Məhkəmə qərarları › İş №2(105)-1840/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1840/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1840/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2804/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(060)-9356/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, 01 oktyabr 2014-cü il təvəllüdlü X2 və 14 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(060)-9356/2019 nömrəli qətnaməsi ilə cavabdehdən 01 noyabr 2019cu il tarixdən başlayaraq 01 oktyabr 2014-cü il təvəllüdlü X2 və 14 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət olunmuşdur. O, 320 manat məbləğində alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, o hal-hazırda “Karvan” Ticarət Mərkəzində xırda ticarətlə məşğul olur və sadələşmiş vergi ödəyicisidir. Etiraza əlavə olunmuş qəbzlərdən də görünür ki, o hər ay 10-15 manat civarında vergi ödəyir. Onun qazancı qeyri-müntəzəmdir və aylıq qazancı 500-750 manat civarında dəyişir. İddiaçı isə hal-hazırda iki uşağa görə 440 manatın tutulmasını tələb edir ki, onun həmin alimenti ödəməyə maddi imkanı yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2804/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 01 oktyabr 2014-cü il təvəllüdlü X2 və 14 sentyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(060)-9356/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı (Aslı Akhmedova) xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 200 manat olmaqla, hər ay cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsi, alimentin Cavabdeh İddiaçı (Aslı Akhmedova) xeyrinə artırılmış formada tutulmasının hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2804/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də, onun həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2016-cı ildə, X5 isə xx.xx.2014-cü ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(060)- 9356/2019 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşalarına çatanadək saxlanmaları üçün cavabdehdən bir uşaq üçün 160 manat olmaqla, iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 24 mart 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan 01 oktyabr 2014-cü il tarixdə X5 və 14 sentyabr 2016-cı il tarixdə X6 adlı uşaqları doğulmuş, sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və faktiki olaraq ayrı yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşalarına çatanadək saxlanmaları üçün cavabdehdən bir uşaq üçün 160 manat olmaqla, iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflərin faktiki nikahından olan 01 oktyabr 2014-cü il tarixdə X5 və 14 sentyabr 2016-cı il tarixdə X1 üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun faktiki nikahından anadan olmuş azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin 01 oktyabr 2014-cü il tarixdə X5 və 14 sentyabr 2016-cı il tarixdə X6 adlı övladlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-2804/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar