Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-186/2024 15.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(074)-728/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 04 dekabr 2014-cü il tarixli 639 saylı “Birgə Borclularla” kredit müqaviləsi üzrə 1857,11 manat əsas borcun, 1024,25 manat faiz borcunun, cəmi 2881,36 (iki min səkkiz yüz səksən bir manat otuz altı qəpik) manat və 48,81 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 639 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə, cəmi 5000 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən cavabdehlər tərəfindən 24 ay müddətində 5000 manat əsas borc və ona hesablanmış 2523,36 manat faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş, əsas borcdan 3142,89 manat, faiz borcundan 1499,11 manat ödəniş olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 1857,11 manat, faiz borcu 1024,25 manat, cəmi 2881,36 manat borc təşkil edir. Borcun ödənilməsi tələbi ilə həmin birgə borclulara dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Məhkəmə iclasından iştirak edən Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti bitmiş, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, kreditin müqaviləsinin müddətinin bitməsindən 3 ildən artıq müddət keçməsi nəzərə alınaraq, iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasından iştirak edən Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti bitmiş, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, kreditin müqaviləsinin müddətinin bitməsindən 3 ildən artıq müddət keçməsi nəzərə alınaraq, iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
6. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 639 saylı kredit müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə, illik 27 faizlə 5000 manat məbləğində kredit verilmişdir.
7. Borc barədə arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 639 saylı kredit müqaviləsi üzrə 17 oktyabr 2018-ci il tarixə olan borcu 1957,11 manat əsas, 1024,25 manat faiz, cəmi 2981,36 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli 2(074)-728/2023 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 48,81 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 380.1 və 380.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,14.2, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(074)-728/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən hesab etmişdir ki, İddiaçıQSC-nin Şamaxı filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 04 dekabr 2014-cü il tarixli 639 saylı kredit müqaviləsinə əsasən birgə borclulara verilmiş kreditin son ödəniş müddəti 04 dekabr 2016-cı il tarixdə başa çatmış, birgə borclular tərəfindən isə son ödəniş xx.xx.2019-cu ildə 100,0 manat məbləğində olmuş, iddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiiaçı qanunla həmin mübahisələr üçün müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu əsaslardan çıxış edərək birinci instansiyası məhkəməsi iddianı rədd etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar fizki şəxslərlə güzəştli kredit müqavilələrinin bağlanması banklara tövsiyə olunmuş və həmin ilin sonuna kimi də banklara müqavilələrin bağlanması üçün möhlət verilmişdir. Güzəşt Azərbaycan Respublikası Maliyyə Bazarlarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilən siyahılar əsasında tətbiq edilirdi. Qeyd olunan siyahı İddiaçı QSC-yə 2019-cu ilin dekabr ayının sonunda daxil olduğu üçün İddiaçı QSC ilə borclular arasında güzəştli kredit müqavilələri 2020-ci ilin əvvəlindən başlayaraq davam etmişdir. 2020-ci ilin mart ayının əvvələrində Azərbaycan Respublikasında “Covid 19” koronavirus pandemiyası səbəbindən bu işlərin aparılmasında gecikmələr yaranmışdır. Birinci instansiya məhkəıməsi iddia müddətini tətbiq edərkən yuxarıda göstərilən halları nəzərə almamışdır. Bundan başqa məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin qaydalarını nəzərə almamışdır. Həmin maddədə deyilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəlyin icrasından birtərəfli imtinaya və ya onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda qeyd edilən əssaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. Cavabdeh öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 9, 88, 185.2 və 185.4-cü maddəsinin tələbləri pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
15. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(074)- 728/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
20. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 639 saylı kredit müqaviləsinə əsasən, İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə, illik 27 faizlə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 sonuncu dəfə kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixdə “Aqrarkredit SKT” Şamaxı filialına 100 manat ödəniş etmişdir.
22. İş materiallarına əlavə edilən cavabdehlərin məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdehlər iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi qənaətinə gələrək iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2016-cı il tarixdən başlanmışdır. Birgə borclular tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 100 manat ödəniş edilsə də iddiaçının mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
25. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(074)-728/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.