Məhkəmə qərarları › İş №2(105)-1852/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1852/2023

01.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1852/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Vəkil2, qarşılıqlı iddiaçı X1 nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, X2 qarşı maneənin aradan qaldırılması tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb edilməklə alqı-satqı aktının etibarlı hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınma, mirasın qəbul edilməsi müddətinin uzadılması, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-373/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması haqqında ilkin iddia əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı adı qeyd olunan JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, qarşılıqlı iddia tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədədir. İşdən həmçinin müəyyən edilir ki, mübahisə predmeti təşkil edən JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 59 saylı qərarıdır. Göründüyü kimi qarşılıqlı iddiaçının tələbi JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hesab edilməsi barədədir və hesab edir ki, həmin şəhadətnamə etibarsız hesab edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin qarşılıqlı iddiaçı JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması ilə bağlı hazırki iddianı inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmə isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktını qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin inzibati qaydada baxılmasının müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi ilk növbədə mübahisələndirilən hüquq müəyyənedici sənədlərin mülki hüquqi əqdə və yaxud inzibati akt əsasında verilməsini aydınlaşdırmaqla, mübahisənin məhkəmə aidiyyatı məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iddia tələbinin çıxarışın ləğv olunması hissəsində iş üzrə icraata xitam verməli, iddiaçıya çıxarışının mübahisələndirilməsi ilə bağlı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İlkin İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı adı qeyd olunan JN-029F KOD 30407028 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilməsi hissəsində qarşılıqlı iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar