Məhkəmə qərarları › İş №2(105)-1862/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1862/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1862/2024 12.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(060)-1976/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində borcun və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 1600 manat məbləğində borcun və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(060)- 1976/2020 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 1600 (bir min altı yüz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1630 (bir min altı yüz otuz) manat pulun tutulması qət edilmişdir.

4. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(060)-1976/2020 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

5. Cavabdeh apellyasiya şikayətinin mümkün hesab edilərək, işin məhkəmə baxışına təyin edilməsi barəqə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 361.1.4. Şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.1.5. Şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. Maddə 361.1.6. Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. Maddə 363.1.1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(060)-1976/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357- 364-cü maddələrinin tələbləri baxımından qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətində prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, bundan başqa apellyasiya şikayətinin mətnində uyğunsuzluqlar, apellyasiya şikayəti verən şəxsin tələbinin nədən ibarət olması göstərilməmişdir.

9. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hallara əhəmiyyət verməmiş, şikayəti geri qaytarmalı olduğu halda bunu etməmiş, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

10. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

11. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(060)-1976/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verdiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar