Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1862/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə ilk, Cavabdeh İddiaçı qarşı uşaqla ünsiyyət hüququnun verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-73/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qubadlı Rayon Məhkəməsinin 2(028)-73/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi hər iki iddia qismən təmin edilmiş, Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Laçın Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, hər ay 130 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri saat 12:00-dan saat 17:00-ə qədər ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət olunmuş, qalan hissələrdə iddialar rədd edilmişdir. (Hakim V.Ruvinov) Qətnamədən ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-73/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ilk iddia hissəsində dəyişdirilməsini, ilk iddianın tamamilə təmin edilməsini, qarşıqlıqlı iddianın təmin edilməsi hissəsində isə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Laçın Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, ondan hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlk iddia bununla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2015-ci ildə nikaha daxil olmuşlar və həmin nikahdan onların bir uşaqları vardır. Laçın Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş və Cavabdeh birgə nikahdan olan Səmra adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı uşağı saxlamağda çətinlik çəkir, çünki uşağının tələbatları artır. Buna görə də alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı inzibati məsuliyətə cəlb edilməsi və birgə nikahdan 05.11.2016-cı ildə doğulmuş Səmra adlı uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-69 saylı, 08.05.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri saat 12:00-dan saat 17:00-ə qədər ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı 18.02.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-69/19 saylı, 08 may 2019-cu il tarixli qətnaməsinin icrasına azyaşlı qızı X3 06 yaşınadək möhlət verilməsinə dair qərardad çıxarılmasını xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir. Buna baxmayaraq, İddiaçı onun uşağı ilə görüşməsinə şərait yaratmır. Alimentin artırılması ilə bağlı İddiaçı Laçın Rayon Məhkəməsinə müraciət etməlidir. Eyni zamanda, onun ikinci nikahdan uşağı olmuşdur. Göstərilənlərə əsasən ilk iddia rədd olunmalı, qarşılıqlı iddia isə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 130 manat həddində alimentin artırılması barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına, habelə “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa uyğun deyil. Qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində də qətnamə qanunsuzdur, çünki bu tələbə Qubadlı Rayon Məhkəməsinin 2(028)-69/19 saylı, 08 may 2019-cu il tarixli qətnaməsilə artıq qiymət verilmişdir və onun yenidən təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ilk iddia hissəsində dəyişdirilməli, ilk iddia tamamilə təmin edilməli, qarşıqlıqlı iddianın təmin edilməsi hissəsində isə qətnamə ləğv edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilk iddia üzrə iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, ilk iddia üzrə cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin nikahları pozulmuş və Cavabdeh birgə nikahdan 05.11.2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Yenə iş materiallarında olan Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında AZ-İİİ 787031 saylı şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 05.11.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yenə də iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 325539 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 30.03.2019-cu ildə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Qədirova soyadı verilmişdir. İşə əlavə edilmiş Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında AZ-İV 476254 saylı şəhadətnamənin surətindən görünür ki, X5 17.07.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X1r. Yenə işdə olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-69/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsindən çıxarışdan görünür ki, ilk iddia qismən təmin edilmiş, Cavabdeh 05.11.2016-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri saat 12.00-dan saat 17.00 qədər ünsiyətdə olmaq hüququnun verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Yenə də işdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(105)-3159/2019 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-69/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Qubadlı Rayon Məhkəməsinin 8(028)-03/2020 saylı, 27 fevral 2020ci il tarixli qərardadından görünür ki, həmin məhkəmənin 2(028)-69/2019 saylı, 08 may 2019cu il tarixli qətnaməsinin icrasına uşağın 6 yaşa çatanadək möhlət verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Yenə işə əlavə edilmiş iş yerinə dair 06 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Qədirov X4 rayon İcra Hakimiyyəti MKTİİTB-də 29 may 2012-ci ildən işləyir. Hazırda mühəndis vəzifəsində çalışır və ayda 294 manat əmək haqqı alır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-73/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qarşılıqlı iddia hissəsində isə qətnamə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 23.10.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 05.11.2016-cı il tarixdə X7 adlı uşaq olmuşdur. Laçın Rayon Məhkəməsinin 28.02.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və Cavabdeh birgə nikahdan 05.11.2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Laçın Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, ondan hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmiş, məhkəmə iddianı 130 manat həddində təmin etmiş, Cavabdeh bu məbləği mübahisələndirməsə də, İddiaçı şikayətində alimentin 175 manat məbləğində artırılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ilk iddianı qismən təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Valideynlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, cavabdehə qarşı alimentin miqdarına dair yeni iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hazırki halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk iddia üzrə iddiaçının “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa istinad etməsi əsassızdır, çünki iş materiallarından da görünür ki, tərəflər arasındakı nikah pozulduqdan sonra Cavabdeh yenidən nikaha girmiş və bu nikahdan onun Məleykə adlı uşağı olmuşdur, yəni onun maddi vəziyyəti daha da ağırlaşmışdır. Lakin alimentin 130 manata qaldırılması barədə məhkəmə qətnaməsindən Cavabdeh şikayət vermədiyindən, məhkəmə kollegiyası aliment miqdarının bu qaydada artırılmasını məqbul hesab edir. İşdən həmçinin görünür ki, Cavabdeh qarşılıqlı ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı inzibati məsuliyətə cəlb edilməsi və birgə nikahdan 05.11.2016-cı ildə doğulmuş Səmra adlı uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, məhkəmə qarşılıqlı iddianı qismən təmin etmiş, həmin hissədə də qətnamə İddiaçı tərəfindən mübahisələndirilmişdir. İş materiallarından görünür ki, işə baxan məhkəmə qarşılıqlı iddianın icraata götürülməsi məsələsini həll etmədən, ona mahiyyəti üzrə baxmış və heç bir əsaslandırma aparmadan Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri saat 12:00-dan saat 17:00-ə qədər ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Yenə həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata götürmədən həmin tələb üzrə nəticəyə gəlmiş, lakin MPM-in 220.4-cü maddəsinin tələblərini pozaraq qətnamədə bunu əsaslandırmamış, bu barədə heç bir maddi hüquq normasına istinad etməmişdir. AR MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Digər tərəfdən, iş materiallarından görünür ki, oxşar tələblə Cavabdeh daha əvvələr məhkəməyə müraciət etmiş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-69/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsilə ona 05.11.2016-cü il təvəllüdlü X7 ilə hər həftənin şənbə günləri saat 12.00-dan saat 17.00 qədər ünsiyətdə olmaq hüququ verilmişdir. Hazırda isə, Cavabdeh qarşılıqlı iddiasında həmin tələblə çıxış etsə də, lakin İddiaçı inzibati məsuliyətə cəlb edilməsini də tələb edir. Məhz buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddia hissəsində işin icraatına MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi nəticəsinə gələ bilmir və qarşılıqlı iddianı təmin etmir. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, Cavabdeh uşağı ilə ünsiyyətdə olma hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə tanınmışdır və o, həmin qətnamənin icra olunmasını tələb etməli, icraya borclu tərəfindən maneələr yaradılacağı təqdirdə isə onun inzibati və s. məsuliyyətə cəlb edilməsinə nail olmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşı uşaqla ünsiyyət hüququnun verilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd olunmalıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı həm ilk iddiasının, həm də apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla məhkəmə iclasında qismən sübuta yetirə bilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X11rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-73/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qarşılıqlı iddia hissəsində isə qətnamə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər, yaxud həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-73/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə çıxarılsın. İddiaçı inzibati məsuliyətə cəlb edilməsi və birgə nikahdan 05.11.2016-cı ildə doğulmuş Səmra adlı uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə, ilk iddianın qismən təmin edilməsi, yəni Cavabdeh 05.11.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Laçın Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, hər ay 130 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1862/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1862/2021
02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver