Məhkəmə qərarları › İş №2(105)-186/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-186/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-186/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9266/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9266/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 Cavabdeh1 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 İddiaçı1 qapalı səhmdar cəmiyyətinin xeyrinə 11.548,34 manat əsas borc, 367,99 manat faiz borcu, ümumilikdə 11.916,33 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutulması, tələbin Cavabdeh1 məxsus ** CH *** dövlət qeydiyyat nömrə nişanlı, “TOYOTA PRADO minik” markalı (buraxılış ili 2012, ban-JTEBXFJ80K098913, rəngi-qara) avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 alınaraq İddiaçı1 qapalı səhmdar cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 əsas borc üzrə 11 548,34 manat, faiz borcu üzrə 367,99 manat olmaqla, cəmi 11916,33 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı1 qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan **-CH-*** dövlət qeydiyyat nömrəli, “TOYOTA PRADO minik” markalı (buraxılış ili 2012, ban- JTEBX3FJ80K098913, rəngi-qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı1 qapalı səhmdar cəmiyyətinin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh1 tutulub İddiaçı1 qapalı səhmdar cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək qanunsuz hesablanmış 367,99 manat faizin silinməsi və əsas borcun 11.448,34 manat hesab edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 nümayəndəsi X4 İddiaçı2 499 saylı, xx xxxxxx 2021-ci il tarixli məktubunu təqdim edərək Cavabdeh1 4513 saylı, xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 qapalı səhmdar cəmiyyəti qarşısında olan öhdəliyini icra etdiyinə görə cəmiyyətin iddia tələbindən imtina etdiyini bildirmiş, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 iddiadan imtinası qəbul edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9266/2019 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı2 499 saylı, xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 4513 saylı, xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 qapalı səhmdar cəmiyyəti qarşısında olan öhdəliyini icra etdiyindən iddia tələbindən imtina edərək mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-9266/2019 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, 300 manat “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, cari hesab: AZ53PAHA********************, “PAŞA BANK” açıq səhmdar cəmiyyətinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 iddiadan imtinası qəbul edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 9266/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı1 qapalı səhmdar cəmiyyətinin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı2 Cavabdeh1 qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, 300 (üç yüz) manat “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, cari hesab: AZ53PAHA********************, “PAŞA BANK” açıq səhmdar cəmiyyətinin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar