Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1837/2021 19.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(060)-1820/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(060)-1820/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 1391,70 manat əsas borc, 246,44 manat faiz borcu olmaqla, cəmi 1638,14 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 12.01.2021-ci il tarixdə “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 1391,70 manat əsas borc, 246,44 manat faiz borcu olmaqla, cəmi 1638,14 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 04.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 1650 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06.11.2020-ci il tarixinə cəmiyyətə 1391,70 manat əsas, 246,44 manat faiz, cəmi 1638,14 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cəmiyyət öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən qanunsuz və əsassız hesab edir. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Belə ki, 04.11.2014-cü il tarixli müqaviləyə əsasən iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətindən kredit götürmüşdür. O, ödənişləri vaxtlı-vaxtında ödəmişdir, lakin son vaxtlar ödənişləri etməkdə çətinliklər çəkir. Bank məhkəməyə şişirdilmiş məbləğ təqdim etmişdir. Hazırda iddiaçıya 800 manat məbləğində borcu qalmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini qismən dəyişdirilərək, ondan 800 manat məbləğində borcun tutularaq iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə verilməsinə, qətnamənin qalan hissədə ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdehin kredit xətti və bank hesabı müqaviləsində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və iddianın təmin edilməsi üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinə qismən dəyişiklik və qalan hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 8370tkSUM/14 saylı, 04.11.2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 27% ödəmək şərti ilə 1650 manat məbləğində kredit limiti ayrılmış, ona bank hesabı (cari, ssuda) açılmış və plastik kart təqdim edilmişdir. İş materiallarında olan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, həmin tarixə yaranmış 1391,70 manat əsas borc, 193,65 manat faiz borcunu 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 8370tkSUM/14 saylı, 04.11.2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit xətti və bank hesabı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri ödəmə müddəti ərzində aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması mülki işin materialları ilə də inkar edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən 1391,70 manat əsas borc və 246,44 manat faiz borcunun tutulub iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 800 manat məbləğində borcu olduğunu göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində göstərdiyi bu dəlil barədə hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(060)-1820/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1837/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1837/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver