Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1855/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(012)-2587/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06 may 2008-ci il təvəllüdlü X17 və 18 yanvar 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Qazax Rayon Məhkəməsinin 2(023)-120/2019 saylı, 05 fevral 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək cavabdehdən 06 may 2008-ci il təvəllüdlü X17 və 18 yanvar 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə quraraq 11 iyun 2009-cu il tarixdə 257 nömrə ilə Qazax rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 06 may 2008-ci il tarixdə X17 və 18 yanvar 2010-cu il tarixdə X15 adlı iki uşaq doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalmışlar. Uşaqların saxlanması üçün aliment qazancın müəyyən hissəsində müəyyən edilmişdir. Bu halda isə uşaqların hüquqları pozulur. Cavabdeh N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçir. Cavabdehdən qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqların saxlanılması üçün hər uşağa hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(012)-2587/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Qazax Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(023)-120/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 06 may 2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-ci il tarixli, e-2(012)-2587/2023 nömrəli qətnaməsini iddianın təmin edilmiş hissəsində dəyişdirərək, iddianın tam təmin edərək cavabdehdən Qazax Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(023)-120/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarını dəyişdirərək, hər uşaq üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı tam təmin etməli olduğu halda qanunsuz olaraq qismən təmin etmiş və qərarını onunla əsaslandırmağa çalışmışdır ki, birdən birə 200 manat alimentin məbləğinin artırılması cavabdehin (mənafeyinə ziddir) vəziyyətini pisləşdirə bilər. Hansı ki, cavabdehin iş yerindən kifayət qədər əmək haqqı və digər rəsmi ödənişləri vardır ki, onun himayəsində olan uşaqlarını saxlanması üçün tələb etdiyi məbləğdə alimenti ödəsin. O, heç bir yerdə işləmir. Bu halların heç birini məhkəmə araşdırmamışdır. Qazax Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(023)-120/2019 nömrəli qətnaməsindən bu günədək tərəflərin vəziyyəti dəyişmiş və uşaqların ehtiyacları artmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Qazax rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahından 06 may 2008-ci il tarixdə X17 və 18 yanvar 2010-cu il tarixdə X15 doğulmuşdur. İş materiallarından olan Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)- 120/2019 saylı icra vərəqəsindən görünür ki, 18 yanvar 2010-cu ildə anadan olmuş X4 Ramin Akif oğlundan alınaraq X9 verilməli, 06 may 2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 Aytən Namiq qızının himayəsində saxlanılmalı, 06 may 2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi Akif adlı uşağa münasibətdə 25 sentyabr 2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutulub X9 verilməlidir. İşdə olan Qazax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-120/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X12 aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi Akif adlı uşağa münasibətdə 25 sentyabr 2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutulub X9 verilməlidir. Ayan adlı uşaq hazırda atasının himayəsindədir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu Cavabdeh N nömrəli hərbi hissədə işləyir. Hazırda icra sənədi üzrə 2018-ci ilin oktyabr-dekabr və 2019-cu ilin yanvarfevral ayları üzrə borc yaranmışdır. Ona görə də aliment üzrə yaranmış borc ödənilənədək borclu Cavabdeh əmək haqqının 50 faizinin tutulması, (6 aylıq borc əmək haqqının 1/4 hissəsi ilə hesablanmalıdır) borc ödənildikdən sonra isə hər ay əmək haqqının 1/4 hissəsinin tutulub tələbkar X6 xeyrinə ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan Qazax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-120/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment pulu alınıb Akif adlı uşağa münasibətdə xx.xx.2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi tarixdən başlayaraq tələbkar X9 verilməlidir. Borclu Cavabdeh N nömrəli hərbi hissədə işlədiyi üçün onun əmək haqqından Akif adlı uşağa münasibətdə alimentin xx.xx.2018-ci il tarixdən tutulması xahiş edilmişdir. xx.xx.2010-cu il təvəllüdlü Ayan adlı uşaq xx.xx.2020-ci il tarixdə atasından alınaraq anasının himayəsinə verilmişdir. Odur ki, Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında aliment pulunun alınıb tələbkar X9 ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X13 ilə Cavabdeh 11 iyun 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 06 may 2008-ci il tarixdə X17 və 18 yanvar 2010-cu il tarixdə X15 adlı iki uşaqları doğulmuş, sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-120/2019 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 11 iyun 2009-cu il tarixdə bağlanmış rəsmi nikah pozulması, birgə nikahdan doğulmuş 18 yanvar 2010-cu ildə anadan olmuş X10 Cavabdeh alınaraq X9 verilməsi, 06 may 2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 Aytən Namiq qızının himayəsində saxlanılması, 06 may 2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi Akif adlı uşağa münasibətdə 25 sentyabr 2018-ci il tarixdən, Ayan adlı uşağa münasibətdə isə uşaq alınıb verildiyi vaxtdan başlayaraq tutulub X9 verilməsi qət edilmişdir. Hazırda tərəflərin birgə nikahından 06 may 2008-ci ildə anadan olmuş X17 və 18 yanvar 2010-cu ildə anadan olmuş X2 üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının dəyişdirilməsini müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə və cavabdehin rəsmi iş yerinin olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-120/2019 nömrəli qətnaməsi qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün tələbatını əsas götürmüş, hazırda isə bu vəziyyət dəyişdiyindən iddiaçı daha yüksək məbləğdə aliment tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki,cavabdeh hərbçi olmaqla müvafiq hərbi hissədə işləyir,onun əlavə qazancının olması iş materialları ilə təsdiq olunmur.Bununla əlaqədar cavabdehin maddi vəziyyəti daha da yaxşılaşdığı halda, iddiaçı yenidən birinci instansiya məhkəməsinə müraciət edərək alimentin müəyyən olunmuş miqdarının yenidən artırılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(012)-2587/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1855/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1855/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver