Məhkəmə qərarları › İş №2(105)-1857/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1857/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1857/2022 26.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 29 oktyabr 2012-ci il təvəllüdlü X4 və 28 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay üçün müəyyən edilmiş hər uşağa 100 manat cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması hissəsini dəyişdirərək, hər ilin hər ayı üçün minimum məbləğdən az olmayan sabit pul məbləğində hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 29 oktyabr 2012-ci il təvəllüdlü X9 və 28 noyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Qusar rayon Məhkəməsinin 2(029)-1104/2019 saylı 23 noyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların saxlanması üçün hər uşaq üçün hər ay sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Məlum olduğu kimi, uşaq ildən-ilə böyüyür, bununla da onlara sərf olunan xərclər də artır. Cavabdeh tərəfindən hər uşaq üçün aylıq ödənilən 100 manat alimentin isə nəinki uşağın saxlanması, heç bir uşağın xırda ehtiyaclarının cüzi hissəsini belə ödəmir. Ona görə də, hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)- 203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi 29 oktyabr 2012-ci il təvəllüdlü X5 və 28 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan hər uşağa 100 manat alimentin məbləği artırılaraq hər ilin hər ayı üçün minimum məbləğdən az olmayan sabit pul məbləğidə hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manata çatdırılmalıdır. Bundan başqa bildirmişdir ki, o, iddia tələbi üzrə cavabdehlə aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll olunmasını təklif etsə də cavabdeh ilkin mediasiya sessiyalarına gəlməmişdir. Bu səbəbdən də, mediasiya xərci olaraq 50 manat məbləğində pulu da o ödəmişdir. Bu səbəbdən də hesab edir ki, mediasiya xərci olaraq ödədiyi 50 manat məbləğində pul da, cavabdehdən tutularaq ona ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bu 2019-cu ildə təyin edilmiş aliment miqdarından 93 manat artıq məbləğdə müəyyən edilmişdir. Qanunvericiliyin bu tələblərini nəzərə almayan birinci instansiya məhkəməsi uşaqların mənafelərini üstün tutmamış, onların hüquqlarının təmin olunmasını şərait yaratmamış. Məhkəmə cavabdehin maddi vəziyyətinin agır olmasını nəzərə alıb, onun iddiasını təmin etməmişdir. Qusar Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(029)-508/2022 nömrəli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləgv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, bu müddət ərzində cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər rəsmi qaydada 21 dekabr 2012-ci ildə ailə qurmuş, onların bu nikahdan 29 oktyabr 2012-ci il təvəllüdlü Asif və 28 noyabr 2014-cü il təvəllüdlü Alina adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olmayaraq, uşaqların mənafeyini nəzərə almayıb, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin agır olması barədə gətirdiyi dəlili, iddianın rədd edilməsi üçün əsas ola bilməməsini qeyd edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin ediləsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 01 iyun 2022-ci il tarixli 2(029)-508/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(029)-203/2019 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 29 oktyabr 2012-ci il təvəllüdlü X9 və 28 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaga 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun və Cavabdeh 50 (əlli) manat mediasiya xərci kimi ödənilmiş pul alınıb İddiaçı xeyrinə verilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar