Məhkəmə qərarları › İş №2(105)-1850/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1850/2023

11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1850/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Mərdanova (Əlpənahova) Qönçə Əfqan qızının Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-609/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, Cavabdeh hər ayda 160 (bir yüz altmış) manat məbləğində aliment alınıb 26 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Mərdanova (Əlpənahova) Qönçə Əfqan qızına verilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2380/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 26 fevral 2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Mərdanova (Əlpənahova) Qönçə Əfqan qızına verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Mərdanova (Əlpənahova) Qönçə Əfqan qızı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə verildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2380/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd olunan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Аpellyasiya Məhkəməsinin 2(105)- 2380/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladlarının 5 yaşı var. Hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2380/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd olunmuş 160 manat aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyaclarını tamamilə o çəkir. Uşağın atası alimenti vaxtı-vaxtında ödəmir, onun uşağı tək saxlamağı çətin olur. Böyüdükcə uşaqda ehtiyac və təlabat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək qadın olaraq ona çox çətindir. Həmçinin də ölkədə aliment miqdarı artırılaraq 220 manat olmuşdur. Buna görə də o, aliment məbləğinin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-609/2023 nömrəli qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Həmin qətnaməni mübahisələndirir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları pozulmuş, sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin maddi vəziyyətində müsbət istiqamətdə dəyişiklik olmamış, əksinə cavabdeh yeni ailə həyatı qurduğundan və övladı anadan olduğundan əlavə xərcləri artmışdır. Göründüyü kimi məhkəmə cavabdehin maddi və ailə vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. İddiaçı cavabdehin ailə və ya maddi vəziyyətində müsbət istiqamətdə dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə formal şəkildə istinad edilsə də, həmin maddənin tələbləri tətbiq edilməmiş, həmin maddə səhv təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Mərdanova (Əlpənahova) Qönçə Əfqan qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2018ci ildə X5 adlı uşaqları olmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar, məhkəmə tərəfindən uşağın saxlanılması üçün 160 manat aliment müəyyən edilmişdir. Müəyyən edilmiş alimenti cavabdeh vaxtı-vaxtında ödəyir, artıq aliment ödəməyə cavabdehin maddi imkanı çatmır, çünki cavabdeh ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan da xx.xx.2023-cü il tarixində bir övladı anadan olmuşdur. Uşaq yenicə anadan olduğu üçün uşağın doğum haqqında şəhadətnaməsi əldə edilmədiyindən məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh hal-hazırda hərbidə işləyir, 670-675 manat əmək haqqı alır. Cavabdehin əmək haqqının təxminən ¼ hissəsi miqdarında, 160 manat aliment tutulur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2380/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunan tarixdən hal-hazıradək cavabdehin əmək haqqında ciddi dəyişiklik-artım olmamışdır. Göründüyü kimi cavabdehin maddi vəziyyətində müsbət istiqamətdə dəyişiklik olmamış, əksinə cavabdeh yeni ailə həyatı qurduğundan və övladı anadan olduğundan əlavə xərcləri artmışdır. Göründüyü kimi məhkəmə cavabdehin maddi və ailə vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. Qeyd olunanlardan əlavə uşaqları saxlamaq hər iki valideynin bərabər şəkildə borcudur. Qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, həmin faktiki halları məhkəmə aydınlaşdıraraq müəyyən edilmiş alimentin miqdarını əsassız yerə artırmamalı idi. İşə əlavə edilmiş Şabran RMX-nın PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, cavabdehin hazırki həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixində Şabran RMX PHŞ-in ASM-də 11-12 həftəlik hamiləliklə qeydiyyata götürülmüşdür, 37 həftəlik hamiləlikdir. İş materiallarına əlavə edilmiş Kapital Bankın ödəniş kartı üzrə çıxarışından görünür ki, Cavabdeh əmək haqqı 674-675 manat təşkil edir. Məhkəməyə qeyd edilən sübutlar təqdim edilsə də, hakim bu və digər sübutlarını nəzərə almayaraq cavabdehə qarşı qeyri-obyektiv qətnamə çıxarmışdır. Lakin, qarşı tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmənin qətnaməsinin məzmunundan da göründüyü kimi işə baxan hakim yalnız iddiaçının iddia ərizəsində göstərdiklərinə əsaslanıb, heç bir zəruri araşdırma aparmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Hansı ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Beləliklə, məhkəmə tərəfindən qarşı tərəfin xeyrinə müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş hesab edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayış minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 26 fevral 2018-ci il təvəllüdlü X1 üçün 2020-ci il tarixdə alimentin miqdarı 160 (bir yüz altmış) manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşağın tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb məhkəmə tərəfindən tutulan 160 manat miqdarında alimentin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat miqdarda tutulması təşkil edir (220-160=60 manat). Həmin artımın bir il ərzində məcmusu isə (60 X 12 ay=720 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar