Məhkəmə qərarları › İş №2(105)-1846/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1846/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1846/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü - X8 və xx.xx.2020-ci il təvəllüdlü - X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün onun xeyrinə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, birgə nikahdan dünyaya gəlmiş azyaşlı xx.xx.2020-ci il təvəllüdlü- X11 və xx.xx.2020-ci il təvəllüdlü - X10 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh 25 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsinə əsasən o və Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş X8 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat və xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 03 yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X11 və X10 2 yaş 6 aylıqdırlar. Uşaqların səhhəti ilə əlaqədar mütəmadi həkim nəzarətinə ethiyac var. xx.xx.2021-ci il tarixli qətnamədə hər ay hər uşaq üçün qət edilmiş aliment məbləği hal-hazırda uşaqların qida və istirahətləri üçün tələb olunan ehtiyacları ödəmir. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Bildirir ki, borclu icra məmurunun məcburi icra tədbirləri nəticəsində aliment pulunu ödəyir, könüllü şəkildə heç bir aliment pulu ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o təkbaşına çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.

3. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün onun xeyrinə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, birgə nikahdan dünyaya gəlmiş azyaşlı xx.xx.2020-ci il təvəllüdlü- X11 və xx.xx.2020-ci il təvəllüdlü X10 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 uzun müddətli və davamlı müayinə və müalicəyə ehtiyacları olduqlarını nəzərə alaraq, onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh 25 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, hal-hazırda X8 baş nahiyəsinin damarlarında şiş xəstəliyi və ürəyində açıq oval dəlik var. Qan-damar xəstəliyinə görə hər iki övladının cərrah və həkim-kardioloqun uzunmüddətli, davamlı müalicə və müayinələrinə ehtiyacları var. X3, həm də X5 anal çat olduğuna görə müalicə olunmalıdırlar. Həmçinin hər iki övladında nitq ləngiməsi mövcud olduğundan uzun müddətli nevropatoloq, psixoloq və loqoped müayinə və müalicələrinə ehtiyac yaranmışdır.

5. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı iddia etmişdir ki, cavabdeh övladları ilə maraqlanmır. O, iddiaçının yaşadığı evə gedərkən iddiaçı onu görən kimi dava-dalaş salır, 102 qaynar xəttinə zəng edir. Bu səbəbdən də övladları ilə maraqlana bilmir. O bağban işləyir, hər ay 350 manat əmək haqqı alır. Bundan əvvəl təyin olunmuş alimenti maddi imkanı daxilində ödəməyə çalışır. İddiaçı qeyd edilənləri əsaslandıran hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Halbuki iddia tələbini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bildirir ki, onun digər bir yerdən qazancı yoxdur. 72 yaşlı xəstə anası onun himayəsindədir. Xəstləyi ilə əlaqədar mütəmadi müalicəyə ehtiyacı vardır. Qeyd edilənlərə əsasəniddianın rədd edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin və 25 (iyirmi beş) manat mediasiya xərcinin tutulması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərclərin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən və bununla əlaqədar Cavabdeh İddiaçı xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə isə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı uşaqların üç yaşı tamam olmadığı (uşaqların xəstəlikləri və əkiz olmaları) səbəbindən analıq məzuniyyətində olduğu, uşaqların sağlamlıqları və digər əsaslı mənafeyləri baxımından işləyə bilmir. Qeyd olunan vəsait yalnız iddiaçı, yəni uşağın anası tərəfindən qarşılanır və cavabdeh həmin xərclərdə iştirak etmir. Cavabdehin fərdi fəaliyyət ilə məşğul olması təsdiq olunmadığı üçün aylıq qazancının məbləğinin nə qədər olması iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən cavabdeh də əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır. Cavabdeh övladının saxlanması ilə əlaqədar İddiaçı xeyrinə uşaqların üç yaşına çatanadək, hər ay sabit pul məbləğində hər uşaq üçün 50 manat olmaqla, ümumillikdə 100 manat tutulmalıdır. Göründüyü kimi mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərmişdir. İddiaçı tərəfindən cavabdehin fərdi qaydada fəaliyyət göstərməsi və gəlirlərinin olması qeyd olunmasına baxmayaraq həmin sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə etiraz edilərək, aliment öhdəliyinin həyata keçirməməsinə üzürlü səbəbinin olması (gəlirlərinin olmaması, sağlamlıq imkanlarını məhdudluğu və sair) sübut olunmur. Bundan əlavə iddiaçı tərəfindən əkiz uşaqlarının müayinəsi və müalicəsi ilə bağlı Sağlamlıq Mərkəzinə ünvanlamış müraciətə əsasən müəyyən edilir ki, saxlanılması xüsusi qulluq tələb edilən əkiz uşaqların sağlamlıqlarında problem olması işin mübahisə edilməyən halıdır. Onların müalicəsi və müayinəsi isə qulluq və maddi xərc tələb edir. Cavabdeh uşaqların müalicəyə ehtiyaclarının olmasını məhkəmə iclasında bildirsə də valideynlik vəzifəsindən boyun qaçıraraq aliment öhdəliyini həyata keçirmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və alimentin əmək haqqının 1/3-i hissəsində tutulmasını xahiş etmişdir.

Şikayətin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də Mühafizəçi vəzifəsində çalışır. Aylıq qazancı 476 manat təşkil edir. Bunu xx.xx.2023-cü il tarixli arayış təsdiq edir. AR Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə iddianı qəbul edərkən əmək haqqının üçdə bir hissəsi miqdarında deyil, sabit pul məbləğində aliment təyin etmişdir. Bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Digər bir yerdən qazancı yoxdur, aylıq qazancı aldığı cəmi 476 manat əmək haqqıdır. Məhkəmə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin, uşaqların 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutarkən onun əmək haqqının miqdarını, himayəsində xəstə anasının olmasını, dolanışıq, qida və digər xərclərimi nəzərə almamışdır. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən uşaqların xəstəlikləri barədə arayışlar köhnə tarixə verilmişdir. İddiaçının iddia etdiyi xəstəliklər uşaqların yetkinlik yaşına çatana qədər daimi müalicə olunmalı xəstəliklər deyil. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə uşaqların xəstəlikləri barədə təqdim edilən arayışlar araşdırılmalıdır. Həmçinin bildirir ki, himayəsində xəstə anası vardır. Maddi imkanında heç bir dəyişiklik olmamışdır. Yaranmış qalıq aliment borcunu əmək haqqının az olması səbəbindən ödəyə bilmədiyi üçün 2 dəfə inzibati qaydada həbs edilmişdir. 1 dəfə isə 500 manat inzibati qaydada cərimə olunmuşdur. Təyin olunmuş aliment əmək haqqından çox yüksəkdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 476 manat əmək haqqı alır. Bunun 342 manatı alimentə tutulur. Uşaqlardan birinin başında xəstəlik var idi və müalicə alırdı. Uşaqlar əkizdirlər və 3 yaşları tamam olub. Anasının 72 yaşı var, parkinson xəstəsidir. O da onun himayəsindədir. 400 manat aliment ödəməyə etiraz etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və alimentin əmək haqqımın 1/3-i hissəsində tutulmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, uşaqları xəstədir. Cavabdehin ödəyicilik qabiliyyəti var. Təkcə gəliri əmək haqqı deyil. Taksı sürücüsü fəaliyyəti ilə məşğuldur. Cavabdeh uşaqlarla qətiyyən maraqlanmır. İş məhkəmənin icraatında olanda adını az maaşlı bir işə yazdırır. O, özü Qazax rayonunda müəllim işləyir. Ucqar yerdə kirayədə yaşayır. Uşaqları saxlamaqda çətinlik çəkir. Uşağın xəstəliyi ilə bağlı sənəd gətirəcəkdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ.Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.3. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1.Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini alimentin və əlavə xərclərin məbləği hissəsində mübahisələndirir. Alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan tutulması, eləcə də 25 manat mediasiya xərclərini tutulması hissəsində mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunmuş alimentin məbləğinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahlarından 29 sentyabr 2020-ci il təvəllüdlü Nurlan və Nərmin adlı uşaqları doğulmuşdur.

24. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Əsədova (Məmmədli) Aytəkin Mikayıl qızı arasında xx.xx.2019- cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1424 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X4 boşanmadan sonra iddiaçı - X2 yanında qalmaları, Cavabdeh iddiaçı X2 xeyrinə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat və 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X4 03 (üç) yaşı tamam olanadək xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 25 (iyirmi beş) manat olmaqla, cəmi 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

25. Mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2013-00152 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı 13 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, Cavabdeh isə xx.xx.2023-cü il tarixində bildiriş göndərilmişdir. 50 manat məbləğində mediasiya xərcini isə İddiaçı ödəmişdir.

26. AZ - İ seriyalı, 415140 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 11 yanvar 2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin mart ayının 18-ci günündə 102 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Məmmədli soyadı verilmişdir.

27. X7 Exokardioqrafdan görünür ki, ölçülər yaşa və çəkiyə uyğundur. Açıq oval dəlik, sol mədəciyin sistolik-diastolik ölçüləri normaldır. Sistolikdiastolik funkisyaları normaldır. Seqmentar divar hərəkət qüsuru izlənməmişdir. Aorta kökü və aorta qapaqları normaldır. Aort qapaqları üçtaylıdır. Aort koarktasiyası qeyd edilmir. Sol mədəciyin çıxışı normaldır. Mitral qapağın hər iki tayı zəif normaldır. Trikuspid qapaqlar normaldır. Sağ boşluqların ölçüləri normaldır. Pulmonar hipertenziya izlənməmişdir. İVS tamdır. PDA qeyd edilmir. Perikard boşluğunda maye izlənməmişdir. Ürək kameraları təmizdir.

28. «Optimed» Tibb Mərkəzi tərəfindən verilmiş artrosonoqrafiyadan görünür ki, Əsədova Nərmində patologiya aşkar olunmamışdır. Hər iki tərəfdə sirkə kasaları normal şəkildə və dərinlikdədir. Bud sümüyünün başı mərkəzdə lokalizasiya olunur. Çıxıq qeyd olunmur. Epifiz formalaşıbdır.

29. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan iş materialları və qanunvericilik normalarına istinadən iddianı yuxarıda qeyd edilən formada qismən təmin etmişdir.

30. Məhkəmə kollegiyası iddia tələbinin alimentin və uşaqların 3 yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması barədə məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 200 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

33. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir.

34. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş 150 manat məbləğində aliment xx.xx.2021-ci, yəni uşaqların 1 yaşları olanda tutulmuşdur.

35. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna iki dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.

36. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində alimentin artırılaraq hər uşaq üçün 250 manat müəyyən edilməsini xahiş etsə də cavabdehin qeyd edilən məbləğdə alimenti ödəmək imkanının olmasına dair sübutlar təqdim etməmişdir. 37.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini nəzərə almaqla alimentin məbləğini dəyişdirərək bir uşaq üçün 200 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi digər nəticəyə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərclərin miqdarının dəyişdirilərək uşaqların 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pulun tutulmasına dair gəldiyi nəticədə haqlı olmuşdur.

39. Belə ki, uşaqların 3 yaşına çatanadək 25 manat əlavə xərc müəyyən edilərkən uşaqlar 1 yaşında olmuş, hazırki iddia ərizəsi məhkəməyə verilərkən isə 2 yaşdan yuxarı olmuş, bununla da onların zəruri xərcləri artmışdır.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi ilə azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edlmiş 150 manat alimentin məbləğini artıraraq hər uşağa görə 200 manat, eləcə də uşaqların 3 yaşına çatanadək əlavə xərc kimi müəyyən edilmiş 25 manatı artıraraq hər uşağa görə 50 manat müəyyən edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur.

41. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən həmin hissələri dəyişdirilmədən saxlanımlıdır.

42. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi digər nəticəyə, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulması hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə bu nəticədə haqlı olmamışdır.

43. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı birgə nikahdan doğulmuş xx.xx.2020ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 uzun müddətli və davamlı müayinə və müalicəyə ehtiyacları olduqlarını nəzərə alaraq onlar yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə tələbi həmin hissədə qismən təmin edərək əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulması nəticəsinə gəlmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, ilk əvvəl iddiaçı qeyd edilən tələbini əsaslandırmamış, uşaqların yetkinlik yaşına çatanadək daimi müalicəyə ehtiyacı olmasına dair hər hansı sübutları təqdim etməmişdir.

45. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

46. İddiaçı isə uşaqların yetkinlik yaşına çatanadək daimi müalicəyə və müayinəyə ehtiyacları olmasına dair hər hansı sübutu təqdim etməmişdir.

47. Bundan əlavə qətnamədən görünür ki, məhkəmə tələbi həmin hissədə təmin edərkən konkret vaxt müəyyən etməmiş, qeyri-müəyyən müddətə əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə cavabdehdən pul tutmuşdur.

48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsini qətnaməsi qeyd edilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edər. Eyni zamanda cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin aylıq gəlirinin 476 manat olması nəzərə alınarsa, həmin məbləğin 1/3 hissəsi 158,6 manat təşkil edir ki, bu da bir uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Həmçinin həmin məbləğ məhkəmə qətnaməsi ilə ilk dəfə tutulan alimentin məbləğinin yarısı qədərdir.

50. Bundan başqa qanunvericiliyə görə sabit pul məbləğində aliment tutulmasının bir əsası da uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin bu barədə xahişinin olmasıdır. Hazırki işdə də iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir.

51. Məhkəmə kollegiyası aylıq qazancının 1/3 miqdarında aliment tutulmalı olması barədə cavabdehin dəlili ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, iddiaçı alimenti məhz sabit pul məbləğində tələb edir.

52. Bundan başqa apellyantın qazanc yerinin olmaması barədə dəlilləri də məhkəmə kollegiyası əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2376/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, əlavə xərclərin (müayinə və müalicə ehtiyacları üçün) ödənilməsinə görə 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumillikdə 100 manat miqdarında pul tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar