Məhkəmə qərarları › İş №2(105)-1840/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1840/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1840/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi, öhdəliyin icra edilməməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi iıə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "müqavilə üzrə borcun tutulması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2(012)-5102/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 718.42 manat məbləğində kredit borcu, 35.73 manat məbləğində faiz borcu və 636.49 manat məbləğində cərimə olmaqla, cəmi 1390,64 manat məbləğində borcun və ödənilmiş 33.91 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylıəlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 718.42 manat məbləğində kredit götürmüşdür. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 718.42 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4- cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1852 gün üçün hesablanmış faiz borcu 35.73 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3- cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faiz vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 1852 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 636.49 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 718,42 manat əsas, 35,73 manat faiz və 636,49 manat cərimə borcu olmaqla, cəmi 1390,64 manat borcu vardır.

5. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh3 bank tərəfindən illik 0.0833%, 60 ay müddətinə, yəni xx.xx.2024-cü ilədək qaytarılmaq şərti ilə 718,42 manat kredit verilmişdir. Digər cavabdehlərlə iddiaçı arasında həmin tarixli zaminlik müqavilələri bağlanmışdır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2(012)- 5102/2025 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh3 718,42 manat əsas, 35,73 manat faiz və 0,85 manat cərimə borcu olmaqla, cəmi 755 manat pul və 33,91 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 448.1, 449.4, 462.1, 467, 470.1, 472.1, 472.2, 367 və 477.0.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 284-1 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(027)- 1226/2025 nömrəli qətnaməsinin qismən - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zaminlərəcavabdehlərə münasibətdə iddia tələbini təmin etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin pozuntusuna yol vermişdir. İstinad olunan maddənin məzmununa əsasən “zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir”. Hesab edir ki, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş zaminlik müqavilələri yalnış təhlil edilmiş və nəticə etibarı ilə AR MM-nin 477.0.4-cü maddəsi tədbiq edilsə də, həmin maddə düzgün tətbiq edilməmiş və onun pozuntusuna yol verilmişdir. Məhkəmə zaminlərə münasibətdə iddia tələbini təmin edilməməsini onunla əsaslandırmışdır ki, “...İşdən görünür ki, əsas öhdəliyin müddəti xx.xx.2024-cü il tarixi göstərilmişdir. İddiaçı təşkilat isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı xx.xx.2025-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi zamin kimi Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir”. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, AR MM-nin 477.0.4-cü maddəsi iki hissədən ibarətdir: - birinci hissə onu ehtiva edir ki, zaminliyə xitam verilməsinin əsasını zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır; - birinci hissə mövcud olmadığı təqdirdə, yəni zaminlik müqaviləsi ilə onun verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 003G**********01 saylı və 003G**********02 saylı zaminlik müqavilələrinin 4.1-ci bəndi ilə zaminliyin xüsusi müddəti müəyyən edilmişdir. Belə ki, zaminlik müqavilələrinin həmin bəndinə əsasən “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Beləliklə, hazırkı mübahisə üzrə tərəflər arasında zaminliyin müddəti xx.xx.2027-ci il tarixinə kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı vaxtında zaminlərə qarşı tələbini irəli sürmüş və AR MM-nin 477.0.4-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddəti ötürməmişdir. İddiaçının tələbi tam haqlı və qanunidir. Hazırkı Qərara əsasən “Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(027)-1226/2025 nömrəli qətnaməsinin qismən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. İş materialları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən ona illik 0,0833% dərəcəsi ilə 60 ay müddətinə 718,42 manat məbləğində kredit verilmişdir. Onun öhdəliklərinin icrası üçün Cavabdeh1 və Cavabdeh2 Bank qarşısında zamin durmuşlar.

18. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir (bax bənd 6).

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əsas öhdəliyin müddəti xx.xx.2024-cü il tarixi göstərilmişdir. İddiaçı təşkilat isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı xx.xx.2025-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi zamin kimi Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir.

21. Qətnamə ilə razılaşmayan İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır. Kollegiya həmçinin qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər araşdırılaraq qiymət verilmişdir, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

23. Kollegiyanın qənatincə apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2(012)-5102/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar