Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1858/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1229/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron rayonu X11 xx.xx.2006-cı il tarixli, 19 saylı qərarının surətindən görünür ki, fərdi mənzil tikintisi məqsədilə Qobu qəsəbəsində Cavabdeh1 0,10 ha torpaq sahəsi ayrılmışdır.
2. xx.xx.2014-cü il tarixli, 375281 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 istifadəsində olan Qobu qəsəbəsindəki 0,10 ha torpaq sahəsi və üzərində yerləşən tikintiyə dair bir sıra səlahiyyətləri (o cümlədən sərəncam verməyi) 50 il müddətinə İddiaçı etibar etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-216/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 030621 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçı X2 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,045 ha torpaq sahəsinin 0,0124 ha hissəsindən cavabdehlər X3, 76 m2 hissəsindən X9 və 0,0213 ha hissəsindən X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş AA 028508 nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən iddiaçı X2 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin 82 kv.metr hissəsindən X7 və 78 kv.metr hissəsindən İddiaçı çıxarılmaları qət edilmişdir.
4. Abşeron rayon Polis İdarəsinin TŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh2 barəsində etdiyi şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23000 manat pulun və ödənilmiş 159 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə ev alqı-satqısı ilə məşğul olan Cavabdeh2 və X10 adlı şəxslər ona təqdim etdiyi X6 14 aprel 2006-cı il tarixli, 19 saylı qərarı əsasında 0,10 ha torpaq sahəsinə alqı-satqı etmiş və həmin torpağın müqabilində pulu nəğd qaydada vermişdir. 10000 manat məbləğində pulu qardaşı Samir və mərhum atasının yanında dəllal Cavabdeh2 vermişdir. Rasim pulu Mehdiyev Qabilə verdiyini bildirmiş və sonra onun adına 14 saylı notariat kontorunda torpaq sahəsinə dair etibarnamə vermişdir. Bundan sonra torpaq sahəsinin üzərində öz vəsaiti hesabına yaşayış evi tikilmiş və fərdi yaşayış evinin tikintisinə 13000 manat məbləğində xərc çəkmişdir. Uzun müddət həmin yaşayış evində ailə üzvləri ilə bərabər yaşamışdır. Sonradan Abşeron Rayon Məhkəməsində iddiaçı X8 ona qarşı torpaq sahəsindən çıxarılma və mənzilin sökülməsi tələbinə dair iddia qaldırmış və sahəyə dair reyestrdən çıxarışı məhkəməyə təqdim etmişdir. Bundan sonra Qabil Mehdiyev və Cavabdeh2 tərəfindən aldadıldığını anlamışdır. Arxiv idarəsinə rəsmi müraciət əsasında sənədlərin nə Bələdiyyədə, nə də Abşeron Rayon arxivində olmaması müəyyən edilmişdir. Cavabdehlərin onu aldatması və saxta sənəd yolu ilə torpağı satmasının nəticəsi olaraq, torpaq sahəsi üzərində tikilən evin icra məmurları tərəfindən sökülməsinə dair sənədlər var. Ona cavabdehlər tərəfindən 23000 manat məbləğində maddi ziyan vurulmuşdur. Özü ağ qan xəstəliyindən əziyyət çəkir və bu cür hərəkətlərin nəticəsi olaraq səhhəti pisləşmiş, iş qabiliyyəti zəifləmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1229/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim M.Abbasova).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdehlər mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı qarşısında hər hansı öhdəlik götürməmişlər, bu barədə hər hansı əqd bağlanmamışdır. Torpaq sahəsilə bağlı yeganə əqd Cavabdeh1 iddiaçıya verdiyi xx.xx.2014-cü il tarixli, 375281 saylı etibarnamədir ki, bu sənəddə torpaq sahəsinin dəyəri və bu məbləğin kimin tərəfindən qəbul edilməsi göstərilmir. Torpaq sahəsinə görə Cavabdeh2 2600 manat pul verilməsini yalnız iddiaçının izahatı təsdiq edir ki, məhkəmənin qənaətinə görə bu izahat iddianın təmin edilməsi üçün yetərli deyildir. Torpaq sahəsinə görə pulun verilməsi barədə şahid ifadələri də hazırki mübahisə üzrə mötəbər sübut növü hesab edilmir, bu barədə işdə hər hansı yazılı sübut (qəbz və s.) yoxdur. İşdən, həmçinin görünür ki, iddiaçının inşa etdiyi tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir, yəni bu tikili qanunsuzdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1229/2023 saylı qətnaməsinin ləğv olunmasınıı xahiş etmişdir. Şikayətin dəlilləri:
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən pozuntulara yol verildiyi üçün ləğv olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Abşeron Rayon Qobu Bələdiyyəsi Surasının xx.xx.2006-cı il tarixli 19 saylı qərarının surətindən göründüyü kimi fərdi mənzil tikintisi ilə X5 ayrılan 0,10 ha torpaq sahəsi cavabdeh tərəfindən etibarnamə əsasında torpaq sahəsini İddiaçı satılmışdır. İddiaçı torpaq sahəsi üzərində yaşayış evi tikdirmiş və uzun müddətdir, həmin mənzildə yaşayırlar. İddiaçıya qarşı yaşayış evinin sökülməsi barədə iddia tələbindən sonra iddiaçıya verilən sənədlərin arxivi araşdırımış və bəlli olmuşdur ki, torpaq sahəsi Bələdiyyənin balansında deyil və cavabdehlər onu aldadaraq saxta sənədlər əsasında torpaq sahəsini ona satmışlar. Ən əsası iddiaçı ağ qan xəstəliyindən əziyyət çəkir və illərdən bəri tikdirdiyi yaşayış evi məhkəmə qərarı ilə söküləcək və o əmlakından məhrum qalacaqdır. Polis idarəsinə tərəf barədə yazılan şikayət ərizələrinin nəticəsi olaraq məhkəməyə müraciət edilməsi bildirlmiş və ən əsası cavabdehlər torpağın iddiaçıya satılması faktını təsdiq etsələr də məhkəmə bunu nəzərə almamış və çıxarılan qətnamə ilə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Əgər məhkəmə yerli baxış keçirsəydi ərazinin Qobu Bələdiyyəsinin balansında olmaması və Bələdiyyə ilə əlbir olub cavabdehlərin saxta sənəd çıxarıb torpaq sahəsini satmasının şahidi ola bilərdi. Cavabdehlərin faktı təkzib etməsi bir sual yaradır. O zaman iddiaçı ilə cavabdehləri bağlayan nədir və nə üçün cavabdehin adına olan torpaqda yaşayış evi tikdirmiş və uzun müddətdir üzərində yaşayırlar. Əgər bu torpaq iddiaçı tərəfindən zəbt olunmuşdursa o zaman polis idarəsinə onlarla bağlı şikayət ərizəsi əsasında qarşı tərəf bunu bildirə bilərdi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 sonuncu məhkəmə iclasına gəlməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
18. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
26. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1229/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1229/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. İddiaçı Qədimov X4 Qabil Sabir oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək iddia edir ki, torpaq sahəsinin əldə edilməsi və orada ev inşa etdirməsinə görə cəmi 23000 manat xərci çıxmışdır. Cavabdehlərin ona başqa şəxsin torpaq sahəsini vermələri və bu sahənin sonradan məhkəmə qətnaməsilə ondan alınması nəticəsində cavabdehlər ona 23000 manat ziyan vurmuşlar və həmin məbləğ onlardan müştərək qaydada tutulmalıdır.
34. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdehlər mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişlər, bu barədə hər hansı əqd bağlanmamışdır. Cavabdeh1 iddiaçıya verdiyi xx.xx.2014-cü il tarixli, 375281 saylı etibarnamədir ki, bu sənəddə torpaq sahəsinin dəyəri və bu məbləğin kimin tərəfindən qəbul edilməsi göstərilmir. Torpaq sahəsinə görə Cavabdeh2 2500 manat pul verilməsini yalnız iddiaçının izahatı təsdiq edir ki, birinci instansiya məhkəməsinin haqlı qənaətinə görə bu izahat iddianın təmin edilməsi üçün yetərli deyildir. Torpaq sahəsinə görə pulun verilməsi barədə şahid ifadələri də hazırki mübahisə üzrə mötəbər sübut növü hesab edilmir, bu barədə işdə hər hansı yazılı sübut (qəbz və s.) yoxdur. İddiaçının inşa etdiyi tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd də mövcud deyildir.
35. İddiaçı apellyasiya şikayətinin dəlillərində məhkəmənin yerində baxış keçirməməsini, buna görə də ərazinin Qobu Bələdiyyəsinin balansında olmaması və Bələdiyyə ilə əlbir olub cavabdehlərin saxta sənəd çıxarıb torpaq sahəsini satmasını müəyyən etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbi pul tələbi olmaqla cavabdehlərdən torpaq sahəsi almaq üçün vermiş olduğu 10000 manat və həmin torpaqda fərdi yaşayış evinin çəkilməsinə görə çəkdiyi xərc – 13000 manat olmaqla, cəmi 23000 manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsidir. Lakin iddiaçı torpaq sahəsi almaq üçün qeyd etdiyi məbləğdə pulu cavabdehlərə verməsi, eləcə də sökülməsi qət edilən fərdi yaşayış evinin tikilməsinə çəkdiyi 13000 manat məbləğində vəsaiti cavabdehlərə görə itirməsinə və beləliklə də cavabdehlərin ona maddi zərər vurmasına dair mötəbər sübut təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
37. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X15rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1229/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.