə sübutların qiymətləndirilməsində prosessual normanın pozuntusuna yol vermiş və iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, o, digər cavabdeh X1 əvvəllər tanımamış və aralarında avtonəqliyyat vasitəsi götürülərkən hər hansısa şifahi razılaşma olmamış və o ona zamin dayanmamışdır. Onların birlikdə öhdəlik götürmələri barədə də şifahi razılaşma olmamışdır. Yəni bütün bunlar yalan məlumatlardır. O, digər cavabdehi avtonəqliyyat vasitəsini icarəyə götürdükdən sonra iddiaçının işçisi kimi tanımışdır. Belə ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanılarkən o, onun depozit hesabına 1000 (bir min) manat məbləğində pul qoymuş və qəza baş verən zaman həmin depozitdə ona məxsus 1000 manat puldan 670 manat məbləğində vəsait qalmış və avtoqəza baş verdikdən sonra iddiaçı ilə şifahi razılaşmaları belə olmuşdur ki, həmin depozitdə qalmış məbləğ iddiaçı tərəfindən götürülür və avtoqəza ilə bağlı zərər məsələsi həll edilir. Lakin görünən odur ki, iddiaçı öz işçisinini digər cavabdeh qoymaqla hüquqdan sui-istifadə edir hansı ki, qanunla bu yolverilməzdir. Belə ki, onunla digər cavabdeh X2 arasında əvvəllər hər hansı bir münasibət olmamış və o avtonəqliyyat vasitəsini icarəyə götürdükdən sonra onu iddiaçının işçisi kimi tanımışdır. Əgər digər cavabdehlə hər hansısa yazılı formada zaminlik müqaviləsi olmamışdırsa onda Cavabdeh2 prosesdə vəziyyəti cavabdeh olmamalı idi. Lakin bu işdə məhkəmə iddiaçının mənafeyini müdafiə etmiş, cavabdehin Cavabdeh1 mövqeyinə münasibətdə heç bir mötəbər dəlillə əsaslanmamışdır. Baxmayaraq ki, o, məhkəmə iclasları zamanı icarə müqaviləsinə görə iddiaçının hesabına 1000 manat məbləğində depozitə pul qoyması və qəza baş verən zaman həmin depozitdə olmuş 670 manat məbləğində vəsaitin avtoqəza nəticəsində dəymiş ziyanın əvəzinə iddiaçının həmin pulu götürərək məsələnin həll edilməsi barədə razılaşmağını bildirməsinə baxmayaraq məhkəmə bunlara heç bir məhəl qoymamışdır. Hesab edir ki, işə aidiyyəti üzrə onun qeydiyyatda olduğu Ağstafa Rayon Məhkəməsində baxılmalı idi. Digər Cavabdeh2 qarşı hər hansısa tələb yönəldilmədiyi üçün onun cavabdeh kimi işdə saxlanılması yolverilməzdir. Sadəcə olaraq digər cavabdehin bu işdə cavabdeh kimi əlavə edilməsi hüquqdan sui-istifadədir. Məhkəmə onun məhkəmə iclasında avtomobilə həmin məbləğdə ziyan dəyməsinin qeyri-mümkün və məbləğin şişirdilmiş olmasını bildirməyinə baxmayaraq bunları nəzərə almamış, ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, icarəyə maşın götürmək istəyirdi. Bu səbəbdən də iddiaçını tanımış, 1000 manat ödəniş etmiş, günü 25 manat olmaq şərti ilə maşını götürmüşdür. Avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Hesab edir ki, qəza nəticəsində hesablanan məbləğ şişirdilib. Cərimələri çıxdıqdan sonra iddiaçıda 670 manat pulu qalmışdı. O, iddiaçıya maşını 670 manata təmir etməyi bildirmiş, amma razılaşmamışlar və iddiaçı məhkəməyə müraciət etmişdir. İş məhkəmədə olanda o, qarşı tərəfin ofisinə getmiş, onlara məbləğ təklif etmişdir. Amma ondan istənilən məbləği bir dəfəlik ödəyə bilməyəcəyini, ancaq kredit götürdükdən sonra ödəniş edə biləcəyini bildirmiş, iddiaçı razılaşmamışdır. Elə göstərmək istəyirlər ki, güya o, maşını Cavabdeh2 vasitəsilə İddiaçı götürüb, halbuki onu heç vaxt tanımayıb. Əgər o, ödəniş edib icarəyə maşın götürürsə, ona kiminsə vasitəçiliyi lazım deyil. Pulunu özü icarədara verər və maşını götürər. Bundan başqa hesab edir ki, iş üzrə ərazi aidiyyəti pozulub. Bunu Ali Məhkəməyə göndərdiyi izahatda yazılı formada da bildirmişdir. Amma Ali Məhkəmə bu mövqe ilə razılaşmadı. Ondan tutulması qət olunan məbləğdən narazıdır. Şuşa Rayon Məhkəməsindən iş üzrə ekspertiza təyin olunmasını şifahi formada xahiş etmiş, amma xahişi təmin olunmamışdır. Yerində hesablama zamanı 1000 manatdan bir qədər yuxarı bir məbləğ hesablanmışdı. Ondan həmin məbləği yerində ödəməyini istədilər, amma onun imkanı olmadı. Onun depozitdə 670 manat pulu qalıb. Amma müqaviləyə istinad etməklə ona bildirilir ki, əgər icarəyə götürülmüş maşın 3 aydan tez müddətdə icarədara qaytarılarsa, depozit məbləği geri qaytarılmır. Halbuku onlar nəzərə almırlar ki, o, maşını öz iradəsilə, könüllü şəkildə qaytarmayıb. Yol-nəqliyyat hadisəsi fors-major haldır. O, depozit məbləğilə maşını təmir edib işinə davam edəcəkdi. Bunula razılaşmadılar və əsassız hesablamalar apardılar. Maşının sağ tərəfi tam salamatdır. Sol qabaq işıq, sol alt duman əleyhinə işıq, kapotun uc hissəsi zədələnib. Bu barədə telefonunda fotoşəkillər də var. O, maşın üçün işıq da aldı. Amma bildirdilər ki, işıq orijinal deyil. Cavabdeh2 deyilənə görə icarədarların işçisidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şuşa Rayon Məhkəməsinin e-2(077)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, əgər cavabdeh qeyd edirsə ki, Cavabdeh2 tanımır, apellyasiya şikayətində Cavabdeh2 pul tutulmamasını niyə mübahisələndirir. İddiaçı Cavabdeh1 tanımır, maşını Eltunun vasitəsilə ona verib. İddiaçının icarəyə verdiyi maşınla Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədib. Maşın artıq iddiaçının hesabına təmir edilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şuşa Rayon Məhkəməsinin e-2(077)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

18. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətindən görünür ki, məhkəmənin qətnaməsinin iddianın təmin edilən hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şuşa Rayon Məhkəməsinin e-2(077)- 291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarında olan BA119671 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, ağ rəngli “Ravon Nexia R3 minik” markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur.

24. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 23 manat plan verməklə Cavabdeh1 icarəyə vermişdir.

25. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixl etibarnamədən görünür ki, Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixi daxil olmaqla idarə etməkdə səlahiyyətlidir.

26. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP4730631 seriyalı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 20:00-da Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat cərimə edilmə haqqında inzibati tənbeh tətbiq edilmişdir.

27. “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2097 manat məbləğində ziyan dəymişdir.

28. xx.xx.2022-ci il tarixli 484419 nömrəli mədaxil qəbzindən görünür ki, “RS” Avtoserivə 957 manat ehtiyat hissələri və 1140 manat zəhmət haqqı olmaqla, ümumilikdə 2097 manat məbləğində pul ödənilmişdir.

29. “MilliÖn” Elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş etmişdir.

30. Müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan "Ravon Nexia R3 minik" markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili 15 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə əsasında Cavabdeh1 vermişdir. Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 20:00-da radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində ara məsafəsi qaydalarını pozmuş və 24 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP-4730631 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə 2097 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Hazırda İddiaçı avtomobilə dəymiş 2097 manat məbləğində maddi ziyanı və hüquqi yardıma görə ödəmiş olduğu 100 manat vəkil xərcini cavabehlər Cavabdeh1 və Cavabdeh2 tələb edir.

31. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində İddiaçı mülkiyyətində olan "Ravon Nexia R3 minik" markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə 2097 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən və həmin məbləğ İddiaçı tərəfindən ödənildiyindən iddia bu hissədə təmin edilərək 2097 manat məbləğində maddi ziyan Cavabdeh1 tutulmalıdır.

32. Məhkəmə Cavabdeh2 maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, avtomobil icarəyə verilərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyünu bildirmiş olsa belə, bu iradə ifadəsini yazılı formada rəsmiləşdirməmişlər. Qanunvericiliyin tələbinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalı və yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olduğundan iddia tələbi Cavabdeh2 maddi ziyanın tutulması hissəsində təmin edilməməlidir.

33. Məhkəmə iddia tələbinin vəkilin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, qeyd olunan məbləğ, 100 manat hüquqi yardıma görə xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

34. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə 42 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

36. Belə ki, BA119671 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-ci il buraxılışlı, ağ rəngli “Ravon Nexia R3 minik” markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 23 manat plan verməklə Cavabdeh1 icarəyə vermişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixl etibarnamədən görünür ki, Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2029-cu il tarixi daxil olmaqla idarə etməkdə səlahiyyətlidir.

37. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli TP4730631 seriyalı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 20:00-da Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində “Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat cərimə edilmə haqqında inzibati tənbeh tətbiq edilmişdir.

38. “RS” Avtoservisin xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki,“Ravon Nexia R3 minik” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2097 manat məbləğində ziyan dəymişdir.

39. xx.xx.2022-ci il tarixli 484419 nömrəli mədaxil qəbzindən görünür ki,“RS” Avtoserivə 957 manat ehtiyat hissələri və 1140 manat zəhmət haqqı olmaqla, ümumilikdə 2097 manat məbləğində pul ödənilmişdir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyant apellyasiya şikayətində qeyd edir ki, işə aidiyyəti üzrə onun qeydiyyatda olduğu Ağstafa Rayon Məhkəməsində baxılmalı idi. Digər Cavabdeh2 qarşı hər hansısa tələb yönəldilmədiyi üçün onun cavabdeh kimi işdə saxlanılması yolverilməzdir. Sadəcə olaraq digər cavabdehin bu işdə cavabdeh kimi əlavə edilməsi hüquqdan sui-istifadədir. Məhkəmə onun məhkəmə iclasında avtomobilə həmin məbləğdə ziyan dəyməsinin qeyri-mümkün və məbləğin şişirdilmiş olmasını bildirməyinə baxmayaraq bunları nəzərə almamış, ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir k, apellyantın işə Ağstafa Rayon Məhkəməsində baxılmalı olmasına dair dəlilinə kassasiya instansiyası məhkəməsində baxılaraq qiymət verilmişdir. Bundan başqa avtomobilə dəymiş ziyanın məbləği iş materialları ilə təsdiq olunmuşdur. Apellyant bunu təkzib edəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.

45. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Şuşa Rayon Məhkəməsinin e-2(077)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar