Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1865/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh Nurəli oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin Cavabdeh Nurəli oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(060)-3373/2020 saylı qətnaməsindən Cavabdeh Nurəli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(060)-3373/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Ləğv prosesində olan QSC «xxxx» KB ilə Cavabdeh Nurəli oğlu arasında bağlanmış 04.04.2014-cü il tarixli, 100/14/64549/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh Nurəli oğlundan 2497,97 (iki min dörd yüz doxsan yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 919,41 (doqquz yüz on doqquz manat, qırx bir qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 367,50 (üç yüz altmış yeddi manat, əlli qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 3784,88 (üç min yeddi yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-yə ödənilməsi qət edilmişdir (hakim G.C.Tanrıverdiyeva). Qətnamədən Cavabdeh Nurəli oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB ərizə ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh Nurəli oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə 2497,97 (iki min dörd yüz doxsan yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 919,41 (doqquz yüz on doqquz manat, qırx bir qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 367,50 (üç yüz altmış yeddi manat, əlli qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 3784,88 (üç min yeddi yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh Nurəli oğlu apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı ilə arasında 04.04.2014-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. Lakin az müddət sonra o, işdən çıxarıldığı üçün kredit ödənişlərini həyata keçirə bilməmiş və bankdan xahiş etmişdir ki, həmin bankda olan ipoteka krediti ilə borc birləşdirilsin və bir yerdə tutulsun. Bank əməkdaşı həmin borcun ipoteka krediti borcu ilə birləşdiriləcəyini bildirmiş və o da hər ay ipoteka kreditlərini ödəmiş, həmin borcun içində bu borcun da tutulduğunu bilmişdir. Belə ki, kredit borcu 2014-cü ildə yarandığı halda 2020-ci ilin sentyabr ayına kimi həmin borca görə heç kəs onu narahat etməyib, borcun qalması barədə xəbərdar edilməmişdir. Lakin bank ona faiz və cərimələr hesablamaqda davam etmişdir. 2021-ci ilin fevral ayında əmək haqqını alarkən (aylıq əmək haqqı 450 manat təşkil edir) həmin məbləğdən 40 faizin tutulduğunu görmüş və bunun səbəbi ilə maraqlandıqda isə məlum olmuşdur ki, məhkəmə iştirakı olmadan işə baxaraq belə bir qətnamə qəbul etmişdir. Halbuki əmək haqqının 40 faizinin xəbərdar edilmədən tutulması onun üçün bir sıra problemlər yaratmışdır. O, ailənin yeganə gəlir gətirənidir, himayəsində 2 azyaşlı övladı vardır, bundan başqa kredit ödənişi də vardır. Belə olan təqdirdə onun düşəcəyi ağır vəziyyət, maddi sıxıntı icra məmurunu maraqlandırmamış, onun gəlirəri ilə yanaşı aylıq məsrəfləri nəzərə alınmamışdır. Hesab edir ki, qətnamə tam qanunsuzdur, belə ki, həmin kredit məbləği 2014-cü ilin aprel ayında götürülmüş və kredit müddəti 36 ay müəyyən olunmuş, həmin 3 illik müddət 2017-ci il aprel ayının 4-də başa çatmışdır, lakin iddiaçı kredit müddəti başa çatandan sonra 3 illik iddia müddətini pozmuş, 2020-ci ilin aprel ayında müddət bitdiyi halda 2020-ci ilin sentyabr ayında məhkəmədə hazırki iddianı qaldırmışdır. AR MM-nin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Hesab edir ki, iddiaçı iddia tələbini iddia müddətini ötürməklə qaldırmış və bu da iddia tələbinin rədd edilməsi üçün əsaslardan biri olmuşdur. Lakin o, məhkəmə prosesinə dəvət edilmədiyi və məhkəmə bu işə onun iştirakı olmadan baxdığı üçün həmin iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum edilmişdir. Bundan başqa qeyd edilən məbləğ 2014-cü ildə götürüldüyü üçün kredit Prezident Fərmanının təsiri altına düşsə də ona münasibətdə həmin fərmandan irəli gələn güzəşt tətbiq olunmamışdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydası müəyyən olunmuşdur. Həmin Fərmana əsasən fiziki şəxslərin banklara 17.000 manata və 10.000 ABŞ dollarınadək olan borcları onun təsiri altına düşmüş hesab edilmişdir. Həmin fərmanla banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi həvalə edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(060)-3373/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L MƏ S Ə L Ə L Ə R : İş üzrə iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakıçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 04.04.2014-cü il tarixli, 100/14/64549/14 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh Nurəli oğluna QSC «xxxx» KB tərəfindən illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 2500 manat məbləğində istehlak krediti verilmişdir. İşdə olan 24.02.2020-ci il tarixli, **********219 saylı maliyyə arayışından görünür ki, Cavabdeh Nurəli oğlunun Ləğv prosesində olan QSC «xxxx» KB-yə 04.04.2014-cü il tarixli, 100/14/64549/14/1 saylı kredit müqaviləsi üzrə 18.02.2020-ci il tarixə 2497,97 manat məbləğində əsas borc, 919,41 manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 367,50 manat məbləğində faiz məbləği, ümumilikdə isə 3784,88 manat məbləğində borcu vardır. İşdə olan 19.03.2020-ci il tarixli, **********728 nömrəli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Nurəli oğluna yazılı bildiriş ünvanlanmışdır. Müəyyən edilmişdir ki, tərəflər arasında 04.04.2014-cü il tarixli, 100/14/64549/14 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh Nurəli oğlu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin Müqavilə hüququadlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün halları üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 2497,97 manat əsas kredit borcu və 919,41 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi illik 5 faiz dərəcəsi ilə hesablanmış 367,50 manat faiz borcunun cavabdehdən tutulması hissəsində də əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, cavabdeh məhkəmə iclasında məlumatı olmaması, iddia müddətinin ötürülməsi bildirsə də, məhkəmə kolelgiyası qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, cavabdeh xəbərnaməyə imza etməklə məhkəmə bildirişlərini alsa da məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda iddiaçı müddətinin tətbiqi barədə ərizə ilə də birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(060)-3373/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1865/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1865/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver